Yuxarı

Nardaran ağsaqqalı: “Saxtalaşdırmaya görə camaat günahkardır”

Nardaran ağsaqqalı: “Saxtalaşdırmaya görə camaat günahkardır”

nardaran agsaqqaliNoyabrın 1-də Milli Məclisə ilk dəfə seçilmiş deputatlardan biri də 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə seçkilərə qatılmış Dilarə Cəbrayılovadır. O, YAP-ın namizədlər siyahısında əvvəllər həmin dairədən deputat olmuş Hacı Qalib Salahzadəni əvəz edib. Qalib Salahzadə isə V çağırış seçkilərdə namizədliyini irəli sürməyib. Mediada yayılan məlumatlara görə, YAP-ın Hacı Qalibi bu dəfə siyahıya salmamasının səbəbi kimi onun Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə münasibətlərinin gərgin olması,  hökumətin “ehsan qadağası”na qarşı çıxması göstərilir.

Dilarə Cəbrayılova isə Nardaran qəsəbəsindəki 295 saylı orta məktəbin direktoru işləyir. Ona görə də YAP-ın siyahısı üzrə 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən D. Cəbrayılovanın seçiləcəyinə dair məlumatlar əvvəlcədən sosial şəbəkələrdə və mətbuatda yer almışdı. Ancaq Nardaranın dindar kənd olduğunu nəzərə alsaq, həmin ərazidən qadını yerli sakinlərin iradəsi nəzərə alınmadan deputat seçdirmək bir qədər çətin görünür. Hakimiyyət isə seçkinin obyektiv şəraitdə keçdiyini iddia edir.

Bununla bağlı Cebhe.info-ya açıqlama verən Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov hesab edir ki, 27 saylı Sabunçu ikinci Seçki Dairəsində əhali kütləvi şəkildə səsverməyə getməyib. Bu səbəbdən də normal seçkilərin keçirildiyini iddia etmək olmaz. Lakin Məşədi Natiqin fikrincə, saxtalaşdırmaya şərait yaradan əsas səbəb seçicilərin öz konstitusion hüquqlarını bilməməsidir: "Əgər seçkiyə - 5-10 nəfər adam gedirsə, qutulara bülletenləri topa-topa doldururlar, sonra da yazırlar ki, bu adam seçilib. Cəmil Həsənlinin açıqladığı siyahıda da göstərilmişdi ki, bu dairədən Dilarə Cəbrayılova seçiləcək. Yəni hakimiyyətlə razılaşdırılmışdı. İkincisi, yalnız Nardaranda deyil, bütün Azərbaycan üzrə “karusel” əməliyyatları keçirilib. Bu barədə internetdə videomateriallar var. Nardaran camaatı isə seçkiyə ya gedir, ya da getmir. Əgər 45 faiz, 50 faiz, lap 98 faiz səs yazsalar belə,  heç nə dəyişmir. Ona görə fərqi yoxdur, burada deputat Dilarə xanımdır, ya Hacı Qalibdir, ya Eldar müəllim olsun,  nəyə isə müdaxilə edib, hansısa problemi həll etmək iqtidarında deyilsə, belə deputatlar kimə lazımdır? Əvvəllər bizim camaat 30-40 faiz də olsa gedib seçkidə iştirak edərdi.  İndi isə əhali tam biganədir. Təəssüf ki, Azərbaycan xalqı seçkilərə tam biganədir. Səsvermə günü 27 saylı dairədə heç bir seçici fəallığı olmayıb. Camaat gəlmir seçkiyə. Əsas problem də bundadır ki, insanlar seçkiyə gəlsinlər.  Burada söhbət Dilarə Cəbrayılovanın şəxsiyyətindən getmir, seçkidən gedir. Nardaranda Dilarə xanımı hamımız yaxşı tanıyırıq. O, mənim kiçik oğluma dərs deyib. Nə Nardaranda, nə Maştağada, nə Ramanada Dilarə Cəbrayılovanın şəxsiyyətindən narazılıq yoxdur.  Məsələ burasındadır ki, burada seçki adında bir siyasi oyun gedir, demokratik seçki adı altında görüntü yaradırlar, bülletenləri topa ilə qutulara doldururlar. Əgər bizim xalqımız səsvermə günü hamı bir nəfər kimi kütləvi surətdə məntəqələrə getsə, öz hüququndan istifadə etsə, saxtalaşdırma da olmaz. Amma seçki məntəqələrinə gələn yoxdur. Seçki komissiyaları da, səsvermə qutuları da YAP-ın ixtiyarındadır. Bəli, mən bu saxtalaşdırmaya görə camaatı günahkar görürəm. Buna seçki demək günahdır. Azərbaycan xalqı özünün həyat tərzinin yaxşılığa doğru dəyişməsini istəyirsə, bir nəfər kimi seçkiyə getməlidir. Bunun başqa yolu yoxdur. Vətəndaşlar öz konstitusion hüququndan istifadə etməlidir. Noyabrın 1-də Türkiyədə parlament seçkiləri keçirildi. O seçkiyə də, bizdəki seçkiyə də baxın. Xalq özünün siyasi iradəsini, mövqeyini ortaya qoydu. Azərbaycanda isə 5-6 nəfər istisna olmaqla əvvəlki tərkib yerində qaldı. Ona görə də hesab edirəm ki, Azərbaycanın icra hakimiyyəti orqanlarında da xeyli dəyişikliklər olmalıdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları