Yuxarı

“Müxalifətdəki avtoritarizm hakimiyyəti də vurub keçib”

“Müxalifətdəki avtoritarizm hakimiyyəti də vurub keçib”

mirze_sakit

Mirzə Sakit: “Əli Kərimlinin yanında olanlar mənə qarşı namərdlik etdilər”

Satirik şair, “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Mirzə Sakit “Cümhuriyət” qəzetinin ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə bağlı suallarını cavablandırdı.

- Ölkədə hazırkı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Vətəndaşların sosial durumlarının çoxacınacaqlı olmasından  ölkədəki siyasi vəziyyətin  ağır böhran içərisində olduğunu təyin etmək olar. Bu böhran son günlər daha da dərinləşməyə doğru istiqamətləndi, dövlətin şah damarı hesab olunan Milli Təhlükəsizlik Nazirliyində baş verən kritik və kriminaloji olaylar müharibə vəziyyətində olan Azərbaycanın qorxulu məmləkətlər sırasında olduğunu bir daha təsdiq etdi. Əhalinin təhlükəsizlik qarantının hədsiz kövrək olması ölkəmizin gələcəyinin təhlükə altında olmasına işarədir.

- Azərbaycanda olsaydınız, namizədliyinizi irəli sürərdiniz?

- 2010-ci ilin parlament seçkilərində namizədliyimi Şirvan seçki dairəsindən irəli sürmüşdüm. İlk günlərdəcə seçilməyimə hakimiyyət tərəfindən əngəl törədiləcəyini hiss etmişdim, amma buna baxmayaraq, həmin əngəli hakimiyyətin törətməsinə ehtiyac qalmadı, çünki AXCP-dən (Əli Kərimlinin rəhbərlik etdiyi qrupu nəzərdə tutur-müəll.) olan öz həmkarlarım mənə qarşı əməlli-başlı namərdlik etdilər. Belə ki, imza vərəqələrimi qəsdlə gecikdirməklə namizədliyimin qeydə alınmasına görə, DSK-ya bəhanə verdilər. Hazırkı seçkidə Azərbaycanda olsaydım da belə, yenə namizədliyimi irəli sürməzdim, seçki üçün normal mühiti və insanların seçkiyə inamı olmadığından seçkilərə qatılmaqdan imtina edərdim. Belə seçki olmur, bunun adı ayıb bir işdir, çox ayıb. İnsan öz dövlətinin Konstitusiyasına qarşı bu qədər düşmənçilik etməz.

- Azərbaycan hakimiyyəti demokratik olmaq istəmir, yoxsa rəqiblərinə qarşı dözümsüzdür?

- Təkcə hakimiyyətmi? Azərbaycandakı hakimiyyət o zaman demokratik olardı ki, ölkədəki muxalif partiyalarda demokratiya hökm sürərdi. Əgər bir ölkənin ki, müxalifətinin içində analoqsuz avtoritarizm kök salıbsa, hakimiyyət necə olmalıdı ki?! Müqayisə üçün deyim ki, hal-hazırda müxalifət daxilindəki avtoritarizm hakimiyyəti də vurub keçib. Belə müxalifət olmur. Ən acınacaqlısı odur ki, özlərini müstəqil qəzetçi hesab edən bəzi müxalifyönlü jurnalistlər hansısa oyunbaz bir partiya sədrinin əlində alətə çevriliblər. Bu çox biabırçı bir haldır, qəzetçi kiməsə rəğbət bəsləyə bilər, lakin kiminsə köləsinə çevrilməz..

- Müxalifət partiyalarının seçkilərdən çəkilmək, seçkidə iştirak etməmək qərarını doğru hesab edirsiniz?

- Bu haqda yuxarıda fikrimi dedim, əlbəttə, düzgün addımdı. İnsan öz-özünü necə aldada bilər axı? Bildiyin halda ki, seçicilərin sənə verdikləri səsləri batıracaqlar və sən də bu səslərin müdafiəsinə qalxa bilməyəcəksən, o zaman seçkidə iştirak etməyin mənası nədir. Çox təəssüflər olsun ki, son illərdə müxalifətə qarşı çıxanlar elə müxalifətin özü oldu və getdikcə də sıralarını seyrəltdilər. Bu seyrəltmənin də bir nömrəli günahkarları həmin müxalifət partiyalarının rəhbərləri oldular. O adamlar buna görə cavab verməlidirlər, son on beş ildə yüzlərlə insanlar həbsxana həyatı yaşadılar, adama deyərlər ki, bacarmırsansa da, bunu etiraf etmək mədəniyyətin olmalıdır.

- Hakimiyyətin xarici siyasətdə Rusiya təmayülündən imtina edə bilməməsinin səbəbi nədir?

- Bu mümkün deyil, nə qədər acı olsa da deməliyəm ki, Azərbaycan Respublikası  hazırda Rusiyadan asılı vəziyyətdədir. Nə qədər ki, ölkədə ancaq dövlətə bağlı olan milli hakimiyyət formalaşmayacaq, Azərbaycan heç vaxt Rusiyanın təsirindən çıxa bilməyəcək.

- Gəncləri müxtəlif dini cərəyanlara meylləndirən problem nədir? İran və Səudiyyə Ərəbistanı kimi dövlətlərin bu prosesdə rolu nədən ibarətdir?

- Xatırladım ki,  İranla Rusiya müttəfiq olduqlarından Azərbaycandakı bir sıra gənclərin dini-radikalizmə yuvarlanması həmin iki dövlətin qurduqları məkrli planlarından biridir. Həmin dini-fanatiklər dediyimiz müxalifətin də sıralarına siraqət edib. Gəncədəki din dəllallarının keçirmək istədikləri yürüşün qarşısının kəsilməsinə etiraz olaraq Milli Şuranın rəhbərliyinin bəyanatını buna misal gətirmək olar.  Şübhəsiz ki, o bəyanatı verənlərin özləri də gözəl bilirlər ki, vəba xəstəliyi kimi yayılan din buşmenlərin İranın Azərbaycana qarşı qurduğu zəhərli bir plandır. Buna baxmayaraq həmin bəyanat sahiblərinin özləri də həmin cəngəllik buşmenləri ilə  əlbirdilər. Belə çıxır ki, sabah İŞİD də gəlib Gəncədə yürüş keçirsə və şəhər rəhbərliyi o yürüşün qarşısını kəssə, buşmenlər yenə bəyanat verib deyəcəklər ki, niyə görə yürüşün qarşısını kəsirsiniz? Qeyd edim ki, İŞİD-in də tərkibində Azərbaycan vətəndaşları var.

- Cəmiyyət arasında milli və dünyəvi dəyərlərin getdikcə iflasa uğramasının səbəbi nədir?

- Maariflənmənin düzgün aparılmaması, mətbuatın siyasi alverçilərin əlində olması, telekanallarda vətənpərvərliyi tərənnüm edən verilişlərin olmaması, müəllimlərin kölələşdirilməsi, ziyalıların susdurulması, mollanın alimdən zəngin yaşaması, saxta dindarların göbələk kimi çoxalması, gənclərin bütpərəstə çevrilmələri və sairə və ilaxır.

- Azərbaycana qayıtmaq barədə düşünürsünüzmü?

- Belçika dövləti tərəfindən mənə siyasi status verilsə də, hələ bu ölkənin vətəndaşlığını almamışam, gələn il  bu hüququmdan istifadə etmək şansına yiyələnə bilərəm. Vətəndaşlıq alan kimi də Azərbaycana gələcəm.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları