Yuxarı

“Azərbaycanın milli maraqları təhdid olunur”

“Azərbaycanın milli maraqları təhdid olunur”

 

zelimxan memmedli
Zəlimxan Məmmədli: “5-ci kolon  Rusiyanı xilaskar kimi təqdim etməyə başlayıb”

“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli Azərbaycanın mövcud ictimai-siyasi vəziyyəti ilə bağlı “Cümhuriyət”in suallarını cavablandırıb.

- Zəlimxan bəy, builki parlament seçkilərinə niyə qatılmadınız?

- Bunun əsas səbəbi demokratik seçki mühitinin olmamasıdır. Hətta müxtəlif məlumatlar var ki, parlament üzvlərinin siyahısı şimalda təsdiqlənir. Təbii ki, mən o siyahıda yoxam. Azərbaycan cəmiyyəti Avropaya inteqrasiyanı imitasiya etdi, ölkədə azad, ədalətli, demokratik seçki mühiti yoxdur. Hakimiyyətin bütün resursları rəqibləri sıradan çıxarmağa, özünün maraqlarına uyğun olaraq parlament formalaşdırmağa yönəlib. Seçkilərin nəticələri əvvəldən məlum olduğu üçün bu oyunda iştirak etmək istəmədim. Bilirəm ki, ədalətli seçki olsa, qalib gələcəkdim.

- Ölkənin mövcud ictimai-siyasi vəziyyətini necə qiymətləndirirsiniz?

- Faktiki təkpartiyalı dövlət qurulub və hakimiyyət qürurla “müxalifət yoxdur” deyərək, rəqib siyasi partiyaları sıradan çıxarır. Qanunsuzluqlar hər addımbaşı insanlarımızı təqib edir. İnsanlarımızın cəmiyyət, milli problemlərimizə aqressiv yanaşmaları var, seçkilərə tamamilə etinasız yanaşırlar. O cümlədən korrupsiya və rüşvətxorluq baş alıb gedir. Ən ciddi məsələlərdən biri MTN-lə bağlıdır. Azərbaycan dövləti və vətəndaşlarının təhlükəsizliyini təmin etməli olan, orqan dəhşətli dərəcədə iflasa uğradı. Vaxtilə Daxili İşlər Nazirliyində Hacı Məmmədov olayının üstü açıldı. Amma nə istefa verən oldu, nə də cavab verən.  İndi Milli Təhlükəsizlik Nazirliyinin 7 generalı həbs olunur və cinayət işi açılır, amma vətəndaşlara həqiqət çatdırılmır. Ümumiyyətlə, Azərbaycan dövlətinin təhlükəsizlik sistemi kimin əlindədir? Ortada bu tip  ciddi suallar var. Bu baxımdan ölkənin ictimai-siyasi vəziyyətini ürəkaçan hesab etmirəm. Azərbaycan Avropa sisteminə yaxınlaşmaq istəyir, amma orientasiyada Rusiyaya meyllilik hiss olunur. Təbii ki, bu amil Azərbaycan üçün çox qorxuludur. Azərbaycanın milli maraqları təhdid oluna bilər. Bizim dövlət və region üzərinə ciddi təhlükələr yaxınlaşır. Cəmiyyətin tarazlığını saxlayan siyasi institutlar arasında tarazlıq pozulub və bu, kənar qüvvələrin ölkəmizə təsirləri baxımından ciddi təhlükədir.

- Azərbaycan hakimiyyətinin xarici siyasətdə Rusiyaya meyl etməsi barədə danışdınız. Sizcə, bu, nəyin ifadəsidir?

- Bu təsadüfi deyil. Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsində Moskva və Tehranın işbirliyi mühüm rol oynadı. Həmişə Azərbaycan üçün qorxu mənbəyi olan dövlətlər Elçibəyin devrilməsilə Azərbaycanda öz maraqlarına uyğun hakimiyyətin qurulmasına start verdilər. İndiki siyasi orientasiyanın Avropadan tədricən uzaqlaşması, demokratiyaya qarşı kəskin mövqenin sərgilənməsi, Azərbaycan Xalq Hərəkatından gələn qüvvələrin, eyni zamanda cəmiyyətləşmə elementlərinin sıradan çıxarılmasının hamısı – müstəqilliyə və demokratiyaya qarşı insanlarda inam hisslərinin azalmasına səbəb olur, bu, eyni zamanda milli şüura qarşı olan qüvvələrin fəallaşmasına rəvac verir. “5-ci kolon” Rusiyanı artıq xilaskar kimi təqdim etmək istəyir. Bu, bizim müstəqilliyimizə, Məhəmməd Əmin Rəsulzadə siyasi xəttinə, Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycanın yolu demokratiya və demokratik dünyadır. Rusiya orientasiyasını gücləndirmək istəyənlər 30-cu illər repressiyalarını, 20-ci ildəki aprel işğalını, Xocalı soyqırımını, 20 Yanvar faciəsini və bu gün Ermənistanı silahlandıran, onun ideoloji və siyasi dayağı olan Rusiyanı yaddan çıxarmamalıdırlar. Azərbaycan xalqı özünün gələcəyini 200 illik imperiya əsarətindən sonra ən optimal gələcəyini müəyyən etmək iradəsini ortaya qoymalıdır.

- Azərbaycanda İslam dinini siyasiləşdirməyə çalışan qüvvələr də fəallaşıblar. Bu da dünyəvi dövlət prinsipləri üçün ciddi təhlükədir. Həmin qüvvələr əsas güclərini haradan alırlar?

- Azərbaycanda yanlış dini siyasət yürüdülür. Bəlkə də bu siyasət yox kimidir. Qafqaz Müsəlmanları İdarəsi siyasi quruma bənzəyir. Bunun əsasında yarananlar isə konkret olaraq dini maarifləndirmə işi, dini kadrların yetişdirilməsi, gerçək İslamın Azərbaycan insanına çatdırılması yönündə ciddi addım atmırlar. Belə olan halda sosial ədalətin pozulduğu cəmiyyətdə dini cərəyanlar güclənir. Azərbaycanın din sahəsində o qədər boşluq yaranıb ki, bura vəhabilər də, dini radikal cərəyanlar da ayaq aça bilər. İran Gürcüstanda soydaşlarımız arasında İslam adı altında təxribatlarla məşğul oldu, bunun elementlərini Azərbaycanda da görmək mümkündür. İranın ən böyük silahı siyasiləşmiş məzhəbçilikdir. Ölkədə Azərbaycan türkünün təməl haqlarına zidd olan proses baş verir. Bunun başında duran İran və Səudiyyə Ərəbistanıdır. Onlar gələcəkdə Azərbaycanı islamofobiya ilə təhdid etməyə özləri üçün dayaq formalaşdırmağa çalışırlar.

Mənsur





Həftənin ən çox oxunanları