Yuxarı

Yaxın Şərqdə Osmanlı xofu

Yaxın Şərqdə Osmanlı xofu

turkiyeTürkiyənin regionda həlledici oyunçuya çevrilməsini istəmirlər

Türkiyə ordusunun 8 min əsgər, 25 tank və digər zirehli texnika ilə İraqa girməsi bəzi dövlətlərlə yanaşı qardaş ölkənin ictimaiyyətində də birmənalı qarşılanmayıb. Türkiyə mediasının gündəmi hazırda Türkiyə ordusunun İraqa daxil olması və bunun yaratdığı situasiya və perspektiv təhlillərlə bağlıdır. Narazılarla yanaşı bir çox şərhçilər bildirirlər ki, Ankara əslində doğru addım atıb.

İraq, Rusiya və digər ölkələrdən gələn sərt təpkilər isə Türkiyənin 100 il müddətinə bölgədə baş verən olaylara seyrçi qalmasındabn qaynaqlanır. Hazırda isə qlobal gücə çevrilməkdə olan Türkiyənin bu addımı atması artıq Osmanlı xofu yaradıb.Buna etirazla yanaşan təhlilçilər isə əsasən rus-türk qarşıdurmasından çəkinirlər. Qeyd edək ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib ki, İraq hökumətinin icazəsi olmadan Türkiyə ordusunun Mosula daxil olması qəbuledilməzdir.

Amma ekspertlər hesab edirlər ki, Türkiyənin Mosula qoşun yeritməsi heç bir rus-türk qarşıdurmasına gətirib çıxarmayacaq. Düzdür, İraq hökuməti türk qoşunlarının Mosula girməsinə razılıq verməyib və bu məsələdə rəsmi Bağdad tələblərində hüquqi baxımdan haqlıdır.

Şiələrdən etiraz

İraqda Türkiyə hərbi alayının Neynəva əyalətinə daxil olması ölkənin Bəsrə, Bağdad şəhərləri və Səlahəddin əyalətində kütləvi etirazlarla qarşılanıb. İŞİD-ə qarşı vuruşan Xalq Səfərbər Qüvvələrinin (könüllü şiə briqadaları) “İmam Əli Batayonu”nun komandiri Əbu-Əzrail də Türkiyə hakimiyyəti və ordusuna səslənib. O, Türkiyə hakimiyyətinin İraq ərazisinə girməsini kəsgin şəkildə tənqid edib. Əbu-Əzrail İraqın sabiq parlament sədri Usamə Nuceyfi və Moslun sabiq valisini ölkəyə xəyanət etməkdə və ölkəni İŞİD və Türkiyəyə satmaqda ittiham edib.

Bu arada isə “Röyters” xəbər agentliyi Türkiyənin Mosuldakı Başika düşərgəsində yerləşən canlı qüvvəsinin bir hissəsini quzeyə doğru hərəkət etdirib. Ankara bu addımı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə atdığını bildirir.

Kürdüstan bölgəsinə nəzarət

“Reqnum”da Türkiyənin İraq siyasəti ilə bağlı dərc edilən məqalə də diqqət çəkir. Məqalədə deyilir ki, Suriya ilə sərhəddə Rusiya təyyarəsinin vurulmasından sonra Kreml Türkiyəyə qarşı “kürd kartı”ndan istifadə etməyə, opponentini zəiflətməyə çalışdı.

Türkiyə-Rusiya və Türkiyə-kürd münasibətlərindən bəhs edilən məqalədə ikincilərin rəqibini kürdləri gücləndirməklə cəzalandırmağa çalışdığı qeyd edilib:“Çoxsaylı rus-türk müharibələri zamanı bu siyasətdən istifadə edilirdi. Ancaq bu gün vəziyyət tamamilə fərqlidir. Əhməd Davudoğlu Türkiyənin xarici siyasət xəttinin baş memarlarından biri oldu. Ölkənin yumşaq gücündən istifadə etməklə qazanc əldə etməyə başladı. 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra İraq kürdləri də türklərin orbitinə düşdülər. Şimali İraq lideri Məsud Bərzani ilə dostluq münasibətlərinin yaradılması ilə İraq kürdləri Türkiyənin vassalına çevrildi. Bərzani postunu tərk etməyə tələsmir, müxalifət partiyaları da türklərin reaksiyasından ehtiyat edərək ona qarşı çıxış edə bilmirlər. Bu gün Ankara Kürdüstanın bütün iqtisadiyyatına nəzarət edir. Regionda 1300-dən çox Türkiyə şirkəti və müəssisələri fəaliyyət göstərir”.

İraqın reaksiyası nədən qaynaqlanır?

Prosesi qəzetimizə şərh edən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Araz Aslanlı isə dedi ki, Türkiyə artıq 1991-ci ildə və 2003-cü ildə İraqa qarşı beynəlxalq koalisiyaya qoşulmayan, Suriya tərəfindən təyyarəsi vurulanda hərbi reaksiya verməyən, İraqın şimalından yönələn təhlükələrə məhdud reaksiya verən Türkiyə deyil. Region da əvvəlkindən daha qaynar və daha risklidir. İkincisi mütləq nəzərə alınmalıdır ki, İraqdakı mərkəzi hakimiyyətin razılığı olmadan bu ölkənin ərazisinə hərbi qüvvələrin istənilən ölkə tərəfindən yeridilməsi (BMT Təhlükəsizlik Şurasının qərarı ilə olan hallar istisna olmaqla) bu ölkənin suverenliyinə müdaxilədir”. Onun fikrincə, İraqdakı mərkəzi hakimiyyətin buna etiraz etməyə hüququ var”.

İran və Rusiya faktoru

Politoloq Natiq Miri isə hesab edir ki, Türkiyə ordusunu İraqda istəməyən və İraq hökumətinə ciddi təzyiq edən əsas ölkələr İran və Rusiyadır: “O mənada ki, İran heç bir vəchlə Türkiyənin İraqda mövqelərinin güclənməsini istəmir. Çünki İraq hökumətində çoxluq şiələrin əlində olduğu üçün İranın bu hakimiyyətə təsir və nəzarət etmək imkanları çox böyükdür. Türkiyənin İraqda varlığı isə təbii ki, rəsmi Tehrana əngəl olur və geosiyasi maraqlarını həyata keçirməyə imkan vermir.Rusiya da İranla eyni durumda və fikirdədir. Rusiya Türkiyə ilə indiki gərgin münasibətlərin fonunda qardaş ölkənin bu qədər aktivləşməsini, regionda həlledici oyunçuya çevrilməsini istəmir. Ona görə ki, Türkiyə ordusunun İraqa müdaxiləsi gələcəkdə Rusiyanın yolunu müəyyən mənada bağladı. Çünki Türkiyənin İraqda olması əslində NATO-nun orada olması anlamına gəlir. Və o da həqiqətdir ki, Türkiyə İraqa girməmişdən öncə təbii ki, öz NATO müttəfiqləri ilə bu məsələni razılaşdırılmış duruma gətirib və ABŞ-la birgə addım atılıb. Əks təqdirdə ABŞ başda olmaqla NATO bu müdaxiləyə etiraz edərdilər.

Eyni zamanda İraqa 8 minlik orduyla müdaxilə etməsi hadisəsinin BMT Təhlükəsizlik Şurasına qədər götürülə biləcəyini Türkiyə bilməmiş deyil. Məhz bu baxımdan ABŞ-ın razılığı olmadan Türkiyənin belə bir addım atması ağlabatan görünmür. Çünki İraq rəhbərliyinin BMT-yə müraciətinin Rusiya tərəfindən dəstək görəcəyini rəsmi Ankara əvvəlcədən hesablayıb. Ona görə də İraqa müdaxilənin müttəfiqləriylə razılaşdırıldığını və bununla bağlı beynəlxalq təşkilatlar baxımından heç bir təhlükənin olmadığını bildiyi üçün, bu qədər qətiyyətli və təmkinli addım atdığını demək olar”.

N.Miri deyir ki,Türkiyə Basikaya kürd peşmərgələrinə təlim vermək üçün gəldiyini bəyan etsə də, 8 minlik ordu ilə Mosul ərazisində varlığı daha ciddi geosiyasi niyyətlərdən xəbər verir: “Əvvəla, Türkiyə İraqa böyük bir güclə müdaxilə etməklə Rusiyanın regionda təsir imkanlarının genişlənməsinin qarşısını almış oldu və əslində rus uçağının vurulmasının davamı olaraq rəsmi Moskvaya “dur” deyildi. Baxmayaraq ki, İraq parlamenti Rusiyaya yardım üçün qərar layihəsi hazırladıqlarını bəyan etdilər, ancaq buna ABŞ və Türkiyə tərəfindən imkan verilməyəcəyini iddia etmək olar. Çünki İraqa ABŞ tərəfindən yardımlar kəsilsə və İraq hökümətinə siyasi və hərbi dəstək dayandırılsa, bu İraqın parçalanmasına gətirəcək ki, bunun üçün həm yerli, həm də xarici aktyorlar çoxdan bu ölkəni bölmək məqsədilə pusquda durmuş vəziyyətindədirlər. Sadəcə parlamentin bəzi İrana və Rusiyaya yönəlik deputatları bunu caydırıcı olaraq istifadə etmək istəyir ki, Türkiyə öz ordusunu geri çəksin. Bu da təbii ki, İran və Rusiyanın təhriki ilə edilir”.

Cavad





Həftənin ən çox oxunanları