Yuxarı

Əli Kərimlinin dağıtdığı müxalifət

Əli Kərimlinin dağıtdığı müxalifət

Eli KerimliAzərbaycanda keçirilmiş növbəti parlament seçkiləri arxada qaldı. Bu dəfə də hakimiyyət müxalifətə güzəştə getmədi. Müxalif düşərgəni seçkilərdə təmsil edən siyasi partiyaların iddialarına görə, proses iqtidar tərəfindən saxtalaşdırıldı və beləliklə, Milli Məclisə V çağırış seçkiləri də narazı tərəfin acı məğlubiyyəti ilə sonuclandı. Müxalifətin prosesdə vahid və mərkəziyyətçi qüvvə kimi çıxış edə bilməməsi hakimiyyətin Milli Məclisdəki mandat yerlərini böyük çoxluqla götürməsinə səbəb oldu. Müxalifətlə yanaşı, cəmiyyətin narazı kəsimi də etiraz səsini çıxarmadı. Nəticədə bu seçkilərdə də Azərbaycanın siyasi palitrasında uzun illər görməyə adət etdiyimiz rənglər dəyişmədi.

Müxalifətin seçkilərdə mərkəziyyətçi rolunda çıxış edə bilməməsinin səbəbləri var. Məsələn, uzun illərdir Müsavat düşərgəsinə nəzarəti əlində saxlayan İsa Qəmbər kimi keçmiş AXCP sədri Əli Kərimli də müxalifətin baş tutan bütün növ seçkilərdə vahid mərkəz kimi çıxış edə bilməməsində məsuliyyət daşıyan tərəfdir. Əbülfəz Elçibəyin vəfatından sonra “Yurd” fenomenini Azərbaycanın siyasi həyatına daşıyan Əli Kərimli və onun qrupu gələcəkdə müxalifətin darmadağın edilməsini rəsmiləşdirdi. 2000-ci ildən sonra Azərbaycanda baş tutmuş parlament və prezident seçkilərinə nəzər yetirsək, Əli Kərimlinin bu proseslərdə hansı planları icra etdiyini görmək mümkündür. Bu şəxs seçkilərə vahid mərkəzdən idarə olunan blok, yaxud birliklərlə qatılmaq istəyən müxalifəti öz şəxsi ambisiyasına qurban verib.

İctimai Palata və Milli Şuranın Əli Kərimlinin bu birliklər daxilində yaratdığı intriqalardan sonra dağıldığı da heç kəsə sirr deyil. 2010-cu il parlament seçkilərində hakimiyyətdən narazı qüvvələr İctimai Palatada birləşdilər. Lakin hakimiyyəti təkrar seçkilərə məcbur edə bilməyən İP birbaşa Əli Kərimlinin daxildə yaratdığı anarxist mühitə görə özünü buraxdı. Əli Kərimlinin müxalifət daxilində oynadığı “dağıdıcı katalizator” rolu bununla bitmədi. 2013-cü il prezident seçkilərində iştirak etmək istəyən siyasi partiyalar Milli Şura adı altında birləşdilər. Qurum prosesə özünün vahid namizədi ilə qatılacaqdı. Partiyaların vahid namizədi hazırkı müxalifətin daxilindən seçmək təklifi Əli Kərimlidə qıcıq yaratdı. Bu narazılığı aradan qaldırmaq üçün keçmiş AXCP sədri müəyyən kanallar vasitəsilə hakimiyyətdən narazı Rüstəm İbrahimbəyovun vahid namizədliyinə razılaşdı. Əlbəttə, həmin dönəmdə İbrahimbəyovun Azərbaycana gəlməsi üçün böyük əngəl vardı. Rejissor, sonradan müəmmalı formada “müxalifətçi” olan İbrahimbəyov Rusiya vətəndaşı idi. Əlbəttə, Əli Kərimli bunu bilir və pərdə arxasından Milli Şuranın bu addımına sarkazmla gülürdü. Bu gülüş qurumun bir hissəsinin qəbul etdiyi, digər qisminin isə etiraz edərək Milli Şuradan çıxmasına səbəb olan Cəmil Həsənliyə vahid namizəd donunu geyindirdi. Cəmil Həsənli buna qədər müstəqil siyasətçidən daha çox “II Əli Kərimli” kimi tanınırdı. Yəni, Əli Kərimlinin maddi gəlirlərinin artırılmasına hesablanmış addımları bu dəfə də müxalifəti yarı yolda qoydu. 2013-cü ildə Əli Kərimlinin vurduğu badalağa səndələyən müxalifət bir də 2015-ci ilin noyabrın 1-də üzü üstə yerə yıxıldı.

Keçmiş AXCP sədrinin müxalifətə olan təcavüzkar münasibəti çoxmənalıdır. Məsələn, bugünkü Azərbaycan müxalifətini təşkil edən əsas partiyaların çoxunda Əbülfəz Elçibəy əqidəsinə sadiq olan insanlar toplaşıb. Əksər partiyaları isə Elçibəyin vəfatından sonra Əli Kərimlinin AXCP-yə sədr keçməsindən sonra etiraz edərək, Xalq Cəbhəsindən ayrılanlardır. Müsavata gəlincə, uzun illər bu partiyanın başqanı olmuş İsa Qəmbər açıq və gizli formada Əli Kərimlini AXCP sədri kimi qəbul etməyib. Çünki Əli Kərimli ilə müqayisədə İsa Qəmbərin Elçibəyə olan münasibəti daha istidir. Hələ 2012-ci ildə keçmiş KXCP üzvü Elman Türkoğlu Əli Kərimlini Əbülfəz Elçibəyi zəhərləməkdə ittiham edib məhkəməyə verəndə, buna ən çox sevinənlərin müəyyən qismini məhz İsa Qəmbərə yaxınlığı ilə tanınan müsavatçılar təşkil edirdi. Başqa sözlə, müxalifətin Əli Kərimlini siyasi lider və layiqli müxalifət təmsilçisi kimi qəbul etməməsi onda müxalifətə qarşı patoloji nifrət yaratdı. Nəticədə Əli Kərimli həmin düşərgəni dağıtdı.

Mövzuya yenidən qayıdacağıq.

Əfqan





Həftənin ən çox oxunanları