Yuxarı

Keçmiş hərəkatçı AXCP-yə qoşuldu

Keçmiş hərəkatçı AXCP-yə qoşuldu

huseyn memmedovXalq Hərəkatının fəallarından olan Hüseyn Məmmədov AXCP-yə üzv olmaq üçün müraciət edib. Partiyanın 18 oktyabrda keçirilən Etimad Qurultayında qonaq qismində iştirak edən hərəkat fəalı bu qərarı qəbul etməsində qurultayın böyük təsirinin olduğunu bildirib:

“25 il öncə yaranan xalq harəkatına qoşulanlardan biriyəm. Həmin dövr çox çətin bir dövr idi. Hərəkata qoşulanlar təqiblərə məruz qalırdılar, döyülürdülər, tutulurdular. Həmin döyülənlərdən biri də mən olmuşam. Ancaq bu yoldan çəkilməmişəm. Buna baxmayaraq, xalq harəkatı partiyaya çevriləndən sonra mən bu partiyadan kənarda qaldım. İnanırdım ki, AXCP öz ideyasını  - Elçibəy ideyasını davam etdirəcək. Ancaq bu ideyalardan uzaqlaşmağa başladılar. Mən hər hansı bir şəxsi tənqid etmək istəmirəm. Ancaq onu demək istəyirəm ki, əgər 24 ildə heç bir nailiyyət əldə olunmayıbsa, bu, birbaşa partiya rəhbərinin günahıdır. Əgər partiya rəhbəri bunu hiss edirsə, istefa verməli, yox əgər hiss etmirsə, demək o, xalqına, millətinə yox, özünün şəxsi maraqlarına qulluq edir. Bizlər səsimizi ucaldaraq ona öz yerini göstərməliyik. Elə Etimad Qurultayının məqsədlərindən biri də bu idi”. AXCP sədri Razi Nurullayevin qurultaydakı çıxışında irəli sürdüyü fikirlərə münasibət bildirən hərəkatçı “Razi bəyin tarix yazmaq ideyasını bəyənirəm və ona dəstək olmağa hazıram. Bəli, bu tarix yazılmalıdır. Keçmişin yaxşısını unutmağa haqqımız yoxdursa, yenilərini yazmağa  da bizdə güc olmalıdır və o gücü mən Etimad Qurultayında gördüm. İnanıram ki, bu yeni tarix yazılacaq. Razi bəy çox gözəl qeyd etdi ki, iki dönəmdən artıq sədr seçilməməlidir. Məgər bu vəzifə nə qədər şirindir ki, onu icra edə bilməsən də, ondan əl çəkmək istəmirsən. Çəkil, yerini yenilərə, yeni fikirli cavanlara ver. Doğrudan da, bu gün AXCP yeni yola, yeni tarixə, yeni uğurlara gedən bir yola çıxıb. Bu yolda mən hamıya uğurla addımlamağı arzu edirəm. Bu yolda heç kim döyülməsin, söyülməsin, tutulmasın. Razi bəyin çıxışına qulaq asanda bunları eşitdik. Döyülən, həbs olunan varsa, deməli, biz hamımız onun yanında olmalıyıq. Bir yerdə olsaq, güclü olarıq.  Güc birlikdədir.  Qurulayda iştirak edən gəncləri görəndə bir anlıq öz gəncliyimə qayıtdım. Çox sevindim ki, hələ çox-çox təmiz beyinli, təmiz fikirli gənclər var. İnanıram ki, bu gənclərin sayı hələ çoxalacaq, səsimizə səs verib bizə qoşulacaqlar. Azərbaycan xalqının müstəqillik uğrunda xalq harəkatına qoşulanlardan biri kimi bu yeni tarixi yazmaqda, bu şərəfli yolda hamınıza böyük uğurlar arzulayıram. Elə bu andan mən də sizin sıralarınıza qoşulmağı, sizinlə birlikdə mübarizə aparmağı qərara aldım”.

Cebhe.info





Həftənin ən çox oxunanları