Yuxarı

Müsavatın mitinqinə müsavatçı təpkisi

Müsavatın mitinqinə müsavatçı təpkisi

musavat1

“Nə qədər gec deyil, istefa verin, yeni, intellektli nəsil  gəlsin, cənablar”

Müsavat Partiyasının oktyabrın 25-də  Yasamal rayonundakı "Məhsul" stadionunda keçirdiyi mitinq çox əlamətdar oldu. Yox, ağlınıza ayrı şey gəlməsin. Heç bir izdiham-filan yox idi. Nə də bu mitinqdə illər əvvəl müxalifətin keçirdiyi  mitinqlərdə olduğu kimi gurultulu nitqlər, hökuməti silkələyən bəyanatlar, beynəlxalq təşkilatların diqqətini cəlb edən fikirlər səsləndirilmədi. Əksinə, hər şey o qədər sönük idi ki, bu dəfə hakimiyyət nümayəndələrinin, AzTV-nin belə bu mitinqə vaxt ayırmağa həvəsləri olması. Bax, Müsavatın mitinqi elə bununla əlamətdar oldu. Amma bu hələ hamısı deyil.

Ən maraqlısı odur ki, bu mitinqə, - əgər buna mitinq demək mümkündürsə, - ən sərt təpki elə indiki və keçmiş müsavatçılardan gəldi. Bu dəfə YAP ideoloqlarını da, AzTV-ni də, iqtidaryönlü medianı da Müsavatın içində olanlar və onun şinelindən çıxanlar əvəzlədi. Bu barədə bir qədər sonra.

Hələliksə onu qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Müsavatın eks-başqanı İsa Qəmbərin Yasamal seçiciləri  ilə görüşü kimi dəyərləndirilib. Müsavat Partiyası tarixində bu günə qədər təşkil olunmuş ən zəif tədbirə - şəhərin mərkəzinə yaxın, avtobus, metro, dayanacaqlarının yanında olan "Məhsul" stadionuna cəmi 200-300 şəxs toplaşmışdı. Elə buna görə də mitinq, piket, seçicilərlə görüş, yoxsa sadəcə bazar günü gəzintisi olduğu anlaşılmayan bu tədbiri top-tüfəng atəşinə tutanlar elə müsavatçılar özləri oldu. Belə ki, Müsavat Partiyasının üzvü, “Ağ Blok”un lideri Tural Abbaslı partiyanın uğursuzluğunda hazırkı başqan Arif Hacılını günahkar hesab edir: “Bildiyiniz kimi, mən 21 saylı Nəsimi  dairəsindən deputatlığa namizədəm. Həmin gün tərəfdarlarımla birgə seçicilərlə görüş keçirib, evlərə 2 mindən çox broşur payladıq. Mitinqə gəldikdə isə mətbuatdan, sosial şəbəkələrdən tutduğum xəbərdə gördüm ki, aksiya Müsavat Partiyasına yaraşmayan bir tərzdə keçirilib. Bütün bunların səbəbkarı hazırkı başqan Arif Hacılıdır. Onun rəhbərliyi dönəmində partiya 2 aksiya keçirib, bu mitinqlərdə çox az sayda adam iştirak edib. Arif Hacılı partiyanın avtoritar formada idarə edir. Son bir ildə partiya üçün  böyük işlər görmüş çoxlu sayda müsavatçı qurumdan xaric olunub. Arıf Hacılının bu  addımları nəinki xalq arasında, hətta  sadə partiya üzvləri sırasında da Müsavata inamı sarsıdıb.

Bunun nəticəsidir ki, partiya dünən keçirdiyi mitinqdə 200-300 adam toplayıb. Baş verənlər idarəçiliyin səhvidir, burada hansısa müsavatçının, rayon təşkilatının səhvi yoxdur. Arif Hacılı və tərəfdarları bildirirlər ki, siyasi aktivlik, insanların seçkiyə, mitinqlərə marağı əvvəlki kimi deyil. Belədirsə, onlar niyə mitinq edirlər?  10 gün öncədən məlumat yayırlar ki, "Məhsul" stadionunda mitinq olacaq. Amma 200-300 adam toplayırlar. Belədirsə, Arif Hacılı bir də belə mitinq təşkil etməsin, qapalı zalda iclas keçirsin. Otursunlar yanlışlarını araşdırsınlar. Niyə müsavatçılar və sıravi insanlar prosesdən kənar qalıblar? Bunu düşünsünlər. Arif Hacılı bəyanat yayıb ki, bizim seçkilərdə iştirak etməkdə məqsədimiz mandat almaq deyil. Hər bir siyasi partiyanın məqsədi iqtidar olmaq, parlamentdə təmsil olunmaqdır. Arif Hacılı bu bəyanatı ilə etiraf etdi ki, partiya seçkiyə imitasiya üçün qatılıb”.

Müsavat Partiyasından xaric olunan İsmayıl Kəsəmənli isə qurumun mitinqinə daha sərt münasibət bildirib.  O, mitinqi  fiasko adlandırıb: “Tam fiasko və yaxud da Müsavat rəhbərliyini zəbt etmiş bandanın biabırçılığı. Bir vaxtlar on minlərlə insanı meydanlara çıxaran yüzilliyin partiyası dünən 200-300 nəfərlə mitinq keçirtdi. İnsan nə qədər həyasız, qırmızı olar ki, Azərbaycan xalqının artıq onlara inanmadığını etiraf etməsin. Nə qədər gec deyil, istefa verin, yeni, intellektli nəsil gəlsin, cənablar”.

İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik isə necə deyərlər, baltanı kökündən vurub. O, deyib ki, ümumiyyətlə bu mitinqə qatılanlar müsavatçılar olmayıb: "Müsavat Partiyasının keçirdiyi mitinq partiyanın mövcud imkanlarını bir daha ortaya qoydu. Mən başqan müşaviri, Səbail rayon təşkilatının sədri olmuşam. Müsavatçıları yaxşı tanıyıram. Mitinqə gələnlərin əksəriyyəti müsavatçı deyildi. Ən azından Yasamal müsavatçıları deyildi. İsa Qəmbərin namizəd olduğu dairənin seçicilərinin bir qismi mitinqin keçirildiyi ərazidə yaşayır. Yəni onun seçiciləri mitinqə gəlməmişdi. Lənkərandan, Zaqataladan, Qubadan və digər rayonlardan gələnlər var idi, amma Yasamal müsavatçılarının heç 5 faizi mitinqdə yox idi". Müsavatçı Tural Abbaslı və keçmiş müsavatçıların dediklərindən sonra doğrudan da heç bir şərhə ehtiyac qalmır. Nəyi şərh edəsiyik ki? Sadəcə, adamın beynini bir sual qurdalayır: Bu nə biabırçılıq idi? Müsavat özünü niyə belə gülünc vəziyyətə saldı?

Yoxsa bütün bunlar elə qurultaydan sonra başlayan özünüifşa prosesinin davamıdır?

Aydın





Həftənin ən çox oxunanları