Yuxarı

Elçibəyin sabiq müavini Əli Kərimlini ifşa etdi

Elçibəyin sabiq müavini Əli Kərimlini ifşa etdi

  Eli Kerimli“Mənə dedi ki, Qarabağ gedib, özünü, karyeranı düşün” İstər Əli Kərimli və dəstəsi, istərsə də real müxalifət YAP hakimiyyətinin Qarabağ siyasətini daim tənqid edir. Əslində birincilər olmasa da, ikincilər tam haqlıdır. Çünki 20 ildən çox hakimiyyətdə olmasına rəğmən, hələ YAP-ın Qarabağ siyasəti effekt verməyib. Sadəcə, atəşkəs rejimi ilə status-kvo saxlanılıb, danışıqlar davam etdirilib. Azərbaycan iqtidarı tərəfindən Ermənistan hakimiyyətinin sərt suçlanması, “bir qrup cinayətkar Ermənistanda hakimiyyət başındadır” deyimləri də vəziyyəti dəyişdirmək gücündə deyil.   Ona görə də haqlı olaraq hakimiyyətin Qarabağ siyasəti tənqid edilir. Lakin tənqidin özündə də bir səmimiyyət olmalıdır. Bu mənada demokratik qüvvələrin tənqidləri qəbul edilən və xalqın mövqeyini əks etdirən fikirlərdir. Lakin Qarabağla bağlı vaxtilə söylədiyi fikirlər göstərir ki, Əli Kərimli o zaman olduğu kimi, indi də mövqeyində səmimi deyil. Çünki yaddaşların təzələnməsi fonunda istər o zaman, istərsə indiki vaxtda Qarabağla bağlı onun səsləndirdiklərinin boğazdan yuxarı deyimiş sözlər olmasını üzə çıxarır. Qarabağ mövzusu da siyasi karyerasında inam qazanması üçün növbəti manipulyasiyasıdır.   Həqiqət budur ki, ötən əsrin 90-cı illərində Azərbaycanda hakimiyyət dəyişikliklərinin əsas stimulverici qüvvəsi Qarabağ hadisələri olub. Vəzirovdan rəhmətlik Elçibəyə qədər hər bir dövlət başçısının hakimiyyəti itirməsində Qarabağ problemi açar rolunu oynayıb. İndiki hakimiyyətin özü də Qarabağ hadisələrinin dalğasında iqtidara gəlib. Demokratik yolla prezident seçilmiş Elçibəy iqtidarının devrilməsi, 33 batalyonun buraxılması, Qarabağ rayonlarının siyasi oyunlara qurban verilməsi tarixi həqiqətlərdir. Amma Qarabağ “kartı” heç zaman gündəmdən çıxmayıb. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra da bu faktdan iki dəfə istifadə cəhdləri oldu. Amma Heydər Əliyev həmin cəhdlərin qarşısını aldı və 93-cü il qiyamı 94 və 95-ci illərdə təkrarlanmadı. Qarabağ isə hələ də Azərbaycanın yaralı yeri kimi qalmaqdadır. Bu gün Dağlıq Qarabağ və 5 ətraf rayon ermənilərin işğalı altındadır. Bu durumun nə vaxta qədər davam edəcəyini də heç kim bilmir. Bütün bunların ilkin səbəbi təbii ki, hakimiyyətin siyasətidir. Deməli, bu problem həll olmayana kimi iqtidar da haqlı olaraq tənqid olunacaq və olunmalıdır. Ancaq yuxarıda dediyimiz kimi, səmimi və vətən təəssübkeşliyindən irəli gələn tənqid qəbulediləndir. Qarabağ problemi üzərindən siyasət qurulması yolverilən deyil. Bəs Əli Kərimlinin və ətrafındakı zombi dəstəsinin Qarabağdan, Qarabağ qazilərindən danışmağa haqqı varmı? (Qarabağ əsasən Əli Kərimlinin yadına AXCP-nin fədakar üzvlərindən biri, Qarabağ müharibəsi veteranı, həbsdə olan Asif Yusifli ilə yada düşür - müəll.) Məşhur misalda deyildiyi kimi, qoy, ilk daşı günahı olmayan atsın. Əli Kərimli elə bir keçmişə və imicə malikdir ki, onun vətən savaşından danışması sadəcə, populizmdir və manipulyasiya xarakteri daşıyır.   Əvvəla, tanıyanlar bilir ki, Əli Kərimli guya döyüşə yollandığı Laçından qaçıb. Siyasi xal yığmaq üçün cəbhə bölgəsinə yollansa da, cəbhənin və real müharibənin Bakıdan göründüyü qədər asan olmadığını görən kimi aradan çıxıb. Əli Kərimlinin Qarabağa, Qarabağ qazisinə “sevgi”sini bir də 1995-ci ildə hakimiyyətdəki hamilərinin sifarişi ilə Laçın alayının komandiri Arif Paşanı deputatlığa namizədlər siyahısından çıxarması ilə göstərdi. Əli Kərimli Qarabağa əsil münasibətini hakimiyyətin dəstəyi ilə  1994-2000-ci illərdə müxalifət daxilində separatçılıq edəndə,  Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə qarşı xəyanətkar mövqe tutanda göstərib. Onun Qarabağ, Bütöv Azərbaycan sevgisi həmişə saxta olub. Kərimlinin ətrafındakı mənəviyyatça kasad adamlar Elçibəyin Qarabağ və Bütöv Azərbaycanla bağlı fikirlərini daim məsxərəyə qoymağa cəhd edirdilər. Bu işdə muzdlu jurnalistləri daim onunla çiyin-çiyinə idi. Bu günlərdə mərhum Elçibəyin öz çevrəsinə daxil olan, inandığı sabiq müavinlərindən birinin danışdığı hadisə Əli Kərimli haqqında inancıma bir daha əminlik gətirdi. Sabiq müavin deyir ki, 90-cı illər-Əl Kərimli Elçibəyin yaxın adamlarını “Yurd” cəlb etməyə çalışan vaxtlarıydı. Bir gün ətrafında olan Elçibəy düşmənlərindən birinin vasitəsilə həmin bu müavini yanına çağırır. Ona “Elçibəyin yanından ayrıl, bizə qoşul, səni deputat edəcəm” vədində bulunur. Mənəviyyatca saf adam olan, AXC-yə təmiz inamla gəlmiş sabiq müavin etiraz edir, Eçibəyin vətənə, millətə bağlı olduğunu bildirir. Deyir ki, nə qədər ki Qarabağ və digər ümummilli problemlər həll edilməyib, AXCP-də parçalanma yaratmaq, Elçibəyə qarşı çıxmaq doğru deyil. Kreslosundan qalxıb sabiq müavinlə üz-üzə oturan Əli Kərimli deyib: “Qarabağın başını burax. Qarabağı veriblər, bu məsələ bitib. Necə ki, Göyçə, Zəngəzur getdi, Qarabağ da gedib. Özünə karyera qur. Özünü düşün”. Elçibəyin sabiq müavini deyir ki, bu sözdən sonra Əli Kərimlinin kabinetini tərk etdim və anladım ki, AXCP-də olsa da, bizimlə, elçibəyçilərlə bir əqidəni, bir əxlaqı paylaşmayan bu adamla uzun yol gedə bilməyəcəyik.   Əli Kərimlinin tacir təbiəti, varlanmaq, məşhur olmaq azarı, Vətəni, milləti, torpağı öz maraqlarına qurban vermək inancı bu gün də dəyişməyib. Bu adam nə qədər ki, siyasətdədir, toplum, müxalifət daim zərər görəcək.   Türkel





Həftənin ən çox oxunanları