Yuxarı

Hətəmxan ağa və Şahbaz bəyin bitməyən mübarizəsi…

Hətəmxan ağa və Şahbaz bəyin bitməyən mübarizəsi…

vusal qarayevHələ dahi Mirzə Fətəli Axundov 18-ci əsrdə bu mövzuya toxunmuşdu. Avropaya gedəkmi, getməyəkmi?.. Mizahi bir üslubla qələmə almışdı bu mövzunu dramaturq. Hətəmxan ağa Avropadan birmənalı imtina edənləri, Müsyö Jordan Avropanı, Şahbaz bəy isə Avropaya təhsil üçün can atan gəncliyi təmsil edirdi. Maarifçi Mirzə Fətəli o zaman yüksək keyfiyyətli təhsil yolunun Avropadan keçdiyini yaxşı bilirdi. Düzdür, dramaturq mövzunu bitirə bilməmişdi, sonda Paris “dağılmış” və Şahbaz hələlik Avropaya gedə bilməmişdi. Lakin Müsyö Jordan söz vermişdi ki, bir gün qayıdıb onu Avropaya aparacaq. Bu günə kimi də bu məsələ mübahisə mövzusu olaraq qalır.

Bu gün də hətəmxanağalar var, bu məsələyə sırf intimlik prizmasından yanaşanlar. Məsələn, Hətəmxan ağa Avropa qadınlarının başıaçıq kişi məclisində oturduğunu qeyd edirdi ki, bu gün də hətəmxanağalar buna bənzər misallar gətirirlər. Bu gün Hollandiya kimi inkişaf etmiş, mədəni bir ölkənin adı çəkiləndə cəmiyyətimizdə hər kəsin ağlına eynicinsli nikah gəlir. Çox acınacaqlıdır, deyilmi? Hollandiya kimi əhalisinin yüksək səviyyədə yaşadığı bir ölkəni yalnız eynicinslilərin nikahı ilə anmaq? O zaman mən də hətəmxanağalara onların anladığı dildə bir neçə misal çəkim, müqayisə aparım. Məsələn, Avropada səhər-səhər küçə ilə gedərkən insanın yerdəki tüpürcəklərə baxıb ürəyi ağzına gəlmir, çünki onlar yerə tüpürmürlər, bizdə isə tüpürürlər. Onlarda avtobusa minərkən kimsə bir-birini itələmir, bizdə isə nəqliyyat sanki döyüş meydanıdır. Avropada növbə mədəniyyəti var və orda avtobusların sayı insanların sayına uyğun hesablanır, bizdə isə belə deyil. Bir az da dərinə gedim, onlarda uşağı bağçaya qoyarkən bağça müdirinə şirinlik vermirsən, bizdə isə verirsən. Onlarda orta məktəbdə uşağın müəlliminə müxtəlif bayramlarda hədiyyələr alıb göndərmirsən, bizdə isə göndərirsən. Onlarda universitetdə kursu başa vura bilmək üçün müəllimlərin cibinə pul basmırlar, bizdə isə basırlar.

Bu siyahını onların və ya bizim xeyrimizə uzatdıqca uzatmaq olan. Amma bizim xeyrimizə olanlar əsasən nisbi anlayışlardır. Məsələn, bakirəlik kimi. Bizim namus anlayışımıza görə, qadın ərə gedənə kimi bakirəliyini qoruyub saxlamalıdır. Amma bu, bütün dünya üçün belə deyil və buna riayət etməyənlər hamısı namussuzdur deyə bir etalon yoxdur. Ona qalarsa, oralarda qızı düşüncəsi nəzərə alınmadan, şillə-təpiklə kiməsə ərə vermirlər, ancaq bizdə - Şərqdə verirlər. Bizdə nikahdan əvvəl münasibət namussuzluq sayılır, onlarda isə rüşvət almaq.

Ümumiyyətlə, Avropaya inteqrasiya o anlama gəlmir ki, öz inancından, mentalitetindən, soy-kökündən, mənəvi dəyərlərindən vaz keçməlisən. Lakin reallıq budur ki, bu gün Avropada təhsil, həyat səviyyəsi, sosial-ictimai durum, mədəniyyət bizdən daha yüksəkdir. O zaman niyə də onlardan yaxşıları götürməyək? Axı bir zamanlar Qərb də Şərqdən yaxşı nələrsə götürüb, özününküləşdirərək bu gün Şərqdən qat-qat yüksəklərdədir. Biz nədən bunu etməyək?...

AXCP sədri Razi Nurullayev “Avropaya inteqrasiya vacibdir” deyərək “Avropada şəffaflıq, iş, gözəl təhsil, demokratiya, insan şəxsiyyətinə hörmət, qanun və qanunçuluq var. Ona görə də Azərbaycan Avropanın bir hissəsi olmalıdır. Azərbaycanda saf, sivil, kübar bir dövlət yaratmalıyıq”,- deyə vurğulanyanda hətəmxanağalar həmən öz bəsit müqayisələri ilə qarşı çıxmağa başladılar. Başa düşə bilmirəm, ən bəsiti, axı niyə bizdə də iş günləri 8 saat, 5 gün olmasın? Niyə biz də hər il rahat, kredit götürmədən xarici ölkələrə istirahətə gedə bilməyək? Niyə biz də ictimai nəqliyyatda rahat hərəkət etməyək? Niyə bizdə də yüksək rütbəli məmurların işə velosipedlə getmək mədəniyyəti olmasın?...

Təkrarlamağa məcburam, Qərbə, Avropaya inteqrasiya Şərqdən və şərqlilikdən, özündən imtina etmək deyil. Biz, əlbəttə, şərqliyik, biz Şərq ölkəsiyik və biz Şərq mədəniyyətinin, etikasının, mentalitetinin daşıyıcılarıyıq. Lakin “Avropaya inteqrasiya etmək lazımdır” dedikdə, burda etnik, milli, intim nüanslar axtarmaq gülüncdür, axı! Söhbət siyasi, iqtisadi, sosial məsələlərdən gedir. Faktdır ki, bu gün Avropada insana verilən dəyər Şərqlə müqayisədə daha yüksəkdir. Bu gün Avropada insan hüquqları daha yüksək səviyyədə qorunur. İnsanlar Avropada sosial, iqtisadi və siyasi baxımdan daha azaddırlar və daha yaxşı yaşayırlar. İnsanların maddi, sosial gələcəyi dövlətin sığortası, qoruması altındadır. Qərbin yürütdüyü xarici siyasətin ədalətli olmadığını iddia edənlər də onu dərk etməlidirlər ki, bu dövlətlərin xarici siyasətdə atdığı hər addım öz vətəndaşlarının daha yaxşı, daha rahat yaşamasına hesablanıb. Biz AXCP olaraq məhz bu baxımdan Azərbaycanın inkişaf yolunun Avropadan keçdiyinə inanırıq.

Vüsal Qarayev





Həftənin ən çox oxunanları