Yuxarı

“Əsas şərt partiyanın hakimiyyətə gəlməsidir”

“Əsas şərt partiyanın hakimiyyətə gəlməsidir”

 

Fexrim EbdulezimovAXCP funksioneri Fəxrim Abduləzimov partiyanın fəaliyyət istiqamətləri və inkişaf perspektivləri barədə fikirlərini Cəbhə.info ilə bölüşüb. Cebhe.info partiyanın İdarə Heyətinin üzvü ilə müsahibəni təqdim edir.

- Fəxrim bəy, hazırda ölkədə partiyalar arasında sağlam rəqabət olduğunu söyləmək mümkündürmü?

- Partliyalar arasında sağlam rəqabətdən söhbət etməyi təsəvvürümə gətirə bilmirəm. Çünki Azərbaycan müxalifəti iqtidara gəlmək üçün hakimiyyətlə yox, ölkə daxilində bir az nüfuz qazanmaq üçün bir-birlərilə mübarizə aparır. Bununla onlara xalqın inamı sıfır həddinə çatmaqdadır. Öncəki illərə qayıtsaq, liderlik edən müxalif partiyaların ətrafında çoxlu sayda mübariz insanların olduğunu görərik. Lakin onların xalqın mənafeyini unudaraq bir-biri ilə didişməsi insanların onlara arxa çevirməsinə gətirib çıxardı.

- Sizin fikrinizcə, AXCP-nın digər partiyalardan hansı üstünlükləri var? Hansı üstünlüklərinə görə fəal gənclər Razi Nurillayevin sədri olduğu AXCP-ni seçməlidirlər?

- AXCP digər partiyalardan bir çox üstün cəhətləri ilə fərqlənir. Bunlardan biri partiyanın gəncləşməsi, savadlı insanların ölkə səviyyəsində tanıdılması, onların potensialından yüksək səviyyədə istifadə olunmasıdır. Bizim partiyaya yeni üzv olanların əksəriyyəti gənclərdir. AXCP sədri Razi Nurullayev digər partiyalardan fərqli olaraq gənclərə meydan verilməsinə, onların tanınmasına qısqanclıqla yanaşmır. O cümlədən partiyanın konkret məqsədi, planları xalqın rifahına hesablanıb. Eyni zamanda hakimiyyət uğrunda mübarizə aparıb, xalqın yüksək yaşayış səviyyəsinə çalışmamız digər partiyalardan üstünlüyümüzdür.

- AXCP ölkə daxilində hansı güvəni yarada bilib?

- AXCP ölkədə demokratiya və azadlığımızı möhkəmləndirmək üçün beynəlxalq sivil qanunlara üstünlük verir. Bu dəyişiklik üçün biz öncə özümüzdən, yəni partiyadan başladıq. Belə ki, AXCP sədr və digər məsul vəzifələrin ömürlük olmamasını qanuniləşdirdi. Partiyanın əsas məqsədi ölkədə söz azadlığı və digər insan hüquqlarını, demokratiyanı bərpa etməkdir. Bunun üçün əsas şərt isə partiyanın hakimiyyətdə təmsil olunmasıdır. Hakimiyyətə gələnə kimi görəcəyimiz işlər həbsdə olan siyasi məhbusların hüquqlarının, ölkədə sərbəstliyin, azad sözün olmasını təmin etmək olacaq.

- Demokratiya və azadlığı möhkəmləndirmək üçün AXCP hansı dəyişikliklər edir?

- AXCP olaraq ölkə daxilində olan narazılıqlardan partiya və dövlətçilik lehinə istifadə edəcəyik. Ölkədə həm siyasi, həm də sosial problemlər kulminasiya nöqtəsindədir. Biz bu narazı vətəndaşları öz ətrafımızda birləşdirməyə başlamışıq. Əlbəttə, bu proseslərdə həm partiya funksionerlərinin, həm də könüllülərin əməyi böyükdür. AXCP olaraq bizə dəstək verəcək hər bir insanın üzünə qapılarımızı açıq saxlamışıq. Digər partiyalarla birlikdə mübarizə aparmağa gəldikdə isə, istər 2005-ci ildə yaradılan “Azadlıq” bloku, 2008-ci ildə AXCP- Müsavat Birliyi, 2010-cı ildə İctimai Palata, istərsə də 2013-ci ildə Milli Şurada birləşən partiyaların nəticə əldə etməməsinin əsas səbəbi partiya liderlərinin öz şəxsi mənafeləri üçün çalışmaları olub.

- Keçmiş AXCP sədri olan Əli Kərimli hazırda Razi Nurullayevin rəhbərlik etdiyi AXCP -nin gücünü zəiflədə bilərmi?

- Razi Nurullayevin sədrlik etdiyi AXCP-ni zəiflədə biləcək elə bir güclü qüvvə görmürəm. Əli Kərimlinin təsirini isə sıfırla ölçə bilərəm. Çünki artıq heç kim pafoslu çıxışlara inanmır. Hamı bilir ki, boş vədlərlə kiminsə cibi dolur. Bu sözlərdən xalq hec zaman yararlana bilmədi. Artıq özünü AXCP sədri kimi təyin edən, bizim üçünsə keçmiş sədr olan Əli Kərimli hazırda siyasətdə necə qalacağı haqqında düşünür. Vaxtilə Arif Hacılını bəyənməyən, indi onunla tərəfdaşlıqa getmək istəyən, illər uzunu iqtidarın yanında yer alan müxalifətə qarşı barışmaz mövqe tutan Gültəkin Hacıbəyliylə bir yerdə olması bunu bir daha sübut edir. Biz AXCP olaraq ən güclü partiyayıq. Xalqımız bizə inanmaqda yanlışlığa yol verməyib.

Rəqsanə Qarabağlı





Həftənin ən çox oxunanları