Yuxarı

Siyasətin Pənah Hüseynsiz dönəmi

Siyasətin Pənah Hüseynsiz dönəmi

[caption id="attachment_731" align="alignleft" width="418"]tural abbasli Tural Abbaslı: “Yeni mərhələnin liderini xalq müəyyən edəcək”[/caption]

Müxalifətin uğursuzluqlarına səbəbkarlar öndə olmayacaq

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn seçkisonrası siyasi şəraiti dəyərləndirən açıqlama ilə çıxış edib. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində siyasi ənənəsinə sadiq qalaraq, danışıb. Pənah Hüseyn müxalifətin seçkilərdə zəif duruma düşməsinə rəğmən hakimiyyətin  keçirdiyi böhranın bu problemi kompensasiya edəcəyini deyib.  Hətta AXP sədri bir qədər də uzağa gedərək müxalifətin  lideri olmaq iddiasını da ortaya qoyub: “Seçki kampaniyasında gəldiyim qənaət ondan ibarət oldu ki, resursları hərəkətə gətirmək imkanları var. 

Bu baxımdan, mənim demokratik qüvvələrin perspektivlərinə bu seçkilərdə nəinki inamım azalmadı, əksinə, bu seçki kampaniyasından sonra  daha da artdı. Konkret şəxslər barədə danışmaq istəməzdim. Lider təşkilat isə yeni, böyük ehtimalla hərəkat tipli təşkilat olacaq. Şəxslərə gəldikdə isə ... (soyuq-soyuq gülümsəyir - E. S.) bu yeni mərhələnin liderlərindən biri olmağa özüm də iddialıyam”.

P.Hüseynin bu fikirləri ilk baxışdan, hansısa bir siyasətçinin mövqeyi kimi bəlkə də normal qarşılana bilər. Çünki iddiası olmayan siyasətçi siyasətlə məşğul olmamalıdır. Ancaq siyasətçinin bütün siyasi potensialı tükənibsə, onun özünü yeni formatda cəmiyyətdə  təqdim etmək cəhdi reallığa uyğun gəlmir. Bəlkə də Pənah Hüseyn bu gün müxalifətin düşdüyü siyasi böhrandan çıxması üçün hansısa səmərəli təkliflər verə bilər, partiyalar arasındakı fikir ayrılığına son qoymaq üçün vasitəçilik edə bilər. Amma onun özünü siyasi cəhətdən restavrasiya etmək istəyi hazırkı reallıqlara uyğun gəlmədiyindən müxalifətə uğur gətirə bilməz.

Pənah Hüseyn bir tərəfdən müxalifətin siyasi böhrana yuvarlandığını etiraf edir, digər tərəfdən, özünün liderliyi altında yeni xalq hərəkatının baş verəcəyindən danışır: “Mənim fikrimcə, siyasi müxalifətdə böhran özünün dibinə çatıb. Bundan sonrakı mərhələdə biz siyasi müxalifətin sosial dayaqlarının, fəaliyyət imkanlarının artmasını müşahidə edəcəyik. Proseslər buna imkan verir. Siyasi müxalifət üçün əsas məsələ yeni mərhələnin liderlərinin, təşkilatlarının kim olacağı, tapılması, meydana çıxmasıdır”.

Bütün bunları siyasi çılpaqlığı ilə sadalayan Pənah bəy amma müxalifətin bu duruma düşməsinin səbəblərini izah etməyib. Əslində, bu sualın cavabı Azərbaycandakı siyasi situasiyanı qiymətləndirməyi  bilən hər kəsə məlumdir. Ənənəvi müxalifət liderlərinin  siyasət meydanında uğursuzluq zolağından çıxa bilməməsi hazırda cəmiyyətdə onlara qarşı bəlkə də tükənməz bir inamsızlıq formalaşdırıb. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Rəsul Quliyev. Azərbaycan müxalifəti formalaşdığı gündən bu adların inhisarından çıxa bilmir. Bir-birilə uyğun gəlməyən maraqlar, iddialar müxalifətin birləşməsinin qarşısında ciddi maneə olub. Üstəlik, bu liderlər öz ambisiyaları ilə gənc nəslin siyasi səhnəyə gəlişini əngəlləməyə çalışıb. Ona görə də müxalifət siyasi dalandan yalnız özünün siyasi ömrünü başa vurmuş liderlərin çəkilməsi hesabına çıxa bilər. Bu baxımdan, Pənah Hüseynin yeni siyasi mərhələnin lideri olmaq iddiası başlanmamış mübarizənin beşikdə boğulması kimi də başa düşülə bilər. Çünki Pənah Hüseyn siyasi lider olaraq uğur qazana bilsəydi, yəqin ki, buna 23-25 il öncə, fəaliyyətinin ən şanslı dövrlərində nail ola bilərdi. Baş nazir kimi hər hansı bir uğurlu fəaliyyəti ilə yadda qalmayan Pənah bəy yalnız sonrakı illərdə  müxalifətdaxili ziddiyyətlərin tərəf  kimi  iştirakçısına çevrildi. Onun müxalifətin fəaliyyətinin yaz və payız mövsümü barədə hər il verdiyi proqnozlar isə yalnız protest elektoratda inamsızlığın artmasına xidmət etdi.  Pənah Hüseyn hər il müxalifətin “yaz hücumunun baş verəcəyini” deyir, bu alınmayanda isə “payız hücumu”ndan söz açırdı. Bütün bu proqnozlar artıq fiaskoya uğrayıb.  22 ildir müxalifətdə olduğu dövrdə heç bir siyasi dəyişikliyə nail ola bilməyən Pənah Hüseyn indi yeni müxalifət hərəkatına hansı əsaslarla lider olmaq istəyir?

Bu gün Azərbaycanda faktiki olaraq, klassik müxalifət istər cəmiyyət, istərsə də yeni nəsil siyasətçilər tərəfindən qəbul olunmur. Belə olan halda P.Hüseynin özünü onlara hansı məntiqlə lider seçdirməsi çox təəccüblü görünür. Pənah bəyin bu gedişləri ictimai rəyə yaxşı tanışdır. Hətta bir neçə il öncə o, AXP sədri postundan istefa verərək siyasətdən getdiyini bəyan etmişdi. Sonra isə yenidən həmin posta qayıtmaqla həm öz partiyasında, həm də müxalifətin elitasında onu əvəzləyə biləcək şəxsin olmadığını isbat etməyə çalışdı. Beləcə, AXP sədri müxalifətdəki mövqeyinin siyasi restavrasiyasına nail olmaq üçün arabir müəyyən gedişlər edir. Onlardan birini də Pənah Hüseyn yeni iddiası ilə indi ortaya qoyub. Ona görə də cənab Pənah Hüseynin Azərbaycan müxalifətinin siyasi uğursuzluğundakı payı Əli Kərimlinin, İsa Qəmbərin, Rəsul Quliyevin rolundan az deyil.

Qeyd edilən məsələyə münasibət bildirən “Ağ Blok” Hərəkatının İdarə Heyətinin üzvü Tural Abbaslı hesab edir ki, Pənah Hüseyn yüksək siyasi analiz qabiliyyətinə və çevikliyə malik şəxsdir. Onun yenə dönəmin başlanmasının vacibliyini etiraf etməsi cəmiyyətin xeyrinədir. Lakin yeni siyasi mərhələdə aparıcı lideri xalq müəyyən etməlidir: “Bu liderin kim olacağını siyasətçilər deyil, xalq müəyyən edəcək.  Yəni bu bir tendensiyadır ki, yeni dönəm başlanacaqsa, yeni simalarla, yeni adlarla, yeni yanaşmalarla  başlamalıdır. Əvvəlki insanların da tamamilə yeni yanaşma ilə düşünməsini də iddia etmək olmaz. Bu, mümkün deyil. Amma hər halda, bütün sahələrdə yenilikçilik  müsbət əlamətdir. Əvvəlki siyasilərin də yeni nəslin bu prosesi irəli aparmasına dəstək olması daha faydalı olar.  Məncə, burada önəmli olan  Pənah bəyin yeni dönəm üçün iddialı olmasından daha çox, müxalifətdə yeni siyasi dövrün başlanmasının etirafıdır ki, bu da çox vacibdir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları