Yuxarı

Millət vəkili: “Ermənilər bizi buna vadar edir”

Millət vəkili: “Ermənilər bizi buna vadar edir”

cingiz qenizadeNoyabrın 8-də Azərbayanın Qazax rayonu istiqamətindən Ermənistanın Tavuş rayonu sakini 1943-cü il təvəllüdlü Lusine Qukasi Abovyan ölkəmizə keçib. O, müdafiənin ön xəttində yerləşən silahlı qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinə (UKHK) İrəvan bürosunun sözçüsü Zara Amatuni Ermənistan mətbuatına açıqlamasında UKHK nümayəndələrinin Bakıya səfər edəcəyini, Ermənistan vətəndaşı ilə maraqlanacağını və bu ətrafda Azərbaycan tərəfi ilə dialoqa başlayacaqlarını açıqlayıb.

Azərbaycanla dialoqa başlayacağı təqdirdə erməni tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinə razılıq verərmi?

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq bir ildən çoxdur  erməni girovluğundadır. Erməni tərəfinin təşkil etdiyi “məhkəmə prosesi”ndə Dilqəm Əsgərov 22 il, Şahbaz Quliyev isə ömürlük həbs cəzasına məhkum olunub.

Millət vəkili Çingiz Qənizadə “Cümhuriyət” qəzetinə bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması üçün məcburuq ki, qarşı tərəfdən xeyli sayda girov götürək: “Çünki erməni tərəfi bizi buna vadar edir. Təbii ki, Azərbaycan mülki şəxslərə qarşı hər hansı bir addım atmır. Bütün beynəlxalq normaları və müharibənin qəbul olunmuş qaydalarını gözləyir. Təəssüf ki, Ermənistan tərəfi həmişə olduğu kimi, qayda-qanunu pozur, hətta dinc əhaliyə qarşı təcavüzkar hərəkətləri həyata keçirir. Azyaşlı uşaqların güllə ilə qətlə yetirilməsi, evlərə minanın düşməsi, toy mağarının güllə-baran olunması erməninin iç üzüdür. Hesab edirəm ki, gec-tez biz bu istiqamətdə addımlar atmalıyıq. Necə ki, onlar bizim  mülki şəxslərimizi girov götürürlər, lazım gəlsə, bizim əsgərlərimiz də onların mülki şəxslərini girov götürməlidir. Təbii ki, onlara adekvat cavab olmalıdır”.

Şahbaz Quliyevin və Dilqəm Əsgərovun Qazax istiqamətindən Azərbaycan sərhədini keçmiş erməni qadını ilə dəyişməsi məsələsinə gəlincə, Çingiz Qənizadə bildirib ki, erməni qadınının onlar üçün nə qədər önəmli olub-olmaması məsələsi müzakirə predmetidir: “Təbii ki, Ermənistan bir nəfərə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması razılığına gələ bilməyəcək. Əslində, biz iki nəfər insanımıza qarşı daha çox girov götürməliyik. İnanıram ki, prezident İlham Əliyev Dilqəm Əsgərovla Şahbaz Quliyevin geri qaytarılması üçün müəyyən addımlar və danışıqlar aparacaq necə ki, aparır. Bu iş gündəmdədir və Azərbaycan tərəfi müxtəlif variantlar axtarır. Variantlardan biri də bu ola bilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası, əsir və girov götürülmüş insanlarla əlaqə saxlamaq və onlarla görüşməkdir. Bu cür qurumlar Ermənistanın təkliflərinə, problemlərinə daha diqqətlə və operativ reaksiya verirlər, nəinki Azərbaycanın. Görünür, Ermənistan tərəfi bu haqda onlara deyən kimi onlar da bununla bağlı iş aparacaqlarını bəyan ediblər. Bu, normal missiyadır. Çox istərdim ki, bu normal missiya azərbaycanlılarla bağlı xoşagəlməz hallar olanda da operativ reaksiya verilsin. Təəssüf ki, biz bunun şahidi olmuruq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları