Yuxarı

AXCP şöbə sədri: “Hədəf  İŞİD yox, türkmənlərdir”

AXCP şöbə sədri: “Hədəf  İŞİD yox, türkmənlərdir”

Nazim Manafov“Rusiya, "əldən verdiyi" Əfqanıstan və İraqdan sonra, Suriyada gedən proseslərdə izləyici qalacağı təqdirdə, Orta Şərqdə öz mövqeyini Amerikaya təhvil verəcəyini gözəl anlayırdı”. Bunu Cebhə.info-ya AXCP Binəqədi rayon şöbəsinin sədri Nazim Manafov deyib. Şöbə sədri qeyd edib ki, Putinin Bəşər Əsədin hakimiyyətini qorumaq qərarına səbəb budur:

“Eyni zamanda İŞİD-lə mübarizə adı altında məlum Ukrayna hadisələrindən sonra mənfiyə doğru dəyişən imicini yaxşılaşdırmaq istəyirdi. Suriyada apardığı faktiki mübarizə isə İŞİD-lə  deyil, Bəşər Əsədə qarşı çıxan müxalif qüvvələrə idi. Lakin öz maraqlarını Yaxın Şərqdə təmin etmək istəyən rəsmi Moskva artıq regionun yeni liderinə çevrilən Türkiyəni nəzərə almamışdı. Rusiya üçün ona tay rəqib bir tək Amerika idi, İngiltərə də daxil olmaqla bir neçə Avropa ölkəsinin hava məkanını dəfələrlə pozduğu halda heç bir adekvat cavab görməmişdi. Eyni halı Türkiyəyə qarşı da bir neçə dəfə etmişdi. Son belə insident 5 oktyabrda baş vermişdi, həmin hadisə zamanı Rusiyanın Türkiyədəki səfiri XİN-ə çağrılaraq, rəsmi Moskvaya etiraz notası da verilmişdi. Rusiya təyyarəsi Türkiyə hava sərhədinə təkrar daxil olunca, Ərdoğan "sözünü tutdu",  Rusiyanın savaş təyyarəsi məhv edildi. Rəsmi Moskva tələsik təyyarənin Suriya ərazisindən yerüstü silahdan istifadə edilərək vurulduğunu desə də, Ankara "biz vurduq" deməklə Rusiyaya açıqca meydan oxudu”.

“Hadisənin ardından Rusiya prezidenti,"terrorcilara qarşı vuruşan bir dövlətin təyyarəsinin məhv edilməsini arxadan vurulan zərbə" kimi qiymətləndirsə də,  dünya, Kreml hadisələrindən sonra, Putinin səmimiyyətinə inanmır” deyən N.Manafov qeyd edib ki, Rusiyanın hədəfində İŞİD yox, türkmənlər olub:

“Artıq, bir neçə həftədir ki, Rusiya bombardıman təyyarələri türkmənlərin kompakt məskunlaşdığı yaşayış məntəqələrini bombalayırdı. Vurulan bombardımançı təyyarənin hədəfinin İŞİD deyil, Suriyada müxalif düşərgədə döyüşən türkmənlər olduğu məlum idi. Bir neçə dəfə türkiyəli rəsmilər Suriyada İŞİD yaraqlılarının deyil, Suriya müxalifətinin hədəf olduğunu demişdi”.

Nazim Manafov Rusiya ilə Türkiyə arasında müharibə riskinin olmadığını da bildirib: “Bir ölkənin savaş təyyarəsinin vurulmasının müharibəyə başlama səbəbi ola biləcəyini nəzərə alsaq belə, bundan sonrakı hadisələrin sadəcə diplomatik gərginliklə müşahidə olunacağını düşünürəm. Rusiyanın Türkiyə kimi quru sərhədi olmayan nəhəngə hər hansı hərbi müdaxilə edəcəyi reallıqdan uzaqdır. Eyni zamanda, maliyyə böhranı və sanksiyalar fonunda Türkiyənin NATO üzvlüyünü də nəzərə alsaq, Rusiyanın Alyansını öz üzərinə çəkəcək qədər "düşünülməmiş" addım atması reallıqdan kənardır. Ən pis halda iki dövlət, öz səfirlərini geri çağıraraq diplomatik münasibətləri sıfır nöqtəsinə qədər endirə bilərlər. Bu halın hər iki qonşumuzun iqtisadiyyatına mənfi təsir göstərəcəyi bəllidir. Lakin dövlətlərin öz maraqları naminə iqtisadiyyatını qurban verildiyi təcrübəsi də dünyada az baş verməyib”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları