Yuxarı

Qarabağ danışıqları: Prezidentlərin görüşü nə vəd edir?

Qarabağ danışıqları: Prezidentlərin görüşü nə vəd edir?

atet“Dağlıq Qarabağətrafı rayonların qaytarılması məsələsi müzakirə ediləcək”

Oktyabrın 29-da ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yaydı. Bəyanata əsasən, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər. Həmsədrlərin regiona səfərlərinin yekununa dair yaydıqları bəyanatda deyilir: "Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik.

Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf hissi  keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik”.

İlin sonuna kimi keçirilməsi nəzərdə tutulan görüş nə vəd edir? Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə “Cümhuriyət” qəzetinə bildirib ki, tərəflər arasında görüş uzun müddətdir ki, keçirilmir: “Həmsədrlər bir müddət əvvəl də bu görüşün keçirilməsinə təşəbbüslər ediblər. Azərbaycan tərəfi görüş naminə görüş keçirməyin əleyhinədir. Hər bir görüşdə az da olsa, konkret bir nəticə əldə edilməlidir. Ən əsası isə erməni tərəfi özünün işğalçılıq siyasətinə son qoymalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi hələ məlum deyil. Amma aydın məsələdir ki, görüşdə hər halda tərəflər öz mövqeyini daha konkret bildirəcək. Azərbaycan isə ərazi bütövlüyünün pozulduğunu bir daha həmsədr ölkələrin nəzərinə çatdıracaq və onlardan səmərəli addımlar atılmasını tələb edəcək. Görüşdən nəticənin alınması erməni tərəfinin konstruktiv mövqeyindən asılıdır. Ermənistan hələ də beynəlxalq hüquq normalarına riayət etmək istəmir. Ermənistanın iqtisadiyyatı tənəzzüldədir, ölkə özü-özünü təcridə salıb. Əhalisi durmadan ölkəni tərk edir. Bunun nəticəsi olaraq, Ermənistan özünün bütöv dövlətçiliyini böyük təhlükə altında qoyur. Azərbaycan həmsədrlərin təkliflərinə müsbət cavab verib yenidən görüşə gedir. Ancaq hesab edirəm ki, görüşlərdə ilk növbədə, konkret nəticə əldə edilməlidir”. Görüşün harada keçirilməsinə gəlincə, Aydın Mirzəzadə bildirib ki, bu barədə əlavə məlumat verilmir: “Amma bunun harada olmasının elə bir əhəmiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, yanvarın 23-ü 2012-ci ildə Soçidə Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Dmitri Medvedyevin və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə birgə görüşü oldu. Həmin görüş həmsədrlərdən birinin, yəni Rusiyanın təşəbbüsü ilə keçirildi. Amma ilin sonunda nəzərdə tutulan görüş isə həmsədrlərin üçünün birlikdə təşəbbüsüdür”.

Politoloq Qabil Hüseynli bildirib ki, həmsədrlər həmişə nikbin rəylər verirlər: “Amma bu səfər onların verdiyi bəyanatın içərisində müsbət bir şey var. Prezidentlərin görüşü nəzərdə tutulur. Həmin görüşdə də Dağlıq Qarabağın hüdudlarından kənarda bəzi rayonların qaytarılması məsələsinin müzakirə ediləcəyi gözlənilir. İlk dəfə olaraq Dağlıq Qarabağ problemini ölü nöqtədən tərpədilməsi məsələsi gündəmə gələ bilər. Burada status-kvonun dəyişməsi baş verə bilər.

Minsk Qrupunun həmsədrlərinin söylədiklərindən bunları anlamaq olur.

Rusiya özünü çox da qabağa verməsə də, əslində, nəzərdə tutulan görüş Rusiyanın təşəbbüsü ilə baş tutacaq. Bu görüşdə Ermənistana təzyiq edən tərəf də Rusiya olacaq. 7 rayonun taleyi məsələsini də Azərbaycan-Rusiya danışıqları həll edəcək. Yəni Rusiya Ermənistana təzyiq etməsə, prezidentlərin görüşünə heç ehtiyac da qalmazdı. Prezident İlham Əliyev yalnız nəticəsi olan görüşlərə gedir. Bu görüşə gedirsə, deməli, ortada konsensusa gəlinmiş bir məsələ var. Bu məsələdə işğal olunmuş 7 rayonun taleyini özündə ehtiva edir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları