Yuxarı

Yaxın və Orta Şərq: nə baş verir?

Yaxın və Orta Şərq: nə baş verir?

(IV yazı)

suriya1Yaxın Şərqdən qorxulu məlumatlar gəlməkdə davam edir. Oktyabrın 6-da (2015) yayılan xəbərlərdən belə aydın oldu ki, Rusiya təyyarələri növbəti dəfə Türkiyənin hava sahəsini pozub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla əlaqədar Ankara və Moskva arasında münasibətlərin gələcəyinə toxunaraq bildirib ki, «istəmədiyimiz bəzi addımları atmalı olmuşuq».  Bu bəyanatın ardınca «bəzi addımlar»ın nə anlama gəldiyinə açıqlıq gətirən Türkiyənin baş naziri Rusiya təyyarələrinin vurulacağı ilə bağlı xəbərdarlıq edib. Rusiya səfiri son günlər ikinci dəfə diplomatik xəbərdarlıq üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Moskvaya xəbərdarlıq şəklində bildirib ki, Türkiyə ölkənin hava sahəsini pozan təyyarələri vuracaq. Rusiyanın Müdafiə nazirliyi öz növbəsində insidentin guya pis hava şəraitindən baş verdiyini və burada heç bir qəsdin olmadığını söyləyib.  Fəqət NATO yetkililəri bu fikirlə razılaşmırlar. Təsadüfi deyil ki, bu qurumun baş katibi Cens Stoltenberq bildirib ki, hava hövzəsinin pozulması hallarının təsadüfi olduğu inandırıcı deyil. Onun sözlərinə görə, müxalif qrupların hücumlara məruz qaldığı və "mülki vətəndaşlar həyatını itirdiyi" səbəbindən Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması ilə bağlı narahatlıqlar artmaqdadır.

Rusiya III Dünya savaşını körükləməkdə davam edir...

Oktyabrın 7-də (2015) yenə də Rusiya ilə bağlı daha bir əndişəli xəbər yayıldı. Belə ki, həmin gün “RİA Novosti” xəbər yaydı ki, Rusiyanın Xəzər Dəniz Donanmasının 4 gəmisi bu gün səhər saatlarında Suriyadakı «İŞİD yaraqlılarının mövqeləri»nə 26 raket zərbəsi endirib. Bütün hədəflər məhv edilib. Mülki əhali arasında tələfat yoxdur. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı məlumat verib. O bildirib ki, “yaraqlıları məhv etmək üçün aviasiya ilə yanaşı, bu gün Xəzər donanmasının gəmiləri də əməliyyata cəlb olunub. 4 raket kreyseri 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib. Bu zərbələrin nəticələri daha uzaq məsafələrə - təxminən 1500 kilometr məsafəyə hesablanan raketlərin effektivliyini bir daha göstərdi”. Görüşdə V.Putin qeyd edib ki, belə növ münaqişələr siyasi məsələlərin həll edilməsi ilə başa çatmalıdır: "Rusiyanın Hava Kosmik Qüvvələri Suriya ordusunun quruda İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyəcək… Suriyada əməliyyatların nəticələrinə yekun vurmaq tezdir, lakin artıq görülmüş işlər yüksək müsbət qiymətə layiqdir». Maraqlıdır ki, rusların «Suriya ordusu» adlandırdığı, əslində isə, Hizbullah terrorçularının və başıpozuq ələvi dəstələrinin yığnağından başqa bir şey olmayan və İranlı generallar tərəfindən yönləndirilən «ordu» heç bir yerdə İslam Dövləti ilə üz-üzə durmayıb və hər yerdə onun qarşısında, yəni qarşı cəbhədə yer alan ABŞ və Türkiyənin dəstəklədiyi Birləşmiş Suriya Müxalifətidir. Yenə də İŞİD-dən bəhanə kimi istifadə edilir. Əsil məqsəd isə tam aydındır: ABŞ və Türkiyə başda olmaqla NATO-ya gözdağı vermək. Yəni ruslar bildirirlər ki, lazım gələrsə, nüvə silahından da istifadə edə bilərlər.

Çox güman ki, rusların bu sərt addımı Hama şəhərində aralarında bir rus generalının da olduğu onlarla Əsəd əsgərinin məhv edilməsinə cavab olub. Məlumat üçün bildirək ki, həmin gün Hama şəhərində  Fəth ordusu ilə Əsəd əsgərləri arasında  döyüş baş vermiş və şəhərin şimalında bir rus generalı öldürülmüşdür. Xatırladaq ki, Suriya müxaliflərinin birləşdiyi Fəth ordusu Türkiyə tərəfindən dəstəklənir və bu ordunun komandirləri 2016-ci ilin yayında Türkiyəyə rəsmi səfər etmişdilər.

İraq şiələri ABŞ və İranın təkidlərinə baxmayaraq, İslam Dövlətinə qarşı savaşmaqdan çəkinir...

Bölgədən tükürpədici xəbərlərlə yanaşı, ilginc xəbərlər də gəlməkdədir. Belə görünür ki, Rusiya tərəfindən kartları qarışıq salınan Qərb koalisiyasının, daha dəqiq desək, ABŞ-ın başı təkcə Suriyada deyil, İraqda da dərddədir. Məsələ burasındadır ki, ABŞ-ın İslam Dövlətinə (İŞİD) qarşı vuruşmaq üçün təlim keçdiyi və ən modern silahlarla təmin etdiyi İraq şiələri ABŞ və İranın çoxsaylı təkidlərinə baxmayaraq, Ramadi şəhərini mücahidlərdən geri almaq üçün hücuma keçməyə tələsmir. Onlar vaxtlarını Bağdadın və Nəcəfin çevrəsində, eləcə də Fərat çayı boyu qazılmış səngərlərdə keçirməyə və başlarını təhlükəyə soxmadan, ABŞ və İran tərfindən onlara verilən maaşları həftəbəhəftə alıb ailələrinə göndərməyə üstünlük verirlər. Ölkənin şimal bölgələrinə, kürd peşmərgələrinə dəstək vermək üçün göndərilən İraqlı şiə əsgərlər isə həmdinlərinə, yəni sünni müsəlmanlara qarşı savaşmaqdan imtina edərək, hər imkanda Türkiyəyə qaçmağa üstünlük verirlər.

Oktyabrın 7-də (2015)  yayılan xəbərlərdən belə aydın oldu ki, bir gün əvvəl İraq  ordusunun 900  şiə əsgəri Türkiyəyə sığınıb. «Avropa.info»nun yaydığı  xəbərə görə,  «İraq ordusundan qaçan 900 nəfər əsgərin Türkiyədə Yayladağı Jandarma Komandanlığında saxlanıldığı qeyd edilib. Belə ki, Yayladağı sərhəd xəttindən qaçaq yolla Türkiyəyə keçməyə  çalışarkən yaxalananlar arasında İraq ordusunun zabitlərinin də olduğu məlum olub. Qaçan hərbçilər ailələri ilə birlikdə Türkiyə ərazisinə keçiblər və Avropaya getmək istəyirlər. Türkiyənin isə bu tələbi  rədd etdiyi  bildirilir».

İraq şiələri vuruşmaqdan niyə imtina edirlər?

Bu sualın biri real-siyasi, digəri isə mistik olmaqla, iki cavabı var. Real-siyasi cavab ən modern ABŞ silahları ilə silahlanmış və İranlı general və zabitlərin başçılıq etdiyi 25 minlik İraq şiə ordusunun Ramadidə cəmi 700 İŞİD-çinin qarşısında tab gətirməyərək, silahlarını və hərbi texnikanı ataraq qaçdığı gün məlum olmuşdu. Məlum olmuşdu ki, İraq şiələri ABŞ və İranın imperialist məqsədləri uğrunda ölümə getmək istəmirlər. Elə bu səbəbdən də oktyabrln 7-də İran ABŞ-ın havadan verdiyi dəstəyə arxalanan İranlı generallar Pakistan və Əfqanıstandan gətirdikləri şiə muzdluları ilə birlikdə Ramadiyə hücumu özləri təşkil etmək məcburiyyətində qalıblar. İran və İraqın informasiya agentliklərinin yaydığı xəbərə görə, hazırda şəhər uğrunda qızğın döyüşlər gedir və guya şiə qoşunu şəhərin mərkəzinə doğru irəliləyir. Fəqət müstəqil mənbələr xəbəri təsdiq etməyiblər.

İraq şiələri niyə döyüşmək istəmirlər?

Sualın bir də mistik cavabı var. Məsələ bundadır ki, Ər-Ramadi ilk dəfə şiə qoşunları tərəfindən tam mühasirəyə alındığı və hücum əmri göszlədiyi gün gözlənilmədən qum fırtınası qopmuş, nəticədə İŞİD mövqelərini bombardman etmək üçün havaya qaldırılmış ABŞ təyyarələri hədəfi görə bilmədiyindən geri dönməyə məcbur olmuş, əməliyyata başçılıq edən İranlı zabitlər də çaş-baş düşərək situasiyaya nəzarəti itirmiş, mücahidlər isə bundan istifadə edərək, gözə dəymədən şiə mövqelərinə hücum etmişdilər. Özləri hücuma hazırlaşdıqları bir anda hücuma məruz qalan ordunun əsgərləri arasında panika yaranmış, ordu pərən-pərən düşmüş və əsgərlər panika içində qaçmağa üz tutmuşdular.

Bundan sonra şiələr arasında belə bir fikir yayıldı ki, Allah sünnilərə (İŞİD-ə) kömək edir və onların tərəfindədir. Allaha qalib gəlmək isə mümkün deyil. Əlbəttə, bu fikir, bəlkə də, tez bir zamanda öz təsir gücünü itirər və vəziyyət dəyişə bilərdi. Lakin İraqın istər sünni, istərsə də şiə müsəlmanları çox dindardırlar və özlərinin səhih saydıqları hədislərə çox inanırlar.  Şiələrin üstünlük verdikləri hədislərin bir qismi sünnilərin mötəbər saydığı hədislərlə eyni olsa da, əksəriyyəti fərqli mahiyyətdədir və onların da əksər hissəsi «Bihar ül-Ənvar» kitabında toplanıb. Bu kitabdakı hədislərin bəzisində Axır-Zamanda, Həzrət Mehdinin (ə) zühurundan əvvəl onun imam Yamani Həsən Əhməd adında bir naibi peyda olacağı və Mehdinin (ə) gəlişini hazırlayacağı bildirilir.

İşin ən qəribə tərəfi budur ki, həm sünnilər, həm də şiələr özlərinin mötəbər saydıqları hədislərə əsaslanaraq, Axır - Zamanda olduğumuza və Həzrət Mehdinin (ə) yaxın zamanda, ondan bir müddət sonra da Həzrət İsanın (ə) zühur edəcəyinə inanırlar. Eyni fikir, nə qədər qəribə görünsə də, İncilə istinad edən dindar xristianlar və Tövrata əsasən çıxış edən dindar yəhudilər arasında geniş yayılıb.

Şiə ərəblər Fars imperializminə qarşı...

Maraqlıdır ki, hazırda Yaxın Şərqdə özünü imam Yamani Həsən Əhməd elan edən iki nəfər peyda olub. Onlardan biri İraqın Nəcəf şəhərində oturur və İran tərəfindən dəstəklənir və on minlərlə tərəfdar toplayıb. Digərinin yeri isə məlim deyil və ehtimala görə, hazırda Misirdədir. Onun da ətrafında onminlərlə tərəfdar toplanıb. Və hər iki tərəfdar ordusu digər tərəfin imamını saxta adlandırır. Daha çox Misir şiələri tərəfindən dəstəklənən ikinci imam dünya şiələrini sünnilərlə birləşib ABŞ və İran başda olmaqla, bütün işğalçı-İblis qüvvələrə qarşı savaşmağa, müsəlmanların qanına susamış kafir Bəşər Əsədi dəstəkləməməyə, ona qarşı savaşan müsəlmanlara yardım etməyə, Misirdə ABŞ-ın və xristian qibtilərin dəstəyi ilə hakimiyyətə gəlmiş Sisiyə qarşı üsyan etməyə  çağırır. O, İranın ali dini lideri seyid Əli Xamneyini, İraq şiələrinin liderləri ayətullah Sistani və Müqtəda əs-Sədri, eləcə də Nəcəfdə olan imamı (Yamanini) «Tağut» (İblis) elan edib və şiələrin onlardan uzaq durmalı olduğunu bəyan edib. Nəcəfdə oturan imam Yamani isə az qala bütün sünniləri «terrorist». «İŞİD-çi» və ya «vəhhabi» adlandıraraq əsas mübarizə hədəfi kimi göstərməkdə, şiələri Bəşər Əsədi dəstəkləməyə çağırmaqdadır. Nəticədə şiə ərəblər üç hissəyə ayrılıblar onların bir qismi Misirdəki, digər qismi Nəcəfdəki Yamanini zühuru gözlənilən Mehdinin (ə) sözçüsü hesab edir, üçüncü qisim isə qərar verməkdə çətinlik çəkir. Lakin İranın İraqda ən azı İŞİD-ə qarşı ABŞ-la müttəfiq kimi, Suriyada isə Bəşər Əsəd və Rusiya ilə birlikdə Suriya müxalifətinə qarşı çıxış etməsi və hər iki halda kafirlərin yanında yer alması Misirdəki Yamaniyə inananların mövqeyini daha güclü edir. İranın İslam kanonları ilə tutuşmayan bu mövqeyi hər keçən gün daha çox İraqlı şiənin İranı İslamın məramlarına deyil, fars imperializminə xidmət etməkdə suçlamasına səbəb olur.

İranın bölgədəki ikibaşlı oyunu...

İranın sırf məzhəblərarası savaşı körükləməyə hesablanan ikibaşılı siyasəti, xüsusən də Yəməndəki husi terrorçularını dəstəkləməsi bütün ərəb ölkələrində və Türkiyədə ciddi narahatçılıq doğurur. Elə bu səbəbdən də Səudiyyə Ərəbistanının 53 din xadimi okytabrın 10-da bir araya gələrək dünya müsəlmanlarını Rusiya və İrana qarşı cihada səsləmişlər. Səudiyyə Ərəbistanı da Qətərlə birlikdə Suriya müxalifətini dəstəkləyən ölkələr içində yer alır. O, eləcə də Kəngər (Fars) körfəzinin digər ərəb ölkələri İranın Yəməndə oynadığı destruktiv oyundan daha çox narahatlıq hiss edirlər. Belə ki, husi terrorçularını dəstəkləyən İran onları hər cür silah və maliyyə yardımı ilə dəstəkləyir və terrorçuların Ədən boğazı sahillərində möhkəmlənə bilməsi üçün əlindən gələni edir. Məqsəd bu yolla Ədən boğazına nəzarəti ələ keçirməkdir. Məsələ burasındadır ki, boğaz çox da geniş deyil və onun sahillərindən birində möhkəmlənməklə, oradan keçən gəmiləri asanlıqla vurmaq mümkündür. Nəzərə alsaq ki, körfəzdə hasil edilən nefti Qərb bazarlarına daşıyan gəmilərin marşrutu məhz həmin boğazdan keçir onun ərəb ölkələri üçün necə böyük önəm daşıdığını başa düşmək o qədər çətin deyil. Bu gün Səudiyyə ordusunun Yəməndə husilərə, yəni İran tərəfindən dəstəklənən şiə terrorçularına qarşı apardığı genişmiqyaslı anti-terror əməliyyatı məhz bu təhlükəni aradan qaldırmaq zərurətindən qaynaqlanır.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları