Yuxarı

Moskva Suriyada dünyanın xəritəsini cızır

Moskva Suriyada dünyanın xəritəsini cızır

suriya Amerikalı ekspert: “Cəsarət göstərməyin vaxtı çatıb"   Suriyada vəziyyət gərgin olaraq qalır. Rusiya Hərbi Qüvvələri İŞİD terror təşkilatının mövqelərini bombalayıb. Qruplaşmanın xeyli sayda yaraqlısı və silah-sursatı məhv edilib. Bu arada Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatları və dənizdən endirdiyi zərbələrə dünya dövlətlərindən fərqli reaksiyalar gəlib. Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest isə çıxışında deyib ki, Rusiya İŞİD-ə qarşı mübarizəyə konstruktiv tövhə verməsə belə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya terror qruplaşmasına qarşı addımlarını davam etdirəcək.   Rusiya isə İŞİD terror qruplaşması ilə mübarizədə qətiyyətli mövqe göstərmək üçün  “Azad Suriya Ordusu”  ilə əməkdaşlığa görə Böyük Britaniyadan kömək istəyib. Avropa İttifaqı Şurası isə Suriyada siyasi nizamlanma prosesinə başlamaq qərarına gəlib. Bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Mogerini açıqlama verib. Bu arada müharibədə iştirak etmək  üçün 28 min əcnəbinin Suriyaya getdiyi ehtimal olunur. Onlardan 5 mini Qərb ölkələri, 250 nəfəri isə ABŞ vətəndaşıdır. Türkiyə üçün təhlükəli dönəm Görünən odur ki, Əsədə qarşı və ya Əsədin yanında olan, ümumiyyətlə, Suriyadakı proseslərlə bağlılığı olan dövlətlər  arasında ən təhlükəli durumda olanı Türkiyədir. Yayılan bəzi məlumatlara görə, Rusiyanın Türkiyəyə təzyiqləri bundan sonra da artacaq. Bu özünü PKK-ya veriləcək dəstək və Suriyanın şimalında Kürd dövlətinin yaradılması fonunda büruzə verəcək. ABŞ-ın keçmiş prezidenti Con Kennedinin milli təhlükəsizlik üzrə məsləhətçisi Zbiqnev Bjezinski isə ABŞ-ın Yaxın Şərqdəki etibarının qorunması və regionun taleyi üçün Vaşinqtonu strateji cəsarət nümayiş etdirməyə çağırıb: "Regiondakı sabitlikdən heç danışmıram, Amerikanın regional maraqları və onun dostları zərər çəkəcək. Buna görə də, strateji cəsarət göstərməyin vaxtı çatıb". Ekspertlər isə bildirir ki, Rusiyanın Suriyada başlatdığı əməliyyatla Yaxın Şərqdə vəziyyəti xeyli dəyişib və burada yeni dövlətin xəritəsinin cızılmaqda olduğunu göstərir. Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, Tehran Əsədə dəstək vermək üçün minlərlə döyüşçünü Suriyaya göndərib. Bu çərçivədə Əsəd ağır bombardmandan sonra Həma çölündə yerləşən Əl-Qab vadisinə və Xümsdə müxaliflərin nəzarətindəki Rastan və Telbisə mahalları ətrafına xeyli əsgər və tank yığıb. Latakiya-Həma-İdlib arasında yerləşən Əl-Qab vadisi rejimin qalası adlandırılan Aralıq dənizi sahilindəki Latakiyadan 45-50 kilometrlik məsafədə yerləşir. Ankara Siyasət Mərkəzinin direktoru Həsən Qanpolad qlobal güclər Suriyada toqquşduğu üçün yaxın zamanlarda müharibənin bitməyəcəyini, proseslərin isə Suriyanın parçalanmasına doğru getdiyini deyib: “Əsəd Həma, Xüms, Latakiya, Hələb, İdlib, Kuneytra və Derave şəhərlərinin daxil olduğu bir dövlət yaratmaq istəyir. Bu yolla rejim Rusiya və İranın dəstəyi ilə son bir həmlə edib özünə ərazi qazanmağa çalışsa da, ölkənin parçalanması qaçılmazdır. Rusiya reaktivlərinin ilk əməliyyatda ABŞ-ın əlaqə və koordinasiya mərkəzini vurması Suriya üzərindəki qlobal toqquşmanın şiddətlənəcəyindən xəbər verir. Suriyada gözlənilən parçalanma Rusiya bombardmanları ilə başladı. Bu son döyüş Suriyadakı qrupların sərhədlərini təyin edəcək. Əsəd Rusiya və İranın dəstəyi ilə mərkəzi Latakiya olan Nusayri dövlətinin sərhədlərini cızır". Kürdlərə müxtariyyət sözü... Suriyada başladığı hava əməliyyatları ilə Türkiyənin Suriya siyasətinə böyük zərbə vuran Moskva Ankaranı şoka salacaq daha bir addım atıb. Rusiya kürdlərə Suriyanın şimalında muxtariyyət söz verib. Ankara isə bunun qəti əleyhinədir. Amma Rusiyanın Suriya ilə yaxın əməkdaşlığı proseslərin bu istiqamətdə getdiyini göstərir. Xəbər verildiyi kimi, Rusiya, Dəməşq rejimi və YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı) Suriyanın şərqində əməliyyatların koordinasiya edilməsi barədə razılaşıblar. Bu iddia ilə Livanda dərc olunan “Əl Ahbar” qəzeti iki gün əvvəl çıxış edib. İddiaya görə, YPG ilə Dəməşq arasında danışıqlarda vasitəçiliyi Rusiya edib. Xəbərdə bildirilir ki, Rusiya, Suriya və YPG-nin yer aldığı birgə qərargahın qurulması üçün iş aparılır. Məlumata görə, üç tərəfin koordinasiyası ilə keçiriləcək əməliyyatlarda 20 minə qədər kürd silahlısı iştirak edəcək. İrəli sürülən müxtariyyət iddiasından sonra Rusiya və Türkiyə arasında münasibətlərin daha da gərginləşəcəyi təxmin edilir. Dünya üçün nüvə təhlükəsi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov nüvə müharibəsinin yaxınlaşdığını hesab edir. Turçinov Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatların nüvə müharibəsinin başlanmasına gətirib çıxara biləcəyini deyib.Turçinov hesab edir ki, Rusiyanın Xəzər donanmasına aid gəmilərdən Suriyaya endirilən raket zərbələri fövqəladə dərəcədə təhlükəli presedent yaradır. Onun fikrincə, Moskvanın əsas hədəfi hərbi gücünün dünyaya nümayiş etdirilməsidir.  Rusiya İŞİD terror təşkilatı ilə mübarizədə səylərin əlaqələndirilməsi üçün Suriya Silahlı Qüvvələri (SQ) və “Azad Suriya Ordusu” arasında əlaqə qurulmasında vasitəçi olması xahişi ilə Böyük Britaniyaya müraciət edib. Bu barədə Birləşmiş Krallıqdakı Rusiya səfirliyindən məlumat verilib. Bildirilib ki, müvafiq xahişi Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko Krallığın siyasi direktoru ilə görüşdə səsləndirib. “Rusiya tərəfi britaniyalı tərəfdaşlarına ASO ilə Suriya SQ arasında İŞİD-lə mübarizədə səylərin əlaqələndirilməsi üzrə rabitə qurulmasına, o cümlədən ASO-nun siyasi prosesə mümkün qoşulmasına yardımçı olacaqları halda, minnətdar olacağını bəyan edib", - məlumatda deyilir. Səudiyyə Ərəbistanı isə Suriyadakı üsyançı qruplara dəstəyini artırmaq qərarına gəlib. BBC-nin verdiyi məlumata görə, Ər-Riyad üsyançıların Rusiya aviasiyasının zərbələrinə məruz qalmasından sonra bu qərarı qəbul edib.  Yüksək vəzifəli səudiyyəli dövlət məmuru Suriya 3 qruplaşmaya - “Azad Suriya  Ordusu”, “Cənub Cəbhəsi” və “Fəth Ordusu”na müasir silahlar, o cümlədən tank əleyhinə idarəolunan qurğular verəcəklərini bildirib. O qeyd edib ki, yardımlar Səudiyyə Ərəbistanının terror təşkilatı saydığı “İŞİD” və “Əl-Nüsra”ya aid deyil. Xatırladaq ki, daha əvvəl “Reuters” ABŞ-ın suriyalı müxaliflərə yardımı gücləndirmək niyyətində olduğu haqda xəbər yaymışdı. Türkiyənin Ekonomi və Texnoloji Universiteti Beynəlxalq Münasibətlər bölümünün müəllimi və siyasi elmlər doktoru Toğrul İsmayıl “Cumhuriyət”ə bildirib ki, bu gün Rusiyanın Suriyaya hərbi müdaxiləsi nizamı dəyişdirdi. Onun sözlərinə görə, Türkiyə noyabrın 1-də parlament seçkilərindən sonra da Suriya siyasətini dəyişməyəcək: “Xəzər dənizindən uzaqmənzilli raketlərlə Suriyadakı hədəfin vurulması isə prosesdə hələ hərb variantının öndə olacağını göstərir. Hələlik Türkiyə-Rusiya münasibətlərinin ciddi şəkildə pozulacağını güman etmirəm. Amma burada bir məsələ: Türkiyə rəsmiləri də bəyan ediblər ki, Rusiya İŞİD-dən əlavə müxaliflərə qarşı da zərbələr endirir. Bu isə Amerika ilə yanaşı, Türkiyənin də narazılığına səbəb olur. Amerikanın da Suriya siyasətində korrektələr olmayacaq. Belə olan təqdirdə təhlükələr nədən ibarət olacaq? Türkiyənin hava sərhədinin pozulması ilk təhlükənin siqnalı idi. Düzdür, Türkiyə diplomatiyası bu məsələdə həssas davranır. NATO isə daha sərt reaksiya göstərdi. NATO Türkiyə hava sahəsinin pozulmasını həm də NATO-ya qarşı hücum kimi dəyərləndirdi, eyni zamanda bunun yolverilməz olduğunu söylədi. Rusiya ilə münasibətlərin pozulması, Moskvanın adekvat olmayan addım atması və Türkiyənin buna daha sərt reaksiya verməsi nəticəsində baş verə bilər. Burada əsas məsuliyyət Rusiyanın üzərinə düşür”.   Cavad





Həftənin ən çox oxunanları