Yuxarı

Gülağa Aslanlı: “Müsavat qərarını dəyişməyəcək”

Gülağa Aslanlı: “Müsavat qərarını dəyişməyəcək”

gulaga aslanli“Mərkəzi Seçki Komissiyasının nə deməsi bizim üçün önəmli deyil”.  Bu açıqlamanı Cebhe.info-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı verib. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası partiyanın seçkilərdə iştirakdan imtina barədə ərizəsini qəbul etməyib.

MSK Müsavatın qərarını Seçki Məcəlləsinə zidd hesab edib. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən seçkidə iştirak edən namizəd bu barədə ən azı 10 gün qalmış müvafiq quruma məlumat verməlidir. Müsavat Partiyası isə seçkilərə 5 gün qalmıış imtina qərarı çıxarıb. Gülağa Aslanlı isə bildirib ki,  seçkidə iştirak edib-etməmək Müsavat Partiyasının daxili işdir və bu hüququ heç bir rəsmi orqan ondan ala bilməz: “Biz hakimiyyətin nəzərinə çatdırmaq istəyirik ki, seçkidə iştirak etmək hər bir kəsin hüququdur, vəzifəsi deyil. Mən bu hüququmdan istifadə etmək istəmirəmsə, MSK-ının hansı qərar qəbul etməsi mənim qərarıma təsir edə bilməz. Yəni Müsavat Partiyasının qərarı hüquqi qüvvəyə malikdir. Ona görə də Müsavat Partiyası bu gün özünün rəsmi mövqeyini yayacaq”.

Problemin digər tərəfi isə seçki bülletenləri ilə bağlıdır. Belə ki, seçki bülletenləri artıq çap olunub və ora Müsavat Partiyasının namizədlərinin də adı daxildir. “Namizədlərinizə səs verilsə, bu səslərdən imtina edəcəksinizmi” sualına cavabında G.Aslanlı bildirdi ki, bu, sonrakı mərhələdə müzakirə olunmalı məsələdir: “Biz  seçkidən geri çəkiliriksə namizədlərimizə kiminsə səs verməsinin heç bir əhəmiyyəti yoxdur”. Müsavat Partiyasının rəsmisi onu da bildirib ki, Seçki Məcəlləsində namizədliyi geri götürmək üçün 10 gün vaxtı müəyyən edilməsi Müsavat Partiyasının qərarını dəyişməyəcək: “Hakimiyyət Seçki Məcəlləsini özlərinə sərf edən şəkildə yazıb. Eyni zamanda, seçki qanunvericiliyində bu məsələ ziddiyyətlidir. Seçki Məcəlləsində seçkilərə 10 gün qalmış namizədin qeydə alınmasından imtina da var. Belə olan halda necə olur? Ona görə hakimiyyət özünə sərf edəni yazır. İstənilən namizəd istənilən vaxt namizədliyini geri götürə bilər”.

Müşfiq





Həftənin ən çox oxunanları