Yuxarı

Mirzə Xəzərdən yenilik tərəfdarlarına dəstək

Mirzə Xəzərdən yenilik tərəfdarlarına dəstək

mirze-xezer“İqtidar kimi, müxalifət partiyalarının da islahatlara ehtiyacı var”

Tanınmış jurnalist, siyasi analitik Mirzə Xəzər “Cümhuriyət” qəzetinin sualların cavablandırıb.

-Ümumiyyətlə, Azərbaycan Avropadan necə görünür?

- Yaxşı görünür. Avropadan hər şeyi görmək olur.

- Mirzə müəllim, uzun illər rəhbərlik etdiyiniz “Azadlıq” radiosu Azərbaycan redaksiyasının ətrafında maraqlı proseslər baş verir... Sizin müşahidələrinizdən hansı qənaətə gəlmək olar, ittihamlar, casusluq haqda səsləndirilən fikirlərin meydana gəlməsində səbəb nədir?

-Mənim rəhbərlik etdiyim “Azadlıq” 2003-cü ildə öldü. Mən ayrılandan sonra işinə davam edən “Azadlıq”  tamamilə başqa radiostansiyadır. Vəzifə, məqsəd, iş, proqram fəlsəfəsi, proqramların yöntəmi baxımından tamamilə bambaşqa radiodur. Son illərdə “Azadlıq” radiosu Azərbaycan redaksiyasının ətrafında baş verən prosesləri maraqlı yox, kədərli proseslər adlandırardım. 1988, 1989, 1990 və 2003-cü ilədək olan müddət ərzində milli ideyanın carçısı, istiqlal ruhunun təbliğatçısı, azadlıq və demokratiya amalının simvolu olmuş və öz fəaliyyətini Azərbaycanın milli maraqlarına xələl gətirmədən davam etdirən bir radionun 2003-cü ildən sonra belə acınacaqlı vəziyyətə düşməsi, həqiqətən, insanı məyus edir. Konkret ittihamlar barədə fikir yürüdə bilmərəm. Lakin kənar müşahidəçi kimi deyə bilərəm ki, müxtəlif ittihamların səslənməsində, Xədicənin tutulmasında, radionun Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasında yalnız və yalnız bir tərəfi, yəni Azərbaycan iqtidarını qınamaq doğru deyildir. O biri tərəfin də xataları və səhvləri az deyildir.

- Mirzə Xəzər necə düşünür: Azərbaycanda yeni müxalifətə ehtiyac varmı? Hansı ki, bugünkü siyasi liderlərin yer almadığı müxalifəti nəzərdə tuturam.

- Azərbaycanda müxalifətə ehtiyac var. İqtidarın islahata ehtiyacı olduğu kimi, müxalifət partiyalarının da islahatlara ehtiyacı vardır. İqtidar dərk etməlidir ki, siyasi və dünyəvi müxalifəti məhv etməklə, cəmiyyətdə böyük bir boşluq yaradır. Bu boşluğu  isə radikal dini ideyalar dolduracaqdır ki, bu, bumeranq kimi iqtidara zərbə endirəcək.

- Hazırkı Azərbaycan mətbuatını necə xarakterizə edərdiniz?

- Azərbaycanda müstəqil və azad mətbuat  hələ yaranmayıb. Bu cür davam edərsə, hələ uzun zaman yaranmayacaq.

- Biz bilirik ki, sizin müxtəlif siyasi proqnozlarınız özünü tam doğruldub. Suriya hadisələrinin nəticələrini necə görürsünüz? Oyundan kim qalib çıxacaq? Türkiyə, Rusiya, Qərb, ya elə Şərqin özü? Misal üçün Çini də nəzərə ala bilərik...

- Yaxın Şərq qaynayır. Yaxın Şərqdə hökmranlıq uğrunda böyük güclər - ABŞ, Rusiya və Çin arasında şiddətli mübarizə gedir. Oyundan kim qalib çıxacaq? Yaxın Şərq ölkə və xalqları uduzacaq, onlardan  başqa hər kəs qalib çıxacaq.

- Rusiyanın aqibəti haqda nə düşünürsünüz? Bu ölkədə daxili münaqişə ocaqlarının yaranma ehtimalı varmı? Çeçenistan hadisələrinin oxşarı və ya təkrarı.

- Rusiyanın aqibəti barədə bədbin fikir söyləyən falçıların  sayı çoxdur. Rusiyanın tezliklə dağılacağını söyləmək dəbdədir. Cəfəngiyyatdır. Bütün bunlar qeyri-ciddi mülahizədir, mübaliğədir. Rahat yatsınlar. Rusiya yaxın və ya uzaq gələcəkdə dağılmayacaq.  Daxili münaqişə ocaqları yaranmayacaq.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları