Yuxarı

"Qoca qurdlar" vadisi

Elcin Bayramli Parlament seçkilərinin yaxınlaşması ilə siyasi düşərgələrdə bir canlanma yaranıb. Partiyalar bir-birinin ardınca bəyanatlar verir, namizədlərini müəyyənləşdirir və bir-birilərini ifşa etməyə girişirlər.   Maraqlıdır ki, əvvəlki illərdən fərqli olaraq indi bu mübarizə virtual müstəvidə- internetdə, əsasən də sosial şəbəkələrdə aparılır. İddialı partiyaların, namizədlərin adamları biri-birinə qarşı inanılmaz qara piar kampaniyası aparır, hətta bəzi hallarda bu, real dava-dalaşa da keçə bilir.   Hətta, 100 nəfər üzvü belə olmayan partiyalardan bəziləri mitinq və aksiyalar keçirəcəklərini bəyan edirlər. Ən abırlıları çoxsaylı seçicilərlə görüşlər təşkil edəcəklərini bildiriblər.   Maraqlıdır ki, belə aksiyalarda müxalifət liderləri görünmür. Amma oralardan çəkilmiş foto və videolar bəzi Qərb dairələrinə göndərilərək deyilir ki, baxın biz necə güclü aksiyalar keçiririk, xalq da bizi dəstəkləyir. Qrantların həcmi artır. Necə deyərlər, nə yoğurdum-nə yapdım, hazırca kökə tapdım.   Bir ara yaman həvəsə gəlmişdilər, “Ərəb baharı”ndan ilhamlanaraq hansısa "gözəgörünməz" qüvvənin ölkədə inqilab törədib hakimiyyəti dəyişəcəyinə ümid edirdilər. Tezliklə başa düşdülər ki, Azərbaycan hansısa ərəb ölkəsi deyil, burda belə siyasi maxinasiyalar yaratmaq mümkünsüzdür.   Xülasə, son illərdə gedən proseslər göstərdi ki, müxalifətin radikal qütbləri xalqın inamını itirib, insanlar onların maraqlarına alət olmaq fikrində deyil, nəyəsə etirazları olanda özləri ortaya çıxıb sözlərini deyə bilirlər. Bu halda müxalifətə nə hacət? “Tembole” özünü xalqın ideoloji və siyasi təşkilatı sayan müxalifət partiyalarının rəhbərləri əvvəllər keçirilən aksiyalarda xalqın yanında olmağı bacarmadı. İsti kabinetdə oturub adamları küçələrə göndərməyə nə var ki?   Uzun müddətdir ki, müxalif düşərgənin birlik modelləri və vahid mövqedən çıxış etməsi məsələsi gündəmdən düşmür. Amma hələ də bu istiqamətdə heç bir nəticə əldə olunmayıb. Səbəb çox sadədir: müxalifət partiyalarının özündənrazı liderlərinin hər birinin özünün böyük ambisiyası var, bu səbəbdən bir-biri ilə ciddi qarşılıqlı problemlər yaşayırlar. Bu qüvvələrin ümumi məqsədi və maraqları yoxdur. Ümumi maraqlar naminə vahid mövqe sərgiləmək haqda heç kim düşünmür, hər bir lider öz ətrafında özünə məxsus blok yaratmaqla məşğuldur. Buna görə də, indiyədək müxalif düşərgənin müxtəlif qütblərində sayı-hesabı artıq itmiş bloklar, palatalar, alyanslar, məclislər, nə bilim nələr yaradılsa da, ortalığa güclü bir qurum və vahid lider çıxarıla bilməyib. Xırda qruplar şəklində toplaşıb böyük iddialar irəli sürmək isə absurddur.   Məntiqlə düşünəndə belə çıxır ki, veteran partiya liderləri sadəcə oyun oynayırlar. Bunların nə vecinədir ki, xalqın problemi nədir, istəyi nədir? Adamlar bahalı xarici avtomobillərdə gəzir, əlinin altında qulbeçələr, mühafizəçilər-filan, “həftə səkkiz-mən doqquz” xarici səfərlər, eyş-işrət məclisləri və ya... və sairə...   Necə deyərlər, bu "əməkdar" liderlər müxalifətdə özlərinə daimi rəhbər iş yeri tapıblar. 20 ildir vəzifədə oturan naziri qınayan müxalifət liderinin səmimiliyinə xalq şübhə edir, çünki özü də 20 ildir vəzifədə oturub, yerini heç kimə vermir. Hamı ovcunun içi kimi bilir ki, bunları xalqın vəziyyəti yox, hansı yolla olur-olsun hakimiyyətə gəlmək maraqlandırır.   Belə olan təqdirdə, meydana yeni siyasi qüvvələr çıxır və öz siyasətini diqtə etməyə başlayır. Bunu bəzən “3-cü qüvvə”, bəzən isə sadəcə, “xalq” adlandırırlar. Adı nə olursa-olsun, bu qüvvə ənənəvi "əməkdar müxalifət liderləri"ndən daha səmimidir. Cənablar, xalqın yanında olmaq lazım idi, yaxşı gündə də, pis gündə də. Amma nəsə sizi görə bilmədik. Amma siz bizi görmək istəyirsiniz- meydanlarda sizi layiq olmadığınız hakimiyyətə gətirmək üçün döyüşərkən. Ədalətsiz deyilmi??!   Elçin Bayramlı





Həftənin ən çox oxunanları