Yuxarı

“Millətçilərin gizli lideri yoxdur”

“Millətçilərin gizli lideri yoxdur”

[caption id="attachment_2855" align="alignleft" width="310"]huseyn turkelli Hüseyn Türkelli: “Bu dirçəliş böyük hərəkata çevrilsə, nəticə mümkündür”[/caption]

İranın “Kanal 2” dövlət televiziyasında türklərin təhqir edilməsinə etiraz olaraq, Güney Azərbaycanda başlamış nümayişlər səngimək bilmir. Küçələrə axışan on minlərlə türk fars-molla rejiminin bu addımına etiraz edir. Fars rejimin son 1 əsrə yaxındır, Güney Azərbaycan türklərinə qarşı hansı siyasəti yürütdüyü məlumdur. Zaman-zaman türklərə yönəlik qəbul etdiyi çoxmənalı qərarlar etirazlara səbəb oldu. 2006-2012-ci illər ərzində Güneydə baş vermiş silsilə etiraz nümayişlərində milli fəallar və hərəkatın üzdə olan liderləri həbs olundu. Lakin proses gizli formada davam edirdi.

Bundan çəkinən fars-molla rejimi gizli hərəkata kimin rəhbərlik etdiyini üzə çıxarmaq üçün bu yola əl ata bilərdi. Noyabrın 6-dan bu günədək davam edən nümayişlərə görə, ETTELAAT tərəfindən onlarla milli fəal və hərəkat öncüllərinin həbs edilməsi kampaniyası, “Kanal-2”-nin yol verdiyi yanlışlıq məhz planlı işin tərkib hissəsidir.

Güney Azərbaycanda cərəyan edən hadisələrin hansı nəticə ilə sonuclanacaq? Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin başqanı, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkelli “Cümhuriyət”ə bildirdi ki, sosial yönümlü ayaqlanmadan tezliklə nəticə gözləmək doğru deyil. H.Türkelli hesab edir ki, əgər bu, milli mübarizəyə çevrilib, böyük hərəkata çevrilsə, nəticə mümkündür: “Belə ayaqlanmalar azadlıq düşüncəsinin yayılmasına, millət arasında kök atmasına təkan verir. Türklərin dövlət telekanalında təhqir edilməsi təsadüfi deyil. Xüsusilə bunun uşaqlar üçün nəzərdə tutulmuş proqramda edilməsi, türk uşaqlarında aşağılıq kompleksinin yaradılması, rejimin soydaşlarımızı farslaşdırmaq planının tərkib hissəsidir. Bunun nəticəsində Güneydə yaşayan bir çox soydaşımız milli kimlik problemindən əziyyət çəkir, özünü iranlı hesab edir. Lakin fars şovinizminin bu cür mesajları və təhqirləri özlərini iranlı sayan türklərdə də ciddi suallar yaradır. Bu kimi təhqirlər farslaşdırma siyasəti aparan İran rejiminin əsl simasının üzə çıxarılmasına və türklərə qarşı düşmən mövqeyində dayanmış qüvvələrin dağılmasına təkan verir. Əlbəttə, bu tip olaylar müəyyən mənada türklərin apardığı müstəqillik mübarizəsinin xeyrinədir. Bu, son illərdə türklərin nisbi durğunluğuna son qoydu. Türklər bununla İrandakı milli düşüncənin haqlılığını dünya birliyinin qarşısına qoydu. Həmçinin rejimin oynadığı bu çirkin oyun, milli müstəqillik uğrunda mübarizə aparan türk cəbhəsi sıralarının daha da genişlənməsinə səbəb oldu. İnsanların fars rejiminə qalmış azacıq inamını da yox etdi. Ən önəmlisi parçalanmış milli düşərgəni yenidən bir yerə topladı, birləşdirdi”.

Hüseyn Türkelli son hadisələri uğurlu hesab edir. Güney Azərbaycan probleminin kompleks məsələ olduğunu deyən H.Türkelli, dünya güclərinin Güney Azərbaycanda maraqlarının toqquşduğunu bildirib: “Beləliklə, “Xalqın gücündən böyük güc yoxdur”, fikirləri sadəcə, pafoslu çıxış kimi səslənir. Nəticə əldə etmək üçün mübarizənin xarici dəstəyə ehtiyacı var. Heç kəsdə ruh düşkünlüyü olmasın, amma Güney Azərbaycanın yanında hansısa xarici güc yoxdur. Həm daxildə, həm də xaricdə təşkilatlarımızı dağıdıblar. Millət küçələrə çıxır, öz iradəsini ortaya qoyur, amma bu mübarizəyə planlı dəstək verən qüvvə yoxdur. Güney Azərbaycan Hərəkatının gizli liderləri yoxdur. Bu, milli hərəkatdır, bütün güclər və liderlər də ortadadır. Lakin son hadisələrdən molla rejimi çox şey itirdi, milli hərəkat yenə də qazandı. Hesab edirəm ki, Güney Azərbaycan bir daha fars rejiminə öz gücünü göstərdi. Bu olay millətimizi türkçülük idealları ətrafında sıx birləşdirdi və bu milləti əzməyin mümkün olmadığını molla rejiminə göstərdi”.

Mənsur





Həftənin ən çox oxunanları