Yuxarı

Türkiyə Azərbaycana qarşı çıxmayacaq

Türkiyə Azərbaycana qarşı çıxmayacaq

davudogluDavudoğlunun Bakı səfərində regional təhlükəsizlik, terrorçuluqla mübarizə məsələləri müzakirə olunacaq

Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək. Parlament seçkilərində qələbə qazanan Ədalət və İnkişaf Partiyası ən çox səs aldığı vilayətlərə ilk təşəkkür səfərini Şimali Kipr Türk Cümhuriyyətinə, ardınca Azərbaycana və İraqa edəcək.

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında səfərin mahiyyəti barədə danışıb. O bildirib ki, səfər iki dövlət arasında müttəfiqlik və qardaşlıq münasibətləri formatında keçirilir: “Təbii ki, Azərbaycanla Türkiyənin bir çox məsələlərdə mövqeləri üst-üstə düşür. Türkiyə Azərbaycanı beynəlxalq arenalarda dəstəkləyir. Azərbaycan da öz növbəsində lazımi dəstəyi Türkiyə hökumətinə göstərir. Buna görə də burda təəccüblü bir şey də yoxdur. Rəcəb Tayyib Ərdoğan da Türkiyənin prezidenti seçiləndə ilk xarici səfərini Azərbaycana etmişdi. İndi də hakim partiyanın parlament seçkisində qələbəsindən sonra baş nazir Əhməd Davudoğlu da Azərbaycana səfər edir.

Lakin burda bir məqam da var. Noyabrın 16-da “G-20”-yə daxil olan dövlət başçılarının zirvə toplantısında rəsmi Ankara, ilk dəfə prezident İlham Əliyevi də ora dəvət edib. Bu, böyük bir görüş olacaq. Burda regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə eləcə də bir sıra qlobal məsələlər müzakirə olunacaq. Hesab edirəm ki, bu, Əhməd Davudoğlunun səfəri çərçivəsində gündəmdə duran mühüm müzakirə predmeti olacaq. Təbii ki, Azərbaycanın Türkiyə ilə gələcək perspektivi də mütləq müzakirə olunmalıdır”.

Fikrət Sadıqov Türkiyənin parlament seçkisindən sonra xarici siyasətindəki strateji kursunu dəyişilməz qalacağını da vurğulayıb: “Münasibətlərimiz müttəfiqlik xarakteri daşıyır. Bundan sonra heç bir dəyişiklik baş verməyəcək. Türkiyə öz regionunda aparıcılıq rolu oynamasının tərəfdarıdır və bunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, Avropa yenidən Türkiyəyə Ermənistanla münasibətləri bərpa etmək və sərhədlərin açılması ilə bağlı öz təzyiqini göstərəcək. Buna şübhə etmirəm. Digər tərəfdən sirr deyil ki, Türkiyədə bunun tərəfdarları da var. Amma əsas aparıcı siyasi qüvvələr bunu qəbul etmir. Düşünürəm ki, belə bir təzyiqlərin olması və Türkiyənin buna dözümlülüyü və Azərbaycanla münasibətlərin inkişaf etməsi, Azərbaycana qarşı mənfi addımın atılmasına imkan verməyəcək. Reallıq budur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları