Yuxarı

“Minlərlə insan Razi Nurullayevin ətrafına yığışır”

“Minlərlə insan Razi Nurullayevin ətrafına yığışır”

zaur eliyev1

Zaur Əliyev: “İnanır və bilirlər ki, AXCP dəyərləri qayıdacaq”

Parlament seçkisinə iki həftədən də az qaldığı vaxtda ölkənin ictimai-siyasi gündəmində bir sıra dəyişikliklər oldu. Belə ki, milli təhlükəsizlik naziri tutduğu vəzifədən uzaqlaşdırıldı, həmçinin nazirliyin 10-dək əməkdaşı barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıldı. Ölkənin bütün təbəqələri bu hadisəyə reaksiya verdi. Bunu müsbət hadisə kimi dəyərləndirənlərlə yanaşı, tam əksini düşünənlər də oldu. Hadisələrin bu cür axını dövlətin imicinə, ölkənin mənzərəsinə necə təsir göstərir? Mövzu ilə bağlı “Cümhuriyət”in suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev cavablandırır.

- Ölkədə gedən ictimai-siyasi prosesləri necə qiymətləndirirsiz?

- Əslinə qalsa, elə ciddi bir şeylər baş vermir. Bəzən mətbuat hər şeyi çox şişirdir. Guya Milli Təhlükəsizlik Nazirliyində hansısa daxili çəkişmələr gedir. Sadəcə olaraq, korrupsiya faktı aşkarlanıb və cənab prezident də buna öz mövqeyini bildirib. Məlumdur ki, yüksək vəzifəli məmurların həbsi Azərbaycanda korrupsiyaya qarşı başlayan  mübarizənin nəticəsidir. Burada kənar qüvvələrin təsirini axtarmaq lazım deyil. Çünki Azərbaycan bir tərəfdən İran, digər tərəfdən Türkiyə Cümhuriyyəti ilə əhatələnib. Ümumilikdə Azərbaycanın tutduğu mövqe, apardığı siyasət normaldır. Sadəcə olaraq, MTN-də baş verən hadisələr onu göstərir ki, Azərbaycanda öz vəzifə səlahiyyətlərini aşan məmurlar hələ də var. Bu cür məmurlar getdikcə də aşkarlanacaq. MTN səlahiyyətlərinə aid olmayan məsələlərlə məşğul olduğuna görə, bu addımlar atılıb. Burda qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Bu, elə bir prosesdir ki, istənilən məmuru gözləyə bilər. Korrupsiya faktları ilə bağlı hansısa məmura qarşı addım atılırsa, o, uzun müddət araşdırılır, hazırlanır. O məmur haqqında birdən-birə qərar verilmir. Yəqin ki, Eldar Mahmudovun apardığı, gördüyü işlər uzun zaman izlənilib və nəticə prezidentə təqdim olunub.

- Tarix boyunca üzərində ən çox danışılıb müzakirə edilən mövzulardan biri də din və siyasət əlaqəsidir. Sizcə, son zamanlar dövlət daxilində gedən gizli siyasi proseslər radikal islamçıların siyasi səhnəyə çıxma ehtimalını artırırmı? Dini kəsimin siyasi perspektivini necə görürsüz?

- İslamçıların Azərbaycana gəlməsi 90-cı illərdən başlayıb. Sovetlər birliyi dağılanda, yenicə müstəqillik əldə ediləndə Azərbaycan hələ formalaşmamış bir dövlət idi. Hər bir dövlət öz ölkəsində olan hakim dini Azərbaycana gətirməyə çalışdı. Belə ki, İran şiəliyi, Səudiyyə Ərəbistanı vəhabilik və sələfilik təriqətini, Türkiyə isə 20-dən çox dini təriqətin inanclarını yaymağa üstünlük verirdi. Misal üçün, İrandan gələn şiəlik Bakının müəyyən kəndlərində eləcə də, cənub bölgəsində özünü göstərir. Ərəbistandan gələn təriqət isə daha çox şimal bölgələrimizdə möhkəmləndi. Türkiyədən gələn din Azərbaycanda dini təhsil adı altında yayılmağa başladı. Azərbaycanda hansısa radikal islamın olması fikiri ilə razı deyiləm. Çünki ölkədə dinə meylli insan olsa belə, bu, radikal islamın inqilaba və yaxud, hansısa terror hadisəsi törədəcəyinə əsas vermir. Çünki 20 ildir ki, Azərbaycan müstəqillik əldə edib və bu illər ərzində ölkədə baş verən terror hadisələrinin kökündə islam faktoru durmayıb. Bütün terror hadisələri etnik mənşəli olub, bunu da ermənilər törədib. İslamın Azərbaycanda geniş yayılması və təriqətlərin təbliğatı o demək deyil ki, islamçılar hakimiyyətə iddialıdırlar. Bu, mümkün deyil. Çünki cəmiyyətimiz radikal islamçı deyil.

Azərbaycanda dini radikalizmin yayılmasının səbəbi sosial problemlərdən irəli gəlir. İnsanlar sosial problemlərini həll edə bilmirlər. İşsizlik və gəlirlərin az olması insanların  müəyyən dini təriqətlərdən iş axtarmalarına səbəb olur. Bu gün Azərbaycandan Suriyaya gedən insanlar var. Öz çıxışlarından da hiss olunur ki, onları ora aparan səbəb maddi ehtiyacdır. Radikal islamçılığın qarşısını almaq üçün insanların sosial problemlərini həll etmək lazımdır.

- Ölkə başçısının son günlər ard-arda verdiyi sərəncamlara da toxunmağınızı istərdim. Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyev sahibkarlara qarşı yoxlamanın dayandırılmasına, lisenziyaların sayının azaldılmasına dair mövqeyini ortaya qoydu. Dövlət başçısının çıxışı özünü çox gözlətmədi. Prezident Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərdi. Layihəyə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırıldı.

Eyni zamanda İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, qaydaların sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyindən alınıb “ASAN” Xidmətə verilməsi nəzərdə tutuldu. Sizcə, prezidentin son sərəncamlarını yuxarıdan başlayan islahatlar kimi səciyyələndirmək olarmı?

- Azərbaycanda gizli bir iqtisadiyyat var. Bu iqtisadiyyatın arxasında duran məmurlardır. Hansı ki, onlar öz səlahiyyətlərini aşaraq süni qiymət artımı edirlər. Bu gün bina tikintisi ilə məşğul olan hər hansı bir şirkətə yaxınlaşıb evlərin qiyməti ilə maraqlanırsan. Normal qiymət 600-700 manatdan başlayır. Hesablamalara görə, evlərin tikintisi həmin şirkətin üzərinə 120-130 min manata gəlib çıxır. Bu mənzillər başa gəlməsində sahibkarların üzərində müəyyən qurumların, məmurların da “hüquqları” var. Loru dildə desək, “şapkası” var. Həmin pulları onlara ödəmək məcburiyyətində olduğuna görə, evləri elə bir qiymətə satırlar ki, o pul əhalinin cibinə uyğun gəlmir.

Götürək bazarda olan qiymətləri, xaricdə 500 manata olan telefon Azərbaycanda 1000 manatdan aşağı satılmır. Səbəb də gömrük və vergi rüsumlarının çox olmasıdır. Bu qiymətlər məmurlar tərəfindən müəyyənləşir. Nəticə etibarı ilə bu da Azərbaycanda sahibkarlığın inkişafına çox ciddi təhlükələr yarada bilər. Türkiyədə dəyəri 15 manata olan köynək, Azərbaycanda 25 manatdır. Sahibkar bu malı ölkəyə gətirənə qədər 3-4 yerə müəyyən haqq ödəyir. Nəticədə süni qiyməti artımı yaranır. Bu da Azərbaycan manatının dəyərdən düşməsinə, dolların bahalaşmasına gətirib çıxarır.

Prezidentin son sərəncamları sahibkarlara azad bazar imkanı yaradacaq. Qurumların səlahiyyətlərinin alınıb “ASAN” xidmətə verilməsini islahatların aparılması kimi qiymətləndirirəm. Bütün xidmətlərin bir mərkəzdən idarə olunması korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin güclənməsinə də böyük dəstəkdir. Adi bir lisenziyanın alınması üçün 4-5 quruma müraciət etməli olurdunsa, indi “ASAN” xidmətə müraciət etmək kifayət edir. Hər idarəyə yaxınlaşıb müəyyən rüsum ödəməkdən əlavə, kimlərinsə cibinə əlavə pul qoyursan. Bu da sahibkarın iş qurduğu zaman qoyduğu maya dəyərini artıqlaması ilə xalqın cibindən çıxartmağa məcbur edir. “ASAN” xidmətə ödənilən rüsum dövlətin büdcəsinə gedir, hansısa məmurun cibinə deyil.

- İstərdim ki, mövcud durumda müxalif düşərgədə gedən proseslərə də nəzər salaq. Belə ki, Razi Nurullayevin başçılığı ilə cəbhəçilər etimad qurultayı keçirdilər. Yeniləşmə hərəkatının perspektivini necə görürsüz?

- Bu gün cəmiyyətdə polisə, nazirlikdə işləyən hər hansı bir insana yaxınlaşsaq, onlar da mövcud durumdan narazıdırlar. Səbəb budur ki, onlar öz fikirlərini ortaya qoya bilmirlər. Hakimiyyətə iddialı olsa belə, müxalifət bunu qabarda bilər. Son 2005-ci il hadisələri göstərdi ki, Azərbaycanda müxalifət deyilən bir anlayış yoxdur. İstər Müsavat partiyası, istər AXCP, istərsə də digər partiyalar olsun deyə bilərəm ki, Azərbaycanda müxalifət partiyalar xeyli zəifləyib. Çünki bu xalqı yönləndirib onların üzərindən milyonlar qazanma halları insanların onlara olan inamının, sevgisinin itirilməsinə gətirib çıxardı. İnsanlar səslərini duyurmaq üçün çıxış yolu axtarmağa başladılar. İnsanlar ayılıb gördü ki, 10-20 illərlə inandığı şəxslərin məmurlardan fərqi yoxdur.

27 sentyabr qurultayında Əli Kərimli yenidən sədr seçildi. İnsan 1995-ci ildən bəri faktiki, 2000-ci ildən isə praktiki olaraq, eyni vəzifədə qalır, düşərgədə heç bir dəyişiklik baş vermir. Yaxud da götürək Müsavat partiyasını. Başqan dəyişikliyi adı ilə Arif Hacılını gətirib ora sədr qoysalar belə, yenə də həmin təşkilat, həmin qurum İsa Qəmbərin nəzarəti altındadır.

Həmin prosesləri görən insanların daxili narazılığından gələn haldı ki, onlar Razi Nurullayev vasitəsi ilə həmin cəbhəçilik, müxalifətçilik iddialarını özlərinə qaytarırlar. Bu gün çoxları iddia edir ki, Razi Nurullayev legitim ola bilmədi. Necə legitim ola bilmədi ki, yeniləşmiş AXCP-yə minlərlə insan gəlib qoşulur, Razi Nurullayevin ətrafına yığışır?! Həmin o AXCP uğrunda mitinqlərə qatılan, hansısa bir tədbirdə canını qoyan insanlar bu gün Razi Nurullayevin ətrafına toplaşır. Çünki onlar inanırlar və bilirlər ki, AXCP dəyərləri qayıdacaq. Köhnə müxalifətçiliyin, köhnə siyasi kursun artıq vaxtı keçib. Bu gün insanlar yeni iddialar istəyirlər. İnanıram ki, Razi Nurullayev AXCP-yə itirilmiş inamı qaytara biləcək.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları