Yuxarı

İlhamiyyə Rza adının "MTN işi"ndə hallanmasından danışdı

İlhamiyyə Rza adının

ilhamiyye

17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olan İlhamiyyə Rza Mətbuat Şurasının sədri Əflatun Amaşova yazılı müraciət edib. O, bu haqda özünün facebook profilində bildirib. Cebhe.info onun müraciətini təqdim edir:

"Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova

Seçki dönəmlərində rəqiblərin bir-birinə qarşı, qara “piar” istifadə etmələri, bu işdə alət rolunu peşəkarlıqdan uzaq media orqanlarının oynaması yeni hadisə deyil. Dəfələrlə seçki kampaniyasını uğurla aparan namizədlərə bu yolla çamur atıldığının şahidi olmuşuq. Çox təəssüf, budəfəki seçki prosesi də istisna olmadı və görünən odur ki, şikayətlərə baxmayaraq, media orqanlarına qarşı heç bir tədbir görülməməsi onlara geniş meydan verir.

Analoji qarayaxma ilə mən də üzləşmişəm. Milli Şuranın sədri Cəmil Həsənlinin Milli Məclisin tərkibinin artıq təyin edilməsi haqqında bir neçə media orqanında dərc edilən açıqlamasında, onun mediaya təqdim etdiyi “deputat siyahısı”nda mənim də adım yer alıb. Özünü müxalifət lideri adlandıran şəxsin hakimiyyətin guya öncədən müəyyən edilmiş deputat siyahısını hansı yolla əldə etməsi sualı qaldırdığım məsələnin mövzusu olmadığı üçün onun üzərində geniş dayanmaq istəmirəm. Ancaq bu açıqlama bir neçə həftədir mənə qarşı aparılan qara “piar”ın qaynağına çevrilib.

Oktyabrın 26-da aim.az, moderator.az saytları Cəmil Həsənlinin sözügedən açıqlamasından çıxış edərək haqqımda olmazın iftira tirajlayıblar. Hətta məni Ümid Partiyasına son günlər həbs edilən MTN generallarının yerləşdirməsini iddia edəcək qədər uzağa gediblər. Səbəbləri də “öldürücüdür” – nə zamansa ailəmlə MTN-in Bilgəhdəki istirhət mərkəzində dincəlmişəm. Nadanlığın bu qədəri.

Birincisi, mən Ümid Partiyasının üzvü deyiləm, parlament seçkisinə yönəlik yaradılan “125-lər” siyasi klubunun başqanıyam. İkincisi, mən bütün fəaliyyətim dönəmində şəffaf olmuşam. Adım heç zaman hansısa gizli sövdələşmələrdə yox, Azərbaycan cəmiyyətinin inkişafına yönəlik layihələrdə çəkilib. Düşünürəm ki, seçki kampaniyasını da yetərincə şəffaf aparmışam və Azərbaycanda çoxlarının etimad etmədiyi seçki prosesinə, seçicilərin bu prosesə inamını qaytarmaq işinə ciddi qatqılarım olub. Namizəd olduğum dairədə vətəndaşların fəallığı bunu deməyə əsas verir.

Böyük təəssüf hissi ilə qeyd edirəm ki, cəmiyyətin güzgüsü funksiyasını daşımalı olan media orqanları cəmiyyətdəki müsbət tendensiyaları məhv eləməyi qarşılarına məqsəd qoyublar. Qanunvericilikdəki boşluqlar, bu cür yazıları yazanların mənəvi kasıblıqları və maddiyat qarşısında asanlıqla sınmaları bu mənfiliyə geniş meydan verməkdədir.

Sizdən Mətbuat Şurasının sədri olaraq adları qeyd olunan saytlara və onlara istinadən bu cəfəng iddiaları yayan media orqanlarına qarşı tədbir görməyinizi xahiş edirəm. Ayrıca, seçkidən dərhal sonra şərəf və ləyaqətimin alçaldılmasına dair məhkəmədə iddia qaldırmaqda qərarlıyam.

Media mənsublarından xahiş edirəm, bu müraciətimi yaysınlar.

Sayğılarımla, İlhamiyyə Rza"





Həftənin ən çox oxunanları