Yuxarı

Sus, Elza, sus... - hamı kimi

Sus, Elza, sus... - hamı kimi

elza seyidcahanHansısa dəyişikliklərə yol açacağı düşüncəsilə çoxdan bəri gözlənilən, əslində isə, heç nəyin dəyişməyəcəyini hamının bildiyi seçkilərə Elza Seyidcahan öz damğasını vurdu. Seçkiöncəsi və sonrakı prosesləri göz önündən keçirəndə əminliklə demək olar ki, Elza Seyidcahan olmasaydı, bu seçkilər təqvimdə adi gün kimi qalacaqdı. İndi isə məhz  müğənninin sayəsində ölkədə seçki olmasa da, seçkiyəbənzər nəyinsə keçirildiyini iddia etmək mümkündür. Cəmiyyət, məhz buna görə Elza Seyidcahana minnətdar olmalıdır. 2015-ci il seçkisində xatırlanacaq nələrəsə görə, məhz ona- Elza xanıma borcluyuq.

Qəribə geyimləri, şeirləri, davranışları ilə diqqəti çəkən müğənninin öz hüququnu bu qədər israrla qoruyacağını çoxları düşünməzdi. Yəqin elə indi də Elza Seyidcahanın seçkidən sonrakı mətbuat konfransını, səsləndirdiyi fikirləri, çox ciddi ittihamları şou hesab edənlər çoxdur. Bəlkə, elə doğrudan da, şoudur, rəğbət qazanmaq, daha da diqqətdə olmaq cəhdidir, amma əgər bu cəhdlər ən azından bir neçə nəfərə öz hüququ uğrunda çarpışmağın mümkünlüyünü göstərirsə, buna da şükür.

Susqun cəmiyyət üçün də, qocaman müxalifət üçün də, yoldaşlarının aqibətini yaşamamaq üçün hər gün bir adddım geri gedən vətəndaş cəmiyyəti üçün də ortada bir Elza Seyidcahan nümunəsi var. Yararlanın, xanımlar və cənablar!

Müğənninin seçki prosesində başına gələnlərlə az qala hər bir namizəd qarşılaşıb, kimisinə rüşvət, kimisinə hədə-qorxu gəlinib. Ancaq heç biri bu barədə danışmayıb, konkret ad çəkməyib, narazılığını ancaq ümumi bildirməklə kifayətlənib. Çünki sabahından, gələcəyindən qorxur. Bu sabah isə hamı üçün var, hətta Elza Seyidcahan üçün də.

Deyirlər, müharibədə, eşqdə və siyasətdə bütün variantlardan istifadə məqbuldur. Bizim qocaman müxalifət “bütün variantlar” dedikdə ancaq kimlərləsə aparılan danışıqlardan daha çox, nələrsə qazanmaq arzusunu reallaşdırmağı nəzərdə tutur. İllərlə siyasət meydanında olub nəyisə dəyişməyi demirik, heç olmasa, bu dəyişikliyə cəhdə meyl etməyənlər üçün bu davranışlar qəribə görünə bilər. Seçkiyə gedib-getməyəcəyini aylarla müzakirə edib qərar verib geri çəkilənlər, sonucun nə olacağını bilə-bilə siyasi divident qazanmaq imkanlarını şişirdənlər, sonunda bircə toplantı və bir bəyanatla seçkiyə də, öz siyasi karyeralarına da, cəmiyyətdə olub-qalan nüfuzlarına da son qoyanlar dirəniş göstərməyi öyrənsinlər. Öyrənmək heç zaman gec deyil!

Cəmiyyət üçünsə Elza Seyidcahan, deyəsən, piano arxasında, yaxud başında lələklə ekrana çıxanda, ya da elə şeirlərində daha çox maraqlı və sevimlidir. Xalq oxumağı, oynamağı, oxuyub oynayanlara baxmağı sevir. Əgər bu oxuyub-oynayan hansısa hüquqdan, seçkidən, səsvermədən, YAP-dan, qanunu pozanlardan danışırsa, artıq təhlükədir. Onu mümkün qədər uzaq durub kənardan seyr etmək lazımdır. Heç bir rəy bildirmək, xüsusən də həmrəylik nümayiş etdirmək olmaz. Bəziləri isə lap uzağa gedib “Müğənni adamsan, get toya pul qazan” deməklə onu da susmağa, haqqı uğrunda mübarizədən çəkinməyə çalışırlar. Doğrudur, bu xalqın hansısa bir nümayəndəsinin, lap elə həbsdə yatan jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasətçilərin həbs olunduğu zaman xalqın bir namayəndəsi kimi Elza Seyidcahan da susurdu. Amma yarıac-yarıtox yaşayan xalqın susduğu bir zamanda Elza Seyidcahanın timsalında, vəziyyəti bu xalqın hər bir sıravi üzvündən dəfələrlə yaxşı olan incəsənət xadimindən sinəsini sipər etməyi gözləməyə dəyməzdi. Biz Avropa deyilik, biz heç Ukrayna da deyilik ki, meydana ilk cıxanlar arasında artistlərimiz, idmançılarımız, rejissorlarımız olsun. Bunlar 1990-cı illərdə qaldı. Hələ də 20 Yanvar şəhidlərinin dəfn mərasimini Afaq Bəşirqızını əlində qərənfil, gözündə yaş, başında qara örpəyi ilə xatırlayıram. Keçdi o zamanlar. O zamanlardan çox sular axıb, çox şeylər dəyişib, ən əsası isə biz dəyişmişik, öz taleyimizə daha laqeyd olmuşuq. Bizim üçün Elza şeirlərini müzakirə edib barəsində danışmaq üçün lazımdır. Bizim üçün Elza seçki ilə bitdi. Biz heç kəsə, hətta müğənniyə də hüququnu qorumaq cəhdini bağışlamırıq. Biz susuruqsa, o,  niyə susmasın? Onun danışmamaq, susmaq üçün bizdən daha yaxşı səbəbləri olmalıdır axı. Onun ən azından çoxumuzun qibtə etdiyi normal yaşayışı var. Biz banklara ödəniləcək kreditin, kirayələrdə keçən ömrün, məktəbə ödəniləcək süpürgə pulunun, ayağımızın batdığı palçığın içində susa biliriksə, o niyə danışsın? Niyə susmağı öyrənmir? Qorxmur ki, YAP-çılar onu dövlət tədbirlərinə buraxmamaq bir tərəfə, toylara çağırmazlar? Görmür ki, indi başqalarını görüb dərs almağın zamanıdır? Görmür ki, susmaq həm də razılıq əlamətidir? Sus, Elza Seyidcahan , sus! Onsuz da bu ölkədə sənin səsinə səs verən olmayacaq!

Sevil      





Həftənin ən çox oxunanları