Yuxarı

“Ölkənin vəziyyəti acınacaqlıdır”

“Ölkənin vəziyyəti acınacaqlıdır”

[caption id="attachment_1317" align="alignleft" width="280"]zerdust Elizade Zərdüşt Əlizadə: “Kim Qərbin maraq dairəsindədirsə, onu müdafiə edir, bunun əksidirsə, həmin dövlətə yaxın durmur”[/caption]

Parlament seçkilərinə 4 gün qalıb. İqtidar yenə də sadiq olduğu ampulasında qalaraq, seçkilərin anti-demokratik məcrada keçəcəyinin anonsunu verib. Ölkənin bütün seçki dairələri üzrə təmsil olunan hakim Yeni Azərbaycan Partiyası yenə də, rəqib siyasi qurumların parlamentdə böyük çoxluqla təmsil olunmayacağına imkan verməyəcəyini elan edib. Paralel olaraq əvvəlki seçkilərlə müqayisədə seçkilərdə yarışacaq namizədlərə ödənişsiz efir vaxtı tanımayan hakimiyyət bir daha öz mahiyyətini ortaya qoydu.

Ölkənin demokratik qüvvələri ilə yanaşı, bir sıra beynəlxalq qurumlar mövcud iqtidarın ölkəni öz prinsipləri ilə idarə etdiyini bildirirlər. Azərbaycan müxalifətini təmsil edən bir sıra siyasi qurum və partiyalar seçkilərin nəticələrini əvvəldən görərək, təkrar seçki qərarı veriblər. Çünki təkrar seçki qərarı o deməkdir ki, 2015-ci ilin parlament seçkiləri də əvvəlkilərdən fərqli olmayacaq. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimizdə ölkədə yaranmış vəziyyətlə bağlı danışdıq. Əvvəlcə, ölkənin ictimai-siyasi vəziyyətindən danışan Z.Əlizadənin sözlərinə görə, Azərbaycan da daxil olmaqla bir çox keçmiş Sovet İttifaqı ölkələrində ictimai-siyasi vəziyyət acınacaqlı vəziyyətdədir: “Rusiya da daxil olmaqla, regionun bir çox dövlətlərində isə dayanıqlı siyasi sistem yoxdur. Azərbaycana paralel olaraq, həmin ölkələrdə hər şey müəyyən dəstənin siyasi iradəsinə bağlıdır. Bu ölkələrdən yalnız müsbət gələcəyə Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Ukrayna ümid edə bilərlər. Qalanlarının hamısı pis gündədir”.

Zərdüşt Əlizadə cəmiyyətdə baş verən ədalətizliklərin insanları radikal dini cərəyanlara yönəltdiyini də vurğulayıb. Politoloq Azərbaycan cəmiyyətinin ədalət axtarışında olduğu fikrindədir.

  1. Əlizadənin sözlərinə görə, Azərbaycanın müstəqillik dönəmində keçirilən seçkilərin hamısı saxtalaşdırılıb. O hesab edir ki, heç vaxt cəmiyyət demokratik seçkilərin şahidi olmayıb: “Ona görə də, 2015-ci il parlament seçkilərinin müstəqillik dönəminin ən anti-demokratik seçkiləri olacağını düşünmürəm. Çünki, keçirilən seçkilərin hamısı anti-demokratik və mövcud siyasi sistemin maraqları çərçivəsində baş tutur. Parlamentə seçiləcək şəxslərin adlarının əvvəldən məlum olan ölkədə demokratik seçkilər keçirilə bilməz”.

Qərb uzun müddət insanların nəzərində Azərbaycan müstəqilliyinin təminatı kimi qiymətləndirilirdi. Lakin, son dönəmlərdə Qərbin Azərbaycanı Rusiyanın iradəsinə təslim etdiyi bildirilir. Azərbaycan iqtidarının xarici siyasətində də Rusiya təmayülü açıq formada hiss olunur. Xarici işlər naziri Elmar Məmmədyarovdan tutmuş, müxtəlif ranqlı məmurlarınadək Azərbaycanın Rusiyanın “Yeni SSRİ proyekti” kimi qiymətləndirilən Avrasiya İqtisadi İttifaqına üzv olmaq ehtimalları ilə bağlı səsləndirdiyi fikirlər demokratik düşərgə və cəmiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmır.

Zərdüşt Əlizadənin sözlərinə görə, NATO Kosovonu bombardmanla Serbiyadan ayırdı və onun müstəqilliyinə zamin durdu: “Suriyanı, Sudanı və digər dövlətləri əzdi, bir çox dövləti məhv etdi. Bu ölkələrin suverenliyini, müstəqilliklərinə zamin durmadı. Əgər hansısa dövlət Qərbin maraq dairəsindədirsə, onu müdafiə edir, əgər bunun əksidirsə, həmin dövlətə yaxın durmur. Qaldı ki, Rusiya - Azərbaycan münasibətlərinə - əgər Azərbaycan istəsə Rusiyaya, yaxud Qərbə inteqrasiya edəcək. Əgər bunların heç birini istəmirsə, yerində sayacaq”.





Həftənin ən çox oxunanları