Yuxarı

“Qərb Azərbaycana manevr imkanları vermir”

“Qərb Azərbaycana manevr imkanları vermir”

[caption id="attachment_1238" align="alignleft" width="328"]ilqar velizade İlqar Vəlizadə: “Lakin bu münasibətlərdə tam qırılma da gözləmirəm”[/caption]

Rusiyanın Qərb dövlətləri və institutları-ABŞ, Aİ və eləcə də NATO ilə münasibətləri gərginləşdikcə, dünyanın siyasi sferasındakı qütbləşmə daha da sürətlənir. Dünya ekspertlərinin bir çoxu da bu fikirdədir ki, 1980-ci illərin sonunda bitdiyi düşünülən “Soyuq müharibə” artıq geri qayıdır. BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyası çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşündə müəyyən qədər “istilik” hiss olunsa da, Rusiyanın ABŞ-ın razılığı ilə Suriyada başladığı hava əməliyyatları qınaqla və qalmaqallı iddialarla müşayiət olundu.

Digər tərəfdən, Rusiya və Türkiyə arasındakı münasibətlərin də gərginləşdiyi hiss olunur. Belə bir zamanda, xüsusilə də son aylar Azərbaycanın Qərb institutları ilə “yola getmədiyini” nəzərə aldıqda, mövqe seçməklə bağlı Bakıya da təzyiqlərin edilməsi, ya da Bakının özünün seçim qarşısında qalması istisna deyil. Bəzi politoloqqlar düşünür ki, artıq Azərbaycan və Qərb arasında bütün bağlar qopub, Rusiya ilə yaxınlaşma isə qaçılmazdır. Hətta bu “yaxınlaşma”ya Ankaranın belə əngəl törədə bilməyəcəyi deyilir.

Bu iddialar və proqnozlar özünü nə qədər doğrulda bilər? Həqiqətənmi, Bakı belə bir riskə gedəcək? Söhbət həm beynəlxalq əhəmiyyətli layihələrin taleyini şübhə altına salmaqdan, həm NATO üzvü Türkiyəni küsdürməkdən, həm də Dağlıq Qarabağ münaqişəsi həllini tapmamış Rusiyanın “protektorat”ına çevrilməkdən gedir. Azərbaycan Rusiyanın tam protektoratına çevrilməsə də belə, hər hansı yaxınlaşma həm də daxildə narahatlıqlara səbəb ola bilər. Belə ki, son 20 ildə az da olsa, Avropaya inteqrasiya prosesində müəyyən irəliləyişlər əldə olunub, intellektual kəsimin böyük hissəsini  isə məhz “Avrointeqrasiya”  tərəfdarları təşkil edir. Bu və digər şübhə doğuran məqamlara aydınlıq gətirməyə çalışan politoloq, “Qafqaz Politoloqlar Klubu”nun rəhbəri İlqar Vəlizadə Qərblə Azərbaycan arasında münasibətlərin gərgin olması ilə razılaşsa da, Rusiya ilə yaxınlaşma məsələsində “absolyut” mövqedən çıxış etməyib.

avropa parlamentiOnun sözlərinə görə, Qərb Azərbaycana manevr imkanları vermir və Avropanın, ABŞ-ın müxtəlif siyasi dairələrindən Azərbaycana qarşı təzyiqlər artmaqda davam edir: “Lakin bir məsələ var ki, bu, heç də ümumavropa və ya ümumamerika xarakteri daşımır. Qərbdə Azərbaycanla əməkdaşlığa maraqlı dairələr də var. Azərbaycan Aİ-nin və NATO-nun bəzi ayrı-ayrı üzv-ölkələri ilə normal münasibətlər saxlayır. Siyasi müstəvidə Qərblə münasibətlər ürəkaçan səviyyədə olmasa da, iqtisadi baxımdan bu əməkdaşlıq yaxşı səviyyədə qalır. Hələ ki, nə Qərb, nə də Azərbaycan bu münasibətləri qırmaqda maraqlı deyil. Qərb də başa düşür ki, Azərbaycana çox təzyiqlər edilsə, bunun nəticəsi yaxşı olmaz və nəticədə strateji əhəmiyyətli bir ölkə “əldən çıxar”. O, Azərbaycanın Rusiya ilə mövqeyinin bir çox məsələdə, xüsusən də təhlükəsizlik və terrora qarşı mübarizə məsələsində üst-üstə düşdüyünü bildirib: “Bu günlərdə Rusiyanın İŞİD mövqelərini Xəzər dənizindən vurmasını müşahidə etdik. Çox güman ki, həmin raketlər məhz Azərbaycana aid sulardan atılıb və Bakının da bundan xəbəri, razılığı var. Bakı İŞİD-lə və ya digər terror qrupları ilə mübarizədə istər ABŞ, istərsə də Rusiya ilə əməkdaşlıq edir. Hətta gözləyirəm ki, irəlidəki günlərdə Suriya məsələsində rəsmi Bakı daha fəallıq göstərəcək. Lakin Qarabağ məsələsində Rusiyanın mövqeyi aydın olmadığından, Azərbaycanın Rusiyanın yanında Avrasiya İqtisadi Birliyi və ya digər layihələrdə iştirakı real görünmür. Hazırda Avropa və ABŞ-la münasibətləri tamamilə kəsib başqa səmtə yönəlmək Bakıya da sərf etmir.”

İlqar Vəlizadə deyir ki, əvvəlki kimi balansı və tarazlığı qorumaq bir qədər çətin olsa da, rəsmi Bakı tamamilə Qərbdən üz döndərməyəcək, lakin İran və Rusiyanı da qıcıqlandırmamaq üçün, Gürcüstan kimi qərbmeyilli xətti "tutub getməyəcək".

“Azərbaycan NATO-nun aktiv tərəfdaşı deyil. Lakin digər tərəfdən də Azərbaycanın Türkiyə ilə münasibətləri, Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü formatında səmərəli bir əməkdaşlıq nümunəsi var və bu baxımdan Bakı vasitəli şəkildə NATO ilə də əməkdaşlığını davam etdirir. Rusiyanın rəhbərlik etdiyi KTMT ilə isə heç bir şəkildə birbaşa əməkdaşlıq təcrübəsi yoxdur. Yalnız ayrı-ayı üzv ölkələrlə olan ikitərəfli sazişləri qeyd etmək olar”, - deyə politoloq əlavə edib.

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları