Yuxarı

Əli Əliyev rəqibi ilə bağlı prezidentə müraciət etdi

Əli Əliyev rəqibi ilə bağlı prezidentə müraciət etdi

Eli Eliyev“Kampaniyalarını “mən hakimiyyətin, prezidentin namizədiyəm” kimi spekulyativ devizlə həyata keçirirlər”

Vətəndaş və İnmişf Partiyasının (VİP) sədri,  15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Əli Əliyev prezident İlham Əliyevə müraciət edib. VİP-dən Cebhe.info-ya verilən məlumata görə, o, müraciətdə rəqibi, millət vəkili Ülvi Quliyevin qanun pozuntularına yol verdiyinin iddia edib:

“Hörmətli cənab prezident! Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə artıq sayılı günlər qalır. Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibətlərini və son günlərdə ölkədə baş verən xoşagəlməz hadisələri nəzərə alsaq, bu seçkinin demokratik, qanuni və şəffaf keçirilməsinin zəruriliyi hər birimiz üçün aydındır. Siz də son çıxışlarınızda parlament seçkilərinin tam demokratik keçirilməsinin vacibliyi və bütün namizədlər üçün bərabər şərait yaradılması haqda tapşırıq və göstərişlərinizi səsləndirmisiniz. Möhtərəm prezident! Təəssüf olsun ki, mandat hərisliyi zəminində bir sıra namizədlər hadisələrə geniş deyil, dar şəxsi maraqlar prizmasından baxaraq, seçkinin ümumi vizionuna kölgə salmaqdan çəkinmirlər. Bu namizədlər kobud qanun pozuntuları ilə müşayiət olunan kampaniyalarını “Mən hakimiyyətin, prezidentin namizədiyəm” kimi spekulyativ devizlə həyata keçirirlər. Etiraf edirik ki, gerçəkdə zəmini olmayan bu saxta tezis yerli səviyyəli xırda məmurlara və seçici kütləsinə əzici təsir göstərə bilir. Belə namizədlərdən biri də hal-hazırda 15 saylı Yasamal birinci seçki dairəsində rəqibimiz olan Ülvi Zahid oğlu Quliyevdir. Həmin şəxsin “Sağlam gələcək, Ülvi ilə gələcək” şüarı ilə keçirdiyi kampaniya ciddi qanun pozuntuları ilə müşayiət edilir. Bu günki həyatımızı qeyri-sağlam görən və sağlamlığı cəmiyyətə özünün gətirəcəyini şüarında təsbitləyən bu namizəd, təbliğatını təmsilçiləri vasitəsilə “hakimiyyətin namizədi olması” üzərində qurmaqla paralel, seçki prosesini tənzimləyən qanun və normativ sənədlərə məhəl qoymur, özünü qanundan yuxarıda sanır. Belə pozuntuların bir qismini ehtiva edən faktları biz dünən MSK və müvafiq DSK rəhbərliklərinin icraatına təqdim etmişik. Dövlət rəhbəri olaraq, Sizə müraciətimizin səbəbi, Konstitusiyanın qarantı olaraq, ortaya çıxan belə qanunsuzluqları aradan qaldırmaq üçün nəzarətə götürməniz xahişidir. Bu məzmunda olan müraciətimizə diqqətlə yanaşacağınıza böyük ümüd bəsləyirik”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Ülvi Quliyevə zəng vursaq da, o, zənglərimnizə cavab vermədi.

Cavad





Həftənin ən çox oxunanları