Yuxarı

“AKP milliyyətçilərlə gizli ittfaqdadır”

“AKP milliyyətçilərlə gizli ittfaqdadır”

ak partiEkspert: “PKK-ya qarşı mübarizə gücləndiriləcək”

Türkiyədə seçkidən sonra ölkənin durumunun necə olacağı, islahatların aparılıb-aparılmayacağı, ən əsası isə PKK terror təşkilatına qarşı  əməliyyatların davam etdirilib-etdirilməyəcəyi maraq doğurur. Xüsusən Türkiyənin PKK-ya qarşı siyasətinin hansı məcrada davam edəcəyi ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Bəzi ekspertlər hesab edirlər ki, seçkidən sonra PKK-ya qarşı aparılan sərt siyasət yumşalacaq, amma bunun əksinin düşünənlər də az deyil. Rəsmilərin açıqlamaları da müxtəlif versiyalar barədə düşünməyə əsas verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK-ya qarşı əməliyyatlar davam edəcək: “Qarşıdakı dönəm danışmaq, müzakirələr almaq dönəmi deyil, açıq deyirəm, nəticə əldəetmə dönəmidir. Bu dönəmə mütləq bir ad axtarılırsa, ona milli birlik və qardaşlıq sürəci demək olar”. Türkiyənin baş naziri Əhməd Davudoğlu isə yazılı bəyanatında hərbi əməliyyatların davam etdirilməsi üçün tapşırıqlar verib. O deyib ki, PKK terror təşkilatına qarşı əməliyyatlar qışda da davam edəcək. Davudoğlu, türk silahlı qüvvələrini terrora qarşı mübarizədə qeyri-adi cəhdlərinə görə təbrik edib. Baş nazirin sözlərinə görə, terror təşkilatının separatçılarına qarşı əməliyyatlar ləngimədən davam etdiriləcək.

Gizli plan?

Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu və İraq Kürdüstan Muxtariyyətinin baş naziri Məsud Bərzani ilə görüşməsi isə bəzi media orqanlarında əslində, Türkiyənin PKK ilə bağlı gizli planı işə salması ilə izah olunub. Ölkənin xarici işlər naziri Firudin Sinirliorlu  danışıqlar məqsədi ilə Şimali İraq Kürd Muxtariyyətinə səfər edib. Sinirlioğlu səfər zamanı muxtariyyatın rəhbəri Məsud Barzani ilə görüşüb.  Görüş muxtariyyətin mərkəzi şəhəri Ərbildə  bağlı qapılar arxasında keçirilib. Əsas müzakirə mövzusu isə regiondakı vəziyyət və ikitərəfli əməkdaşlığı olub. Bərzani qeyd edib ki, Türkiyədə yeni hökumət formalaşdıqdan sonra dərhal qarşılıqlı əməkdaşlığa başlamaq barədə müzakirələri sürətləndirmək lazımdır. Firudin Sinirlioğlu isə bildirib ki, bütün istiqamətlərdə əməkdaşlıq Türkiyənin maraqlarına uyğundur: "Regionda terror təhlükəsi ilə bağlı yeni qərarların qəbul olunması üçün qarşılıqlı əməkdaşlıq çox əhəmiyyətlidir. Türkiyə "Kürdüstanı" regionun sabitliyinin amili hesab edir". Sinirlioğlu daha sonra "Yaxın Şərqin Gələcəyi" adlı konfansda istirak edib. Hazırda Yaxın Şərqin gələcəyinə təsir edə biləcək qədər güclənən Kürd  muxtariyyətı ABŞ və müttəfiqləri 2003-cü ildə İraqı işğal etdikdən sonra yaradılıb. Muxtariyyətı idarə etmək isə Səddam Hüseyn hakimiyyətindən narazı kürdlərə tapşırıldı. Muxtariyyətin əsas əraziləri isə Türkiyə sərhədlərində yerləşir.

“Kürdüstan dövləti”nə yaşıl işıq?

İraqın parçalanmasına və onun yerində “Kürdüstan dövləti”nin yaradılmasına vaxtilə ən sərt reaksiya Türkiyə, İran və Səudiyyə Ərəbistanından gəlirdi. Onlar bunun yolverilməzliyini dönə-dönə rəsmi şəkildə vurğulayırdılar. Ancaq hadisələrin gedişi göstərir ki, müəyyən səbəblər üzündən artıq adıçəkilən ölkələr İraqın parçalanmasının qarşısını almağa qadir deyillər və onların reallıqla barışmaqdan başqa çarələri qalmayıb. İŞİD silahlıları tərəfindən İraqın böyük hissəsinin ələ keçirilməsindən sonra bölgədə yaşanan siyasi böhran təhlükəli bir həddə çataraq, adıçəkilən ölkənin bundan sonra varlığını qoruyub saxlaya bilməsini şübhə altına alıb. İndi isə Türkiyə İraq Kürdistanı ilə əlaqələri genişləndirməyə başlayır. Bunu bir tərəfdən Türkiyənin PKK-ya qarşı yeni kompaniyası kimi qiymətləndirmək olar. Bəzi hallarda PKK-nın regiondakı fəaliyyətindən muxtariyyət hökuməti də narazılığını ifadə edir. Hökumət rəsmiləri çıxışları zamanı bildiriblər ki, Türkiyənin Şimali İraqı bombalaması İraq Kürdüstanı ərazisində yaşayan insanlar üçün təhlükəlidir. Bu səbəbdən muxtariyyət hökuməti dəfələrlə PKK-ya müraciət edərək regionda sabitliyi pozmamağa çağırıb. Amma PKK bütün bu çağırışlara məhəl qoymayaraq öz əmələrini davam etdirir.

Milliyyətçilərlə ittifaq

Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KafkasSAM) rəhbəri, politoloq Hasan Oktay “Cümhuriyət”ə bildirdi ki, seçkilərdən sonra Türkiyə əsas diqqətini iqtisadi sahə, terror və xarici siyasətə yönəldəcək. Onun fikrincə, AKP təkbaşına iqtidara gəlmiş kimi görünsə də, əslində, milliyyətçilərlə gizli ittifaq qurulub: “Amma AKP bu dəfə də uğursuz siyasət yürüdərsə, iqtidarda qala bilməyəcək. PKK isə artıq Türkiyədə qala bilməyəcək və yavaş-yavaş dağılmağa başlayacaq. Türkiyənin önündə ən böyük təhlükə iqtisadi durumdur”. Analitik Arzu Nağıyev isə dedi ki, Türkiyədə təkrar parlament seçkilərində AKP-nin əldə etdiyi nəticənin əsas səbəblərdən biri də iqtidarın İŞİD və PKK -ya qarşı apardığı antiterror əməliyyatları oldu: “Bunun müqabilində HDP nüfuzunu durmadan itirdi . Bundan başqa MHP-dən istefalar və düzgün qurulmayan seçki kompaniyası da öz işini gördü. Düşünürəm ki, yeni yaradılacaq hökumət İŞİD və PKK-ya qarşı aparılan əməmliyyatları davam etdirəcək. Eyni zamanda artıq birjalarda lirənin müəyyən qədər möhkəmlənməsi prosesi başlayıb və iqtisadi sahədə irəliləyişlər gözlənilir”. O bildirib ki, digər bir məsələ isə ölkə konstitusiyasının dəyişdirilməsi ola bilər: “Bu məsələdə CHP və MHP bunun əleyhdarları kimi çıxış etsələr də, HDP bunun üçün canfəşanlıq edir və bu məsələnin lehinə olacağı ilə bağlı açıqlamalar verir. Təbii ki, bu da cəmiyyətdə müəyyən gərginliyin yaranacağına zəmin yarada bilər. Təbii ki, taleyüklü məsələlərdən ən başlıcası ölkədə məskunlaşmaq fikri olan 2 milyondan çox qaçqınlarala və buna Avropanın və Qərbin münasibəti olacaqdır”.

“Xarici siyasətdə xeyli problemlər var”

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, AKP-nin siyasətində ciddi dəyişiklərin olacağı inandırıcı deyil. Onun fikrincə, xarici siyasət əvvəlki kimi davam edəcək: “Xarici siyasətdə xeyli problemlər var. İsraillə münasibətlər korlanıb, Misirin ilk prezidenti ilə münasibət heç yoxdur, Suriyadakı durum göz qabağındadır, Rusiya ilə münasibətlərdə müəyyən suallar yaranıb.

Daxildə də problemlər az deyil. İqtisadiyyatda enmə yaşanıb, lirə dəyərdən düşüb, inflyasiya artıb bu problemləri yəqin AKP həll etməlidir. Uğurlu səhifələr də ola bilər, çünki böyük lahiyələr də var. İstanbulda üçüncü körpü hazırlanmalıdır, bir neçə ay sonra Bakı-Tiflis-Qars dəmir yolu xətti işə düşməlidir. TAP və TANAP lahiyələri də işə düşəcək ki, bunların Azərbaycanla da bağlığı var. Əsas problem isə terrordur.

Əgər əvvəllər Türkiyə ordusu, cəmiyyəti, hökuməti 30-40 il ərzində ancaq PKK terorçularına qarşı savaşırdısa indi daha biri İŞİD teroru peyda olub. İŞİD də PKK qədər qorxulu bir təşkilatdır. Artıq Türkiyədə iki terror hadisəsi həyata keçirib. Buna qarşı da mübarizə aparmalıdır və ona görə də yeni hökumətin qarşısında çox ciddi vəzifələr durur. Dörd illik müddətləri var bu müddətdə bu problemlərin hamısını həll etməsələr də,Türkiyə qarşısındakı bu çağırışların bir hissəsini həll etmək məcburiyyətindədir”.

Cavad





Həftənin ən çox oxunanları