Yuxarı

Putin-rus şovinizminin son ümidi

Putin-rus şovinizminin son ümidi

putin1Rusiya diktatoru SSRİ-ni bərpa edə biləcəkmi?

Altı il əvvəl Polşaya səfərində Putin Şərqi Avropa qonşularını əmin etdi ki, Rusiyanın onlara qarşı yalnız dostluq münasibəti var. O, 1939-cu ildə region dövlətlərinin Almaniya və SSRİ arasında bölüşdürülməsini rəsmiləşdirən Stalinlə Hitlerin imza atdıqları Molotov - Ribbentrop Paktını kəskin dillə pislədi.  Əlbəttə, Putinin bu danışıq tərzi onun imperiya ambisiyasına tərs idi. Çünki, 6 il sonra rus ordusu Ukraynaya girərək, bu ölkəni parçaladı. Eyni zamanda, Rusiya liderinin Stalinə rəğbətinin olması heç kəsə sirr deyil.

Rusiyanı Sovet İttifaqının “Dəmir yumruq” ləqəbli diktatorunun ələ keçirdiyi sərhədlərinə qaytarmaq cəhdləri, eyni zamanda Hitlerin akkordlarının üzərində gəzişərək bu planının icrasına məhz Şərqi Avropadan başlaması Putinin sözlərində qeyri-səmimi olduğunu göstərir. Bu iştahı Rusiyadakı tərəfdarlarının böyük alqışını alıb.

Rus şovinizmi Stalinin varisi kimi Putini görürlər. Ruslara görə, o, Ukraynanı işğal etməklə geosiyasi şücaət nümayiş etdirir. Yəni, Sovetin dağılmış portretini Stalinin fırçasıyla bərpa edir. Koba kimi Putinin siyasətində də rəqəmlər dominantdır. Həmin rəqəmlərə olan bağlılıq qonşularının sinir sistemlərini sıradan çıxarıb. Merkel Putinin Rusiyadan imperiya yaratmaq cəhdlərinə cavab olaraq, onun başqa dünyada yaşadığını dedi. Merkel haqlıdır. Krımın işğalı yeni imperiyanın Avropa sərhədləri üçün Putinə görə ümid modeli oldu. Məsələn, Hitler 1939-cu ildə Polşanı hansı səbəblə tutmuşdusa, bu gün Putin həmin düşüncə qəlibinə Krımı yerləşdirdi. Putin keçmiş çar və sovet təəbələrini parça-parça federasiyaya yamamağa səy göstərir. Krımın ilhaqıyla Stalinin post-sovet stuluna əyləşən Putin keçmiş Sovet İttifaqının xəritəsini masa üzərində açdı. 1930-cu il. Sovet İmperiyası. Stalinin gözünü kin o qədər örtüb ki, böyük imperiyanı morqa çevirib. Rejim kütləvi həbs və repressiyalara əmr verib. Kulak, ağır əmək düşərgələri, gecə qapıdöymələri, xrom çəkmələrin səsləri, gizli polis, KQB agentləri...

30-cu illərin bu dəhşətli xatirələri o illəri görməyənlərin belə tüklərini ürpərdir. Putin eyni ssenarini yenidən ekranlaşdırmaq istəyir. Putin nə qədər romantik olsa da, keçmiş ideoloji abidənin yalnız xarabalıqları qalıb, onu heç şəkil formasında da bərpa etməyə nə boya çatar, nə də fırça. Əvvəlki kimi elə bir nəhəng palitra da yoxdur ki, əsəri yenidən ərsəyə gətirəsən. Ona görə ki, “rəssam”ın düşüncəsi utopik, qeyri-ideoloji, qeyri-ekastolikaldır. Çünki, zorakı püskürtmələrin sonluğu yaxşı bitmir. Kütləvi düşüncə həmişə dissident fəlsəfəsinin xeyrinə həll olunub. Siyasətdə çox az populizm, müstəsnalıq yaxşıdır. Dözümsüz olmaq lazım deyil. Bu, paxıllıqdır. Stalin də həmişə travmatik düşüncə sindromundan əziyyət çəkirdi. Açıq yalanlar da heç vaxt abidə ucalda bilməz. Putinist fikir emalı yalnız fərqli görünmək üçün daha yaxşıdır, nəinki onu reallaşdırmağa cəhd edəsən.

Suriyadakı proseslərin səngiməsi üçün Putin rus ordusunu Ukraynadan geri çəkməli və Vaşinqtonla danışıqlara başlamalıdır. Aparılacaq danışıqlarda Ukrayna da iştirak etməli və özünü Rusiya - ABŞ çəkişməsində bitərəf elan etməlidir. Bu, dünyada yaranmış böhranı yüngülləşdirəcək. Əks təqdirdə Rusiya - ABŞ qarşıdurması dünyanı əbəs yerə cəzalandıracaq. Çünki, indiki mərhələdə Ukrayna və Suriyada təflərdən heç biri digərinə kompromisə getmək fikrində deyil. Bu ehtimalı bir tərəf digərinə məğlubiyyət kimi qəbul edir.

Amerika baxımından Rusiyanın işğallarla imperiya olmaq cəhdləri axmaqlıqdır. Yenə də Amerikaya görə, SSRİ-nin dağılması yeni Rusiyanın imperialist güclərin sırasına qatılmasını yox, imperializmə təslimiyyətini təyin edirdi. Yəni, Azərbaycan atalarının diliylə ifadə etsək, iki qoçun başı bir qazanda qaynamaz. Belə ki, Ağ Ev baxımından dünyada bir imperiya ola bilər, o da Amerika İmperiyası. Bu müstəvidə Ağ Evin baş ideoloqları Putinin bu ritorikasının Rusiyanın hərbi ölümünü rəsmiləşdirəcəyini deyirlər. Lakin, bu qarşılaşmada qalib tərəf olmayacaq. Çünki, Rusiyanın hərbi gücünə güvənməsi və ABŞ - NATO birliyi ilə hesablaşmaq cəhdi planeti fiziki olaraq yox edəcək, bu, nüvə müharibəsi riskini artırır.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları