Yuxarı

“NATO Azərbaycana qoşun yeridə bilər”

“NATO Azərbaycana qoşun yeridə bilər”

[caption id="attachment_624" align="alignleft" width="391"]Serdar Celaloglu Sərdar Cəlaloğlu: “Avropa və Amerika əvvəlki kimi Azərbaycanın şıltaqlıqlarına dözməyəcək”[/caption]

“Müstəqillik yoluyla Avropaya inteqrasiya etməliyik”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Cümhuriyət” qəzetinə müsahibəsi.

- Sərdar bəy, Azərbaycanın geosiyasi vəziyyətini necə dəyərləndirirsiniz? Rusiya və ABŞ arasında qızışan mövqe savaşı ölkəmizə nə vəd edir?

- Dünya siyasətində geosiyasət anlayışı arxa plana keçib, dünyada artıq qlobal siyasət var. Geosiyasi tezislər dünya qütblərə bölündüyü vaxtlarda daha aktiv idi. Dünyada iki siyasi qütb var idi, hərəsi dünyanın bir tərəfinə nəzarət edirdi. Hər gücün özünün coğrafiyası vardı. Bu coğrafiyaya nəzarəti də həmin ölkə edirdi. Artıq yeni qüvvələr ortaya çıxıb, onlar bir xətlə yox, öz maraqları yönündə hərəkət edirlər. Bu da fərqliliklər yaradır. Məsələn, ABŞ Rusiya yaxınlığında öz təsir dairəsini yaradır. Rusiya da ABŞ yaxınlığında eyni addımları atmağa cəhd edir. Biz ənənəvi olaraq Rusiyanın SSRİ və Çar Rusiyası dönəmlərindəki təsir dairələrini indiki Rusiyanın təsir dairəsində olan siyasi coğrafiya ilə eyniləşdirə bilmərik. İndi Azərbaycanın Rusiya ilə heç bir əlaqəsi yoxdu. Biz Türkiyə ilə hərbi müttəfiqik və Avropaya inteqrasiya edirik. Azərbaycan Avropanın sonuncu ölkəsidir. Avropa sərhədləri də Azərbaycandan keçir. Bu baxımdan, Azərbaycanın Rusiyanın geosiyasətinə heç bir aidiyyatı yoxdur. Rusiya sadəcə olaraq, öz maraqları üçün geosiyasətini Azərbaycana doğru yaymağa cəhd edir. Bizim ruslarla nə əlaqəmiz ola bilər? Dilimiz ayrı, dinimiz ayrı, mədəniyyətimiz ayrı, tariximiz ayrı. 300 illik bir işğal dövründə yaşamışıq, həmin dövrlərdə Rusiyadan özümüzə qarşı ən böyük düşmənçilik hərəkətlərini görmüşük. Bu gün də müstəqillik yoluyla Avropaya inteqrasiya etməliyik. Çünki Azərbaycan Avropa ölkəsidir. Rusiyanın bu bölgədə heç bir geosiyasi maraqları yoxdur. Rusiya öz maraqlarını slavyan xalqları arasında axtarmalıdır - keçmiş Yuqoslaviya ərazilərində, Belarusda və digər ölkələrdə. Rusiya bu gün bu xəttə uyğun olaraq, Ukraynada öz maraqlarını təmin etməyə çalışır. Rusiyanı burada başa düşmək olar, çünki o da slavyan ölkəsidir, Ukrayna da. Azərbaycanın dini və dili tamam fərqli olan Rusiya ilə ortaq geosiyasi maraqları yoxdur. Vaxtilə Kiyevdə ilk rus dövləti yarananda da, rusların bu bölgə ilə heç bir əlaqələri olmayıb.

- Bəs, ABŞ-İran münasibətlərinin normallaşmasının Azərbaycana mənfi təsirləri var?

- İran “Altılıq”la nüvə danışıqlarını davam etdirərkən, Azərbaycan ABŞ üçün xüsusi əhəmiyyət kəsb edirdi, bunlardan biri neft idisə, digəri ölkəmizin İrana yaxın coğrafiyada yerləşməsi idi. Amerika Azərbaycan üzərindən İrana təsir edə bilərdi. Azərbaycanda həmçinin şiə təriqətinə mənsub insanların sayı çoxdur, həmçinin Cənubi Azərbaycanda 35 milyona yaxın azərbaycanlı yaşayırdı. Bu faktorlar Azərbaycanın əhəmiyyətini Amerika üçün artırırdı. Digər tərəfdən, bu əhəmiyyət vacib enerji layihələrinin Azərbaycandan keçməsi ilə bağlıdır. Bu baxımdan İranın Qərblə yaxınlaşmasına görə, Azərbaycan öz geosiyasi əhəmiyyətini itirir. Çünki Avropa və Amerika öz maraqlarını İranın öz içində təmin edəcəklər. Digər tərəfdən, İranın dünyanın enerji bazarında iri həcmdə neft və qazla çıxması Azərbaycanın bu bazardakı mövqelərinə mənfi təsir edəcək. Zatən, Azərbaycanda enerji hasilatı xeyli azalıb. Bu məsələlərə görə, Azərbaycan geosiyasətdə öz əhəmiyyətini azaldır. Azərbaycanın bu proseslərdə bir əhəmiyyəti qalır, o da budur ki, Amerika buradan strateji məntəqə kimi Rusiya, Orta Asiya və Uzaq Şərqə təzyiqlər etməyə çalışa bilər. Bu isə Avropanın Azərbaycanın əvvəlki kimi şıltaqlıqlarına dözməyəcəyi deməkdir. Çünki Avropanın artıq neft və İran marağı yoxdur. Nəticədə iqtidar Qərbə qarşı əvvəlki illərdə olduğu kimi, şıltaqlıq edə bilməyəcək. Hakimiyyət bunu başa düşdüyündən sürətlə Rusiyaya yan alır. İqtidara yaxın media qurumlarında Rusiyanın təbliğatı da gücləndirilib. Xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycanın Avrasiya İttifaqına girə biləcəyini dedi. Televiziya məkanlarında və ictimai yerlərdə sürətlə ruslaşma gedir. Bəzi ruspərəst qüvvələr var ki, onlar intensiv formada rus dilindən istifadə etməyə, özlərini rus kimi aparmağa başlayıblar. Həmçinin Azərbaycan telekanallarının Rusiyanın Ukrayna və Suriyada keçirdiyi hərbi əməliyyatları fərqli formada təqdim etməyə çalışması göstərir ki, Azərbaycan Rusiyaya meyllənir. Avropanın əvvəlki kimi maraqları olmadığına görə, Azərbaycana müəyyən təzyiqlər edəcək. Azərbaycanın Avropa Şurasında səsvermə hüququnun dayandırılması, Avropa İttifaqının qəbul etdiyi kəskin qərarlar bunun əlamətidir. Azərbaycanın elə bir maraqları yoxdur ki, Qərbdən uzaqlaşa bilsin. Çünki 20 il ərzində Qərb Azərbaycana 50 milyard dollar investisiya yatırıb, yəni ölkəmiz Qərb üçün əhəmiyyətli məkandır. Buna görə hakimiyyətin Rusiyaya yaxınlaşması Azərbaycana sürprizlər vəd edir. Amerikalı diplomatlardan biri dedi ki, NATO qoşunlarını Azərbaycana yeritməlidir. Bu gün Azərbaycanın NATO qüvvələrinə müqavimət göstərmək imkanı yoxdur. Çünki hüquq normaları və qanuna görə, Avropa İttifaqının iqtisadi maraqlarını NATO müdafiə edir. Qərbin də Azərbaycanda 50 milyard dollar pulu var. Azərbaycan iqtidarının davranışları Qərb kapitalına təhlükə yaratsa, avtomatik olaraq NATO bu vəzifəni üzərinə götürməlidir. Mövcud vəziyyət bundan ibarətdir. Hakimiyyət uzun illər idi ki, tarazlaşdırma siyasəti aparırdı, amma bunun limiti bitib. Siyasət tarazlaşanda əlində üç silahı var idi: neft, geosiyasət və siyasi əlaqələr. Nefti və geosiyasəti Amerikaya yönəlik idi, siyasi əlaqələri Rusiyaya. İndi də geosiyasət və neft Amerikanın əlindədir, siyasəti də Rusiyanın. İndi hakimiyyət Rusiyaya yaxınlaşır ki, “məni Avropa və Amerikanın əlindən qurtar”. Buna görə də Amerika və Avropa Azərbaycana qarşı yeni təsir vasitələri yaratmağa çalışır, bu da demokratiyadır.

- Belə bir fikir var ki, İranın Azərbaycanda 5-ci kolonu yetişir...

- Bu, mümkün deyil. Çünki bizim ölkəmizdə farslar yaşamır. Düzdür, farsdilli xalq - talışlar var. Amma onlar da uzun illərdir ki, Azərbaycan xalqının bir hissəsinə çevriliblər. Talışları 5-ci kolon hesab etmək olmaz. Şiəlik təriqəti nöqteyi-nəzərindən baxsaq, deyilir ki, Azərbaycanda da, İran da bu təriqətdən olanlar üstünlük təşkil edir. Lakin şiələr də İranın 5-ci kolonunun tərkibini təşkil edə bilməz. Əksinə, Azərbaycanın İranda çox böyük 5-ci kolonu var, o da 30 milyonluq Azərbaycan xalqıdır. Son zamanlarda İranda yaşayan azərbaycanlıların kütləvi etiraz nümayişləri keçirilir. İran bu baxımdan Azərbaycandan asılıdır, bizim İrandan heç bir asılılığımız yoxdur.

Çünki İranın burada kolon yaratmaq imkanları yoxdur. Burada nə farslar var, nə İranda vaxtilə işləmiş ixtisaslaşmış kadrlar var, nə İranla ciddi əlaqələri olan nüfuzlu adamlar var, nə də farslarla qarışıq ailələr var. Bu baxımdan, İranın Azərbaycanda güclü təsir vasitələri yoxdur. Əksinə, bizim İranda güclü nüfuz dairəmiz var, bu da orada yaşayan azərbaycanlılardır. Bu məsələ də gec-tez həllini tapacaq.

- Yenidən Dağlıq Qarabağ ətrafı 7 rayonun Azərbaycana geri qaytarılması məsələsi Lavrovun İrəvan səfərindən sonra gündəmə çıxarılıb. Sizcə, Rusiya vaxtilə bu ərazilərin Ermənistanın nəzarətinə keçməsində rol oynadığı halda indi necə olur ki, 6-7 rayonun qaytarılması məsələsini Ermənistanın siyasi elitasının qarşısına qoyur və bununla bağlı ona təzyiq etmək niyyətindədir?

- İndiki şərtlər daxilində Dağlıq Qarabağın Azərbaycana qaytarılması ölkəmizin müstəqilliyinin və suverenliyinin itirilməsi bahasına başa gələ bilər. Azərbaycan yalnız o halda Dağlıq Qarabağı geri qaytara bilər ki, Rusiya ya dünya hüquq normalarına əməl etsin, ya da iddialarından əl çəksin. Əks halda Rusiya Dağlıq Qarabağı Azərbaycanı bütövlükdə işğal etmək üçün geri qaytara bilər. Buna görə də, Azərbaycan Dağlıq Qarabağın müvəqqəti olaraq itirilməsi ilə razılaşmalı, müstəqilliyinin və suverenliyinin qayğısına qalmalıdır. Zaman gələndə isə öz torpaqlarımızı azad etməliyik. Məsələn, Tayvan 100 ildən sonra Çinə qaytarıldı. Maldiv adaları 100 ildir İngiltərənin əlindədir. Hindistan 200 il İngiltərənin təsir dairəsində oldu və 1947-ci ildə müstəqilliyini qazandı. Bir xalq əgər o torpağın sahibidirsə, gec-tez həmin ərazilər ona qayıdacaq. Lakin hakimiyyətlər yanlış siyasətlə torpaqları geri qaytarmağa cəhd edərlərsə, bu zaman dövlətin suverenliyini və müstəqilliyini itirəcəklər.  Yəni Dağlıq Qarabağı qaytarmaqla Avrasiya İttifaqına girmək, Azərbaycan dövlətinin süqutuna gətirib çıxaracaq. Rusiyanın özünə gəlməsini gözləməliyik. Beləliklə, son zamanlarda torpaqların işğaldan azad olunması məsələsi yox, bununla Azərbaycanın bütövlükdə öz müstəqilliyini itirmək təhlükəsi gündəmdədir.

- Sərdar bəy, Gürcüstan hakimiyyəti Rusiyadan sonra İrandan qaz alacağını açıqladı. Tiflisin bu addımı dolayı yolla Bakının narazılığına səbəb oldu. Maraqlıdır ki, Gürüstana ən ucuz enerji resurları satan ölkə Azərbaycandır. Nə baş verir ki, Tiflis belə bir addım atmaq barədə düşünür?

- Azərbaycanın enerji ehtiyatları azdır. Son zamanlarda da Azərbaycan hakimiyyətinin Qərblə münasibətləri soyuq olduğu üçün Qərb də ölkəmizin enerji resurslarına o qədər də maraq göstərmir. Azərbaycanın əsas silahı isə neft və qaz idi. İqtidar da Avropanın ölkəmizdən neft və qaz almasına görə, dünyaya meydan oxuyurdu.

Amma indi məlum oldu ki, Azərbaycanın qaz ehtiyatları heç öz ehtiyacını ödəməyə kifayət etmir və buna görə Gürcüstana sata bilmir. Gürcüstan da müstəqil dövlət kimi çalışır ki, özünün enerji resurslarına olan ehtiyacını təmin etsin. Rusiya ilə əlaqələrinin o qədər də normal olmadığını nəzərə aldığından, buna görə də ən ideal variant kimi İrandan qaz almağı qabağa çəkir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları