Yuxarı

“Çe Gevaranı Kastro öldürməyib”

“Çe Gevaranı Kastro öldürməyib”

ce guevara“Çe Qevaranı Fidel Kastro öldürməyib”. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Cebhe.info-ya açıqlamasında belə bir iddia ilə çıxış edib. R.Qurbanov Kuba inqilabının lideri Fidel Kastronun internasionalist inqilabçı Ernesto Çe Qevaranı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə təslim etməsi barədə yayılan məlumatların da doğru olmadığını deyib:

“Bu kimi iddialar tamamilə yalnışdır. Məhz bu cür şayiələr ABŞ MKİ tərəfindən tirajlanır və cəmiyyətdə çaşqınlıq yaradır. Hər bir hadisəyə məntiqi yanaşmaq və onun motivini anlamaq lazımdır. Kastro nə səbəbdən Ernestonu Mərkəzi Kəşfiyyat İdarəsinə təslim etməli idi? Bu, tamamilə absurddur. Çe Qevara Fidel Kastronu inqilabın lideri kimi qəbul edərək "26 iyul hərəkatı"na qoşulub,  Kuba diktatoru Batistanı devirmək üçün Kastro və digər inqilabçılarla  birlikdə sosialist inqilabının qələbəsinə nail olub, müəyyən müddətdə Kubada müxtəlif  məsul vəzifələrdə çalışıb. Çe Qevara imperializmə qarşı mübarizəni kapitalizm buxovlarından azadlıq mübarizəsi kimi qəbul edirdi. Onun üçün məkan amili yox idi. Özünü dünya inqilabına həsr etmiş bu dahi şəxsiyyət 1965-ci ildə Fidel Kastroya rəsmi müraciət edərək, Kubanı tərk edir və inqilabi fəaliyyətini davam etdirmək üçün 1966 - cı ildə Boliviyaya gəlir.  İnqilabçı partizan hərəkatı yaradaraq istismarçı sinfə qarşı mübarizə aparır. 1967- ci ilin oktyabr ayının 8 - də Boliviyada Çe Qevara MKİ -nin agentlərinin vasitəçiliyi ilə Boliviya silahlı qüvvələri ilə döyüşdə mühasirəyə düşür, yaralanaraq əsir götürülür və qətlə yetirilir. Əfsənavi inqilabçı  Ernesto Çe Qavara 11 oktyabr 1967-ci ildə Valyeqrand şəhərindəki  aeroportun  yaxınlığında  gizli şəkildə torpağa tapşırılır. 1995-ci ildə  qəbrinin yeri  aşkarlanaraq, 1997-ci ildə cəsədinin qalıqları Kubaya gətirilir və Santa-Klara şəhərində movzeleydə dəfn olunur. Çenin mübarizəsi imperializmə qarşı beynəlxalq qurtuluş mübarizəsi idi”.

Rauf Qurbanov eyni zamanda Kastro və Çe Qevaranın Kuba inqilabının Leninin nəzəriyyəsi əsasında həyata keçirildiyini bildirib. R.Qurbanovun sözlərinə görə, kommunist ideologiyasının elmi nəzəriyyəsinin yaradıcıları Karl Marks və Fridrix Engelsdir: “Vladimir İliç Lenin isə bu nəzəriyyəni daha da təkmilləşdirən və dünyada ilk sosialist inqilabının banisi, sovet hökumətinin yaradıcısı olan dahi şəxsiyyətdir. Mao Tsze Dun, Xo Şi Min, Fidel Kastro rus Leninin inqilabi kursunun  davamçılarıdır. Onlar müxtəlif  illərdə öz ölkələrində sosialist inqilablara rəhbərlik edib və qələbə qazanıblar. Çe Qevara isə dünyada  gənc solçuluğun mübarizlik  rəmzi kimi qəbul olunub. Onun apardığı mübarizənin kökü də Marksizm - Leninizm nəzəriyyəsi ilə bağlıdır, onun ideologiyası da buradan qaynaqlanır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları