Yuxarı

“Aksiyalar Milli Hərəkatı daha da böyüdəcək”

“Aksiyalar Milli Hərəkatı daha da böyüdəcək”

Arif KeskinArif Kəskin: “İrançılıq faktoru ciddi böhran içərisindədir”

“Fars milliyyətçilərinə görə, türklər "soyğunçu, işğalçı, dağıdıcı qövmdür”

Noyabrın 6-da İranın dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramında türklər təhqir edilib. Bununla bağlı soydaşlarımızın genişmiqyaslı etiraz aksiyaları keçirildi. Hazırda aksiyalar daha da genişlənib. Bundan qorxuya düşən televiziya rəhbərliyi hətta üzr də istəyib. Əslində, İranda soydaşlarımız bu vaxta qədər dəfələrlə sıxışdırılıb, təhqir olunub və daim assimilyasiyaya məruz qalıb. Lakin soydaşlarımızın bu dərəcədə çirkin formada təhqir olunması halı ilə ilk dəfədir ki, qarşılaşırıq.

Qeyd edək ki, İran dövləti fars millətçiliyinə əsaslanaraq idarə olunur. İran fars dövlətidir. İranda islam dini fars millətçiliyinə xidmət edir.

Amma istənilən halda bu cür etiraz dalğası İran dövlətinə sərf etmir. Belə olan təqdirdə bir televiziya kanalı nədən bu addımı atdı? Bu məsələdə İranın dövlət səviyyəsində rolu olubmu? Bu istiqamətdəki “Cumhuriyət” suallarını Türkiyədə yaşayan analitik, Güney Azərbaycan üzrə mütəxəssis Arif Kəskin cavablandırdı...

-İranda televiziya kanalında türklərin təhqir edilməsini təsadüf hesab etmək olarmı?

- İran televizyasının türkləri aşağılaması təsadüfi deyil. Bu hadisə, türklərə yönəlik sistematik bir aşağılamanın sadəcə ,bir parçasıdır. Türkləri aşağılamaq, əslində, İranın gündəlik mədəniyyətinin bir parçasıdır. Üstəlik, bu aşağılama yeni də deyil. 1924-cü ildən sonra Pəhləvi hakimiyyətilə türklərə yönəlik sistematik bir aşağılama hərəkatı başlayıb və hələ də bütün gücü ilə davam etməkdədir. 1979-cu ildə qurulan İran İslam Cümhuriyyəti, Pəhləvilərin bu ənənəsini davam etdirdi və günümüzdə İran dövlətinin bütün qurum və təşkilatları bu aşağılama və assimilyasiya prosesini dəstəkləyir və bəsləyirlər. Türkləri aşağılamanın təsadüfi olmadığını göstərən başqa səbəblər də var. Əvvəlcə İran dövlət televizyası həmişə türkləri aşağılayan yayımlar həyata keçirər. İran dövlət televiziyasında türklərə yönəlik aşağılama, təhqir yayımlarında göstərilən davamlılıq və sürəklilik bu hərəkətlərin təsadüfi olmadığını göstərir. Digər tərəfdən yayımlanan proqram canlı olaraq yayınlanmayıb. Proqram televiziyanın nəzarət və senzura heyətindən keçərək yayımlanıb. İran dövlət televiziyasının yayım məsulları və senzorların necə diqqətlə, vasvasılıqla çalışdığını hər kəs bilir. Bu da yayımlanan proqramın təsadüfi olmadığını göstərir.

- Bu siyasətin davam etdirilməsində məqsəd nədir?

-Bu alçaltma hərəkətlərini bəsit bir durum olaraq görmək gərəkdir. Bu aşağılama sürəcləri və hərəkətləri çox sayda məqsədə xidmət edir. Çox funksiyalı qarışıq və mürəkkəb bir durumdur. Bu aşağılama prosesləri Fars-ari milliyyətçiliyinin bir məhsuludur. Fars milliyətçiliyinin qarşısında duran faktorlardan biri türk kimliyidir. Fars milliyyətçiliyi özünü ilk öncə ərəb və türk kimliyinə qarşı təyin etdi. Fars milliyyətçilərinə görə, türklər "soyğunçu, işğalçı, dağıdıcı qövmdür!" Onlar hesab edir ki, türklər İrana hücum edərək ən böyük zərəri veriblər. Fars milliyyətçilərinə görə, İranın geridə qalmışlığının bir səbəbi türklərin İrana saldırısı və qurduqları dövlətlərdir. İrandaki türklərə yönəlik aşağılama prosesinə bu prizmadan baxmaq lazımdır. Fars kimliyini mərkəz alan bir irançı  kimliyi yaratmaq çərçivəsində fars olmayan bütün etnik və qruplar aşağılanır. Bu aşağılama hərəkətləri və proseslərini, İran milləti yaratma istiqamətində assimilyasiya siyasətinin bir parçası olaraq görmək lazımdır. Türklüyü aşağılayaraq, türkləri “Türk olmaqdan utandırmaq” və türklüklərini tərk etməyə məcbur etməkdir. Necə ki, İranda aşağılama hərəkəti sadəcə ,türklərlə də məhdudlaşmır. İranda yaşayan ancaq fars olmayan bütün millətlər, etniklər, dillər, mədəniyyətlər aşağılanır.

- Etiraz tədbirləri İrana necə təsir göstərəcək?

- Etiraz aksiyaları İrana yönəlik analizləri dəyişdirə bilər. Bu aksiyalar əslində, İranın ciddi, dərin və çox yönlü bir böhran içərisində olduğunun göstəricisidir. İrandaki siyasi böhranı sadəcə, ABŞ-İran qarşıdurmasına, islahatçı-mühafizəkar ayrı-seçkiliyinə və bənzər proseslərə uyğunlaşdırıb analiz etmək İranda yaşanılan böhranın mahiyyətini tam anlamı ilə açıqlaya bilməz. İrandakı böhran bu faktların kənarında cərəyan etməkdədir. Bugünkü İranda irançılıq faktoru ciddi böhran içərisindədir. Ancaq İrandakı dövlət və mərkəzçi müxalifət, bu həqiqəti qəbul etmək istəmir. Bu mitinqlər, İrandakı siyasətin məntiqi və dinamizminin dəyişdiyini göstərir. Azərbaycan türkləri daxil olmaqla İrandakı bütün türklər, öz milli kimliklərinə sahib çıxırlar, onu qoruyurlar. Bu gerçəklik, gələcəkdə İrandakı siyasi proseslərin necə cərəyan edəcəyini çox yaxşı göstərir.

-Mlli Hərakatın bugünkü durumu hansı səviyyədədir və bu olaydan sonra nələr olacaq?

- Milli Hərakat bu gün Güney Azərbaycanda siyasi hərəkətliliyin təməl və həlledici amilinə çevrilib. Güney Azərbaycan Milli Hərəkatı ciddi şəkildə genişlənir, dərinləşir və getdikcə daha da böyüyür. Güney Azərbaycanda fars kimliyini əsas götürən irançı kimliyi zəifləyir. İran mərkəzli siyasi və ideoloji hərəkətlər güçsüzləşir.

Bu prosesin məntiqi davamı olaraq Milli Hərəkat güç qazanır. İran dövlət televiziyasında yayımlanan aşağılamadan sonra yaşananlar əslində Güney Azərbaycan Milli Hərəkatının haqlılığının, hakimiyyətinin və gücünün göstəricisidir. Bu etirazlar əslində, Güney Azərbaycan Milli Hərəkatının böyüməsinin isbatıdır. Bu etiraz tədbirləri milli hərəkatı böyüdəcək, gücləndirəcək və təməlini möhkəmləndirəcək.

Cavad





Həftənin ən çox oxunanları