Yuxarı

Siyasət və  “top əti”

Siyasət və  “top əti”

rufet ehmetzade

İslamda “ifrat” və “təfrit” anlayışları var. Bir şeyi tələb edərkən, ya da mübarizə apararkən ifrata var, həddini aşmaq, ya da çox az önəmsəmək, təfritə varmaq günah sayılar, xoş qarşılanmaz. Çox da günahdır, az da. Orta miqdarı, normanı tutmaq lazımdır. Lakin heç də hamıya qismət olmur. İnsan özü-özlüyündə emosional varlıqdır, həvəsi və ehtirası olduğu qədər tənbəlliyi, ruhdan düşməsi, ya da arxayınlığı var. Bunu anladıq. Amma emosional insanlar bir təşkilatda, birlikdə, partiyada toplaşırsa... Normanı qorumaq ümdə şərt kimi meydana çıxır. Məhz ona görədir ki, hər kəs lider ola bilmir. Hər kəs də siyasi mübarizədə qalib gələ bilməz. Məğlub çox, qalib az... Məsələn, siyasi mübarizə apararsan, radikallıq kəllə-çarxa çıxar, gecə-gündüz hakimiyyətə qarşı necə sərt mövqe tutmağınla öyünərsən, tənqid dalınca tənqid səsləndirərsən (təklif sarıdan qıtlıq çəksən belə)... Amma kimsə sən deyənin əksini desə, olar “casus”, “şpiyon”, tənqidlər mütləq “hardansa sifariş”dir. Sənin təşkilatında islahat, yenilik, dəyişiklik istəyənlər “satılmışlar”dır. Sən özün isə müxtəlif xarici təşkilatların, ayrı-ayrı məmurların “xahişi” ilə gündəm yaratmağa çalışarsan, siyasi oyunlara, intriqalara girərsən. Amma sən olarsan mahir siyasətçi, qalanlar isə təxribatçılar. Partiya və ideyası ətrafında yığışan insanları görərkən, gözlərin qamaşar. Elə bilərsən, onlar sənin işığına toplaşıblar. Ətrafında hər gün daha çox insan gördükcə, daha çox ehtirasın yaranar. Əlbəttə ki, onlara Şekspir yaxşı ad qoyub: “cannon powder”, yəni, “top əti”. Onlar güllə qabağına yerimək, rəqibi yormaq üçündür... Bəlkə də yormaq olardı, nəyəsə nail olmaq, qələbə qazanmaq... Amma “top əti”ndən sonra “kavaleriya” olmalıdır. Çevik, bacarıqlı, güclü, uzaqgörən intellektuallardan ibarət baza. Əgər o yoxdursa, o baza olanda da qoruyub-saxlaya bilmirsənsə... Yorulan da, bitən də, tükənən də sənsən. Həqiqətən də yorulmusanmı? Get, dincəl, bir az da düşünməyə vaxtın olsun!

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları