Yuxarı

Ərəb-İran savaşının bir addımlığında

Ərəb-İran savaşının bir addımlığında

[caption id="attachment_3285" align="alignleft" width="394"]aida bagirova Aidə Bağırova: “Ərəb koalisiyası İranı Suriyadan çıxarmağa çalışırlar”[/caption]

Səudiyyə Ərəbistanı ilə İran arasında yaranmış gərginlik iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinə səbəb olub. Yanvarın 3-də Səudiyyə Krallığının qərarı ilə edam edilmiş şiə lideri Nimr əl-Nimrin anadan olduğu əl Kadif şəhərində şiə icmasının nümayəndələri ilə polis arasında silahlı qarşıdurma baş verib. Eyni zamanda, Bəhreyn də İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Ona görə də son hadisələrin məzhəb müharibəsinin dərinləşdiyi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ehtimalı artır. “Qana-qan” prinsipi ilə çıxış edən İranı və onun ətrafındakı şiə koalisiyasının qarşısında isə 34 sünni dövlətindən ibarət İslam koalisiyası dayanıb. Yaranmış geosiyasi böhran Qərbdə də narahatlıqla izlənir. Hazırda beynəlxalq ictimaiyyəti isə daha çox bir sual düşündürür- İranla Səudiyyə Ərəbistanı arasında müharibə ola bilərmi? Çünki belə bir müharibənin alovlanması məzhəblərarası ədavətin bütün müsəlman dünyasına yayılmasıdeməkdir. Qərb təhlilçiləri isə Səudiyyə kralının sarayında çıxarılan son qərarın Qərbin mənafeyinə zidd olduğunu düşünür. Belə ki, Səudiyyə Ərəbistanı ilə İran arasında hərbi vəziyyətin pisləşməsi İranı nüvə proqramından razılaşmaya dair sazişdən imtinaya sövq edə bilər. Ər-Riyad isə emosional davranışları ilə Qərbdəki müttəfiqlərinə problem yaradır.

“The İndependent” qəzetinin yazdığına görə, Nimr Bakr ən-Nimr sıradan bir vaiz olmayıb. O, uzun illər Tehranda və Suriyada ilahiyyatçı kimi fəaliyyət göstərib, Səudiyyə Ərəbistanının şərq əyalətində nüfuzlu şiə lideri kimi cümə namazına rəhbərlik edib. “O heç bir siyasi partiyanın tərəfdarı olmayıb, bu səbəbdən də tez-tez həbsə atılıb, Səudiyyə Ərəbistanının sünni-vəhabi hakimiyyətinə qarşı çıxdığına görə, işgəncələrə məruz qalıb. Şeyx Nimr deyirdi ki, söz ən böyük gücdür. Şeyx Nimr sözün daha güclü zorakılıq olmasından danışırdı. Səudiyyə hakimiyyətinin bu edamın konfessional zəmində baş vermədiyini - şiələrlə yanaşı, sünnilərin də başının kəsildiyini bəyan etməsi İŞİD-ə xas olan ritorikadır. Nəhayət, İŞİD-çilər dönük çıxan sünniləri, Suriya sünnilərini və İraq əsgərlərini şiələrdən daha yüngül cəza ilə öldürürlər. Əgər Şeyx Nimr İŞİD-in əlinə düşsə idi, ona Səudiyyə Ərəbistanı hakimiyyətinin komik olmayan yalançı hüquqi məhkəməsiilə eyni qiymət verərdi. “Amnesty İnternational” da bu qərarın əleyhinə çıxıb.

Analitik Robert Fisk yazır ki, bu edamlar heç də bütün səudiyyəlilərin nifrətinin təzahürü deyil. Səudiyyə Ərəbistanının sabiq daxili işlər naziri Məhəmməd bin Nayifin ölümündən şad olanlar ümid edir ki, vəliəhd Naif Əbdül Əziz əs-Səud da ölümündən sonra “o dünyada cəhənnəmə düşəcək və onu qurdlar yeyəcək”. Nimrin edamı husilərin Yəməndə yenidən ayağa qalxmasına səbəb ola bilər. “Artıq Bəhreyndəki şiə çoxluğu hiddətlənib. İranın dini lideri isə bəyan edib ki, bu edam Səudiyyə Ərəbistanında kral ailəsinin devrilməsinə səbəb olacaq.

Bu edam Qərbin qarşısında Yaxın Şərqin ən həssas problemi kimi qoyulur. “Səudiyyə cəlladları hər nə qədər sünni “Əl-Qaidə”çini edam etsə də, Vaşinqton və Avropa paytaxtlarının qarşısında bir qaçılmaz surətdə dayanır - Doğrudanmı, Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair sazişin əsaslarını məhv etməyə və qərbdəki müttəfiqlərini özünün oxşar vəhşiliklərinin müdafiəsinə məcbur etməyə çalışır? Onların öz dünyasında Yəməni işğal edən gənc müdafiə naziri daxili işlər nazirinə kəskin antipatiya bəsləyir. Səudiyyəlilər özündə 34 sünni dövlətini birləşdirən və “terrora” qarşı dayanan müsəlman legionundan ibarət “antiterror koalisiyasında” iştiraka görə öyünməkdə davam edir.

Şərqşünas alim Aida Bağırova isə hesab edir ki, regionda baş verən hadisələrə yalnız məzhəb savaşı nöqteyi-nəzərindən baxmaq düzgün olmaz. Çünki İranla Səudiyyə Ərəbistanı arasındakı siyasi ziddiyyətlər indi yaranmayıb: “İranla Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlər ayətullah Nümr ən-Nümrın edamından əvvəl də mövcud olub. Regionda baş verən proseslər bu iki dövlətin arasında mövcud olan kəskin rəqabətdən irəli gəlir. Bundan əvvəl Yəməndə baş verən münaqişədə də İran şiə üsyançıları, Səudiyyə Ərəbistanı isə əks tərəfi müdafiə edirdi”.

Lakin ekspert yaranmış gərginliyin İranla Səudiyyə Ərəbistanı arasında müharibəyə çevrilməsi ehtimalını real saymır: “İki ölkə arasında diplomatik, ideoloji səviyyədə müharibə ola bilər. Ancaq bunun hərbi müstəviyə keçəcəyinə inanmıram”.

Aida Bağırova bildirdi ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi islam koalisiyası İran hərbi qüvvələrinin Suriyadan çıxmasında və Bəşər Əsədə dəstəyini geri çəkməsində maraqlıdır. Buna baxmayaraq, İranın tezliklə Suriyadan çıxacağı gözlənilmir: “İranı Suriyadan çıxarıb kənara atmaq mümkün olmayacaq. Regionda böyük bir çaxnaşma baş verməkdədir. Çünki mən regionda sərhədlərin dəyişdirilməsi və Yaxın Şərqin yenidən qurulması kimi yeni bir vizionun yarandığını görürəm. Bu mürəkkəb proseslərin nəyə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin məsələdir”.

Qeyd edək ki, İraqda da sünni və şiə icması arasında münasibətlər Səddam Hüseynin hakimiyyətdən getməsindən sonra açıq münaqişə formasına keçib. Əgər Səddam Hüseynin hakimiyyəti dövründə ölkədə sayca çoxluq təşkil edən şiə icması kütləvi soyqırıma məruz qalırdısa, sabiq baş nazir Nuri-əl-Malikinin hökumət rəhbərliyinə gəlməsi və İranla barışığın əldə olunmasından sonra İraqda sünnilərə qarşı repressiv siyasət həyata keçirildi.

Ona görə də, bu gün İŞİD-in tərkibində döyüşənlərin böyük hissəsi İraqdan olan radikal sünnilərdir. İranla Səudiyyə Ərəbistanı arasındakı geosiyasi ziddiyyətlərin məzhəb savaşı müstəvisinə transfer etməsi İraqa da sirayət edə bilər. Bu da bölgədə sünni-şiə ədavəti fonunda münaqişənin dairəsinin bir qədər də genişlənməsi deməkdir. A.Bağırovanın fikrincə, yaranmış ədavət İraqın da daxilinə sıçraya bilər. Ancaq İrandan fərqli olaraq, İraqın Səudiyyə Ərəbistanı ilə münasibətlərində gərginliyin baş verəcəyini istisnadır: “İraq indiki çətin vəziyyətində bu münaqişədə konkret tərəf kimi çıxış edə bilməz. Ola bilsin ki, dindarlar müəyyən hərəkətlər etsinlər, etiraz bildirsinlər. Amma inanmıram ki, qlobal olaraq, İraq bu münaqişəyə qoşulsun. Çünki hazırda İraqın daxili vəziyyəti çox ağırdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları