Yuxarı

Moskva Suriyada quru əməliyyatlarına başlayır?

Moskva Suriyada quru əməliyyatlarına başlayır?

Elxan ŞahinoğluElxan Şahinoğlu: “Bu, rus cəmiyyətini Kremlə qarşı çevirə bilər”

Rusiya Homs və Hama şəhərləri yaxınlığındakı döyüş zonalarına ağır artilleriya və digər quru qüvvələri yerləşdirir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland deyib. Nulandın sözlərinə görə, Moskvanın Suriyaya hava kampaniyası gündə 2-4 milyon dollara başa gəlir. ABŞ təhlükəsizlik rəsmiləri və müstəqil ekspertləri isə noyabrın 4-də “Röyters”ə deyiblər ki, hazırda Rusiyanın Suriyada 4 min əsgəri var.

Rusiyanın Suriyada İŞİD mövqelərinə keçirdiyi hərbi əməliyyatlar Rusiya-ABŞ gərginliyini pik həddə çatdırıb. Ağ Ev Rusiya Hərbi Hava Qüvvələrinin birlikləri Suriyaya girəndə prosesə nəzarət etdiklərini bildirdi. Amerika rəsmiləri Rusiyanın əməliyyatlarına sərt mövqe ortaya qoyduqca, Qərb və İsrail KİV-ləri “Üçüncü Dünya Müharibəsi Suriyadan başlayır?” başlıqlı materialları manşetə daşıdılar.

BBC SSRİ dağıldıqdan sonra Rusiyanın ilk dəfə olaraq, Suriyada hərbi əməliyyatlar keçirdiyini bildirib. Mənbə qeyd edib ki, Moskvanın bu addımı Rusiya və ABŞ arasında təzyiqləri ən yüksək səviyyəyə qaldırıb.

Proseslərin təhlükəli məcraya yönəldiyini görən Rusiya Suriyaya nəzarəti təktərəfli formada ələ keçirmək istəyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun rəsmi Moskvanın suriyalı müxaliflərlə danışıqlar apardığını elan etməsi, bu baxımdan birmənalı deyil. Belə ki, Rusiya Əsəd rejimi ilə müxalifəti barışdırmaq istəyir. Əgər Kremlin planı baş tutarsa, Rusiya ordusu İŞİD-in mövqeləri xaricində Suriyanın bölgəni nəzarətə ala biləcək strateji məntəqələrini ələ keçirə bilər.

“Bu, rus cəmiyyətini Kremlə qarşı çevirə bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə bildirdi ki, Rusiyanın quru qoşunları ilə Suriyaya daxil olacağı inandırıcı gəlmir. E.Şahinoğlunun sözlərinə görə, Kreml qorxur ki, quru qoşunları ilə Suriyaya daxil olsa, böyük itkilərlə üzləşə bilər: “Digər dövlətlər də bu addımı atmırlar, çünki İŞİD-lə savaşda itkilər vermək istəmirlər, hələlik heç kəs bu riskə getmir. Mümkündür ki, Rusiya Suriyaya hansısa mütəxəssislərini göndərsin, Əsəd ordusuna təlimlər keçsin. Amma birbaşa savaşda iştirak etməyəcək. Rusiya ilə yanaşı, digər Qərb dövlətləri də açıq təmasdan qaçırlar. Rusiya quru qoşunlarının Suriyaya girməsi Amerikanın da maraqlarına cavab verərdi ki, İŞİD-lə savaşsın. Amma bu, mümkün olmayacaq, Putin də bunu dəfələrlə deyib. Məsələn, 1979-cu ildə Sovet ordusu Əfqanıstana daxil oldu və 10 il orada özünü biabır etdi. Çünki minlərlə itki verdi, bu da SSRİ-nin dağılmasına gətirib çıxardı. Quru qoşunlarının Suriyaya girməsi rus cəmiyyətini Kremlə qarşı çevirə bilər. Buna görə də Rusiya hava, raket zərbələri və hərbi mütəxəssislərini ora göndərməklə kifayətlənəcək”. İngiltərənin “Royal United Service” təşkilatının hərbi eksperti İqor Sutyaqin Rusiyanın hərbi əməliyyatlara başlamasından sonra Suriyanın ABŞ siyasətində aqressiv dəyişikliklərin baş qaldırdığını bildirib. O, Rusiyanın atdığı addımların tamamilə ABŞ-ın maraqlarının əksinə olduğunu vurğuladı.

BBC-yə açıqlamasında ABŞ dövlət katibi Con Kerri amerikan hərbi qüvvələrinin Suriyada hərbi əməliyyatlara başlamağa hazır olduğunu dedi. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general David Petreus isə Rusiyanın İŞİD əməliyyatlarının dünya üçün təhlükəli vəziyyət yaratdığını xəbərdarlığını edib. “Rusiyanın Suriyadakı son hərbi əməliyyatları ABŞ-ın maraqlarını zədələyir. Rusiya Amerikanın orada olmamasından istifadə edərək, yaranmış boşluqları doldurmağa çalışır. Hesab edirəm ki, Putin Rusiya imperiyasını diriltməyə çalışır”, - deyə general qeyd edib. CNN isə Rusiyanın Yaxın Şərq əməliyyatlarının tərəflər arasında silahlı qarşıdurma riskini artırdığını bildirib.

Hərbi ekspertlər Rusiyanın Suriyada quru əməliyyatlarına başlamasının dəhşətli silahlı qarşıdurmaya çevrilməsi riskini artıracağını bildiriblər. Çünki oktyabrın 20-də Pentaqon və Rusiya Müdafiə Nazirliyi arasında əldə edilmiş anlaşmaya görə, tərəflər arasında razılaşma olmadan İŞİD-ə qarşı quru əməliyyatlarına başlamaq mümkün deyil. Beləliklə, Rusiya şərtləri pozacağı halda ABŞ-ın buna cavabı sərt ola bilər. Vaşinqton həmçinin Əsədlə dialoq qurmaq cəhdlərinə qarşı Rusiyanın İŞİD-ə müharibə elan etməsini, öz maraqlarına qarşı təhdid hesab edir.

“Quru əməliyyatları böyük fəlakətə yol aça bilər”

“Sülh və Münaqişlərin” həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev “Cümhuriyət”ə açıqlamasında, Rusiya quru qoşunlarının Suriyaya yeritmək ehtimalının mümkünsüz olduğuna diqqət çəkdi. E.Mehdiyevin sözlərinə görə, Rusiya anlayır ki, quru qoşunlarının Suriyaya girməsi, böyük fəlakətə yol aça bilər: “Çünki Moskva Əfqanıstanda üzləşdiyi biabırçılığı hələ də unutmur. Bu baxımdan düşünmürəm ki, Rusiya Suriyada quru əməliyyatlarına başlasın. Bu, Rusiya daxilində etnik və dini çaxnaşmaya səbəb ola bilər. Ən azından quru əməliyyatları Suriyada döyüşən radikal terror təşkilatlarının Rusiyadakı üzvlərini aktivləşdirəcək. Tarix də göstərdi ki, belə addımların perspektivi yoxdur. Buna görə, Moskva ehtiyat edir”.

Mənsur





Həftənin ən çox oxunanları