Yuxarı

“Səhvimiz  gördüyümüz işlər barədə Yaqlanda məlumat verməməyimizdir”- Novella Cəfəroğlu

“Səhvimiz  gördüyümüz işlər barədə Yaqlanda məlumat verməməyimizdir”- Novella Cəfəroğlu

novella_ceferoglu_311014

Avropa Şurası (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxdığını bəyan edib. Bu bəyanatla AŞ baş katibinin mətbuat katibi çıxış edib. Bəyanatda deyilir: “Avropa Şurasının baş katibi Torbörn Yaqland bu gün - oktyabrın 7-də AŞ Nazirlər Kabinetini Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundakı iştirakına son qoyması barədə məlumatlandırıb. AŞ-nin nümayəndəsi 2014-cü ilin oktyabrından bəri qarşısına Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bərpa olunmasını məqsəd qoyan Bakı görüşlərində iştirak edib.

Lakin bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət dramatik şəkildə pisləşib. Həbs edilən hüquq müdafiəçilərinin sayı artıb. Avropa Şurası isə onların saxlanma şəraitinin qeyri-məqbul olmasına dair narahatlıq doğuran məlumatlar alır. AŞ baş katibi bütün bunlarla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevi də öz qərarı barədə məlumatlandırıb”.

Avropa Şurasının baş katibi Torbörn Yaqland öz tvitter səhifəsində isə "təəssüflər olsun ki, mən Azərbaycanda insan haqları üzrə birgə işçi qrupunda Avropa Şurasının iştirakını ləğv etmişəm",- deyə bildirib. Yaqland qeyd edib ki, Avropa Şurası Azərbaycanda insan haqları üzrə birgə işçi qrupunun tərkibindən çıxıb. Onun sözçüsünün BBC -yə bildirdiyinə görə, bu, Azərbaycanla dialoqun sonu demək deyil. “Amma ölkədə insan haqlarının vəziyyəti pisləşəndə aydın olur ki, bu görüşlərin mənası yoxdur".

“Qərar seçki ilə bağlı deyil”

Avropa Şurasının kommunikasiyalar üzrə direktoru və baş katibin mətbuat katibi Daniel Holqten isə Trend-ə deyib ki, AŞ Azərbaycanla insan haqları üzrə birgə işçi qrupundan çıxmaq qərarı AŞ-nin Parlament Assambleyasının noyabrın 1-də keçiriləcək Azərbaycan parlamenti seçkiləri üzrə müşahidə missiyası ilə bağlı deyil.

Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov isə bildirib ki, Azərbaycan istənilən tərəfin seçkiləri müşahidə etməsinə həmişə açıqdır: Onun sözlərinə görə, hər məsələni seçkiyə aid etmək də düzgün deyil. Artıq seçkilərə az qalıb, tərəfimizdən bu istiqamətdə fəaliyyət daim olub və indi də davam edir. Əsas məqsədimiz seçkiləri hansısa qurumların maraqlarına görə deyil, xalqımızın maraqlarına görə keçirmək, seçicilərin hüquqlarının təmin edilməsini yüksəltməkdir. Ona görə də seçki prosesinin daim təkmilləşdirilməsinin şahidi oluruq. Biz həmişə seçkilərin müşahidə edilməsi üçün şərait yaratmışıq...”

İşçi qrup bəyanat yaydı

İnsan hüquqları məsələləri üzrə birgə işçi qrup bəyanat qəbul edib: Bəyanatda deyilir: “2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılıb. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulayıb...

Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə edib və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlayıblar. Bundan əlavə, birgə işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilmiş, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilib.

Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilmiş, 1 nəfərin cəza müddəti azaldılıb.

Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət edib. Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər...”

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirdi ki, İnsan Hüquqları üzrə İşçi qrupun bir illik fəaliyyəti dövründə xeyli iş görülüb. Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə işçi Qrup Avropa Şurası ilə əməkdaşlıqdan əvvəl də fəaliyyət göstərib: “İşçi Qrup həm Prezident Administrasiyası, həm prokurorluqla danışıqlar aparır, işlər görülür. Mən hesab edirəm ki, işçi qrupun fəaliyyətini dayandırmaq olmaz. Əgər bir sadə vətəndaşa köməklik göstərilirsə, bu, təqdirəlayiqdir. Qrupda olanlar təcrübəli hüquq müdafiəçiləridirlər. Bir il ərzində 50-yə yaxın insana yardım edilib. İşçi qrupun fəaliyyəti nəticəsində bir neçə nəfər həbsdən azad edilib, bir neçəsinin cəzası azaldılıb, evindən qanunsuz çıxarılanlar evinə qaytarılıb. Lakin bizim səhvimiz o oldu ki, gördüyümüz işlər barədə Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda məlumat verməmişik”.

Cavad





Həftənin ən çox oxunanları