Yuxarı

Balanslı siyasət dövrü bitir

Balanslı siyasət dövrü bitir

bakiXarici siyasətdə Rusiyanın çəkisi artır

Azərbaycan - Qərb münasibətlərində yeni dönəm başlanır. Hökumətin xarici işlər nazirindən digər postları tutan məmurlarınadək Azərbaycanın yaxın gələcəkdə Rusiyanın Avrasiya İttifaqına qoşula biləcəyini bildiriblər. İlkin olaraq bu çıxışlar Rusiyanın tezliklə Azərbaycanın Dağlıq Qarabağ və digər məsələlərdə şərtlərini qəbul edəcəyi görüntüsünü yaratsa da, bu fikirlər hələ də ehtimal olaraq qalır. Çünki Kremlin mövqeyi Dağlıq Qarabağda işğal həyata keçiriləndən üzübəri Ermənistanın lehinə olub.

Bu da sirr deyil ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsi Rusiyanın planı idi. Kremlin baş ideoloqlarının bu layihəni hələ SSRİ parçalanmamışdan əvvəl hazırlamaları haqqında informasiyalar vardır. Moskva gec-tez Sovet İttifaqının dağılacağını bilirdi. Buna görə də tez-tez baş ağrısına çevrilən Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanı parçalanmadan sonra nəzarətdə saxlamaq üçün Dağlıq Qarabağ kimi etnik münaqişələr hazırlayırdı. Bu, parçalanma Moskvanın uzaq hədəflərini təyin edirdi. Nəticədə SSRİ-nin dağılması həmin planların işə salmasına zəmin yaratdı və Dağlıq Qarabağ işğal olundu.

Bu həmçinin Rusiyanın Azərbaycandan qisas alması hadisəsi idi. Belə ki, 1985-ci ildə Qorbaçovun “Yenidənqurma” siyasətinə etiraz olaraq, ittifaqın ayrı-ayrı respublikalarında başlayan pərakəndə nümayişlərdən fərqli olaraq, Azərbaycanda proses mərkəzləşmiş qaydada cərəyan edirdi. 80-ci illərin sonunda Azərbaycanda başlamış Milli Azadlıq Hərəkatı digər respublikalarda da kütləvi nümayişlərə güc verdi. Söz yox ki, anti-Moskva nümayişlərində Amerika və Qərbin də xüsusi dəstəyi vardı. Sovet “KQB”-si də baş verənlərdən xəbərdar idi. SSRİ çökən kimi həmin xəbərdarlıqlar özünü ən pis formada göstərdi. Rusiyanın təkidilə Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı. Bu müharibədə isə Ermənistanın əsas dəstəyi, eləcə də hərni dəstəyi Rusiyadan idi və rus qoşunlarının hesabına Azərbaycan torpaqlarını işğal etdi. Bu işğalın sonucu olaraq, 1991-1994-cü illəri əhatə edən müharibədə Azərbaycan ərazilərinin bir hissəsini itirdi.

Rusiyanın belə bir addım atmasına səbəb Azərbaycan da daxil olmaqla bir çox keçmiş Sovet respublikasının Qərblə yaxınlaşmaq cəhdi, inteqrasiya idi. Əlbəttə, bunu Rusiya özünün uzaq hədəflərinə təhdid sayırdı. Buna görə də, Moskva onun üçün həssas olan ölkələrdə işğallar həyata keçirdi, eyni zamanda keçmiş respublikaların vətəndaşları üçün Rusiyada rahat iş tapmaq imkanı yaratdı. Bu işğallar Azərbaycanla yanaşı, rus ordusundan zədə almış digər dövlətlərdə işsizlik, maliyyə və sosial böhran yaratdı. Yerli hökumətlərin vətəndaşlar üçün yeni iş yerləri yarada bilməməsi Rusiya rəhbərliyinə işsizlər ordusunu qəbul etmək ideal fürsət yaratdı. Moskva bununla sosial təminat üçün yerli hakimiyyətlərdən incik və narazı olan işsizlər ordusuna qəyyumluğu üzərinə götürdü. Bu, təkcə Azərbaycan üçün yox, digər postsovet ölkələri üçün də yetərli bir düstur idi. Bu ağrını hər zaman hiss edirik. Postsovet ölkələrinin, eləcə də Azərbaycanın üstündə bu fakt bir “Domokl qılıncı”dır. Rusiya rəhbərliyi bu gün qərar versə ki, Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları federasiyada işləyə bilməzlər, bu zaman Azərbaycanın hansı vəziyyətə düşəcəyini görmək o qədər də çətin deyil. Çünki, ölkə əhalisinin böyük əksəriyyəti Rusiyadan göndərilən pullar hesabına öz sosial problemlərini həll edirlər. Təbii ki, bu faktı nəzərə alsaq, Rusiyadan çıxarılan azərbaycanlıların ölkəyə qəfil və kütləvi dönüşü sosial partlayışa səbəb ola bilər. Təbii ki, hakimiyyət belə bir mənzərənin yaranmasında maraqlı deyil və Rusiya ilə əlaqələrini nəzərdən keçirərkən bu faktı da diqqətdə saxlayır.

Bu kimi amillərin hesabına da ötən il Putin Cənubi Qafqaz ölkələrinin rəhbərliklərinin Moskvanın iradəsinə tabe olduğunu dilə gətirdi. Bu əbəs yerə səsləndirilmiş fikir deyildi.

Azərbaycanın Avrasiya İttifaqına qoşulması fonunda Dağlıq Qarabağ münaqişəsinin gələcək müqəddaratına gəlincə, ekspertlərin firincə, Rusiya heç zaman bu problemin həllində Ermənistanın əleyhinə mövqe tutmayacaq. Çünki rəsmi Moskva nə Azərbaycan hakimiyyətinə, nə də Azərbaycan xalqına inanır. Eyni zamanda Kreml Rusiyanın Azərbaycan əhalisi arasında güclü nüfuzunun olmadığını bilir. Bunu bildiyindən də Dağlıq Qarabağı Azərbaycana təsir vasitəsi kimi saxlamaqda maraqlıdır. İlkin olaraq, gözdən pərdə asmaq üçün Moskva Dağlıq Qarabağətrafı rayonları geri qaytara bilər. Bundan sonra qeyri-müəyyən vaxta qədər Dağlıq Qarabağın gələcək müqəddaratının təyin edilməsi prosesi başlayacaq. Əlbəttə, bu proses sürəcində Moskva yenə də mövqeyini qoruyacaq və nəticə etibarilə münaqişənin birdəfəlik dondurulması ehtimalını artırır.

Hakimiyyəti Rusiyaya yönəldən əsas faktorlardan biri isə Qərbin Azərbaycanda köklü siyasi dəyişikliklər etmək istəməsidir. Təbii ki, bu da iqtidarın maraqlarına ziddir. Amma bu tip dəyişiklik xalqın da maraqlarını tam ehtiva etmir. Çünki radikal siyasi dəyişiklik nəinki siyasi hakimiyyətin sahib olduğu bütün imtiyazları əlindən ala, eyni zamanda dövlətin özündə də kataklizmlərin yaranmasına rəvac verə bilər.

Mənsur





Həftənin ən çox oxunanları