Yuxarı

Güney Azərbaycan üçün tarixi şans

Güney Azərbaycan üçün tarixi şans

[caption id="attachment_2202" align="alignleft" width="288"]zelimxan memmedli Zəlimxan Məmmədli: “Regionda baş verənlərin milli hərəkata müsbət təsiri var”[/caption] [caption id="attachment_2025" align="alignleft" width="185"]azerhesret Azər Həsrət: “Azərbaycan birləşəcək”[/caption]

İran prezidentinin müşaviri Əli Yunasi Azərbaycanın bu ölkənin təsir dairəsinə daxil etmək səyləri barədə danışıb. Yunasi İranın qədim imperiya qüdrətini özünə qaytardığını və ənənəvi olaraq onun təsir dairəsinə daxil olan ərazilərə döndüyünü bildirib. O deyib ki, söhbət ilk növbədə, Azərbaycan və Tacikistan kimi ölkələrdən, habelə bir sıra Yaxın Şərq ölkələrindən gedir. Azərbaycanın “İranın tarixi ərazisi” adlandırılması iranlı diplomatların dilindən mütəmadi olaraq səsləndirilir.

Hələ 2013-cü ildən İran parlamentinin bir sıra üzvləri “Türkmənçay” müqaviləsinə yenidən baxılması və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər. Məsələ Parlamentin müzakirəsinə çıxarılarkən, Ərdəbildən olan deputat Kəmaləddin Pir Moazzən İran mətbuatına açıqlamasında bildirdi ki, Tacikistan və Azərbaycan kimi dövlətlər “İrana qaytarılmalıdır”.

Roxarbaxerin qətnaməsi gündəmdə

İranın hakimiyyətinin iddiası cəfəngiyyatdır. Əlbəttə, İranın yox, Azərbaycanın İrandan alacağı 135 min kvadrat km ərazisi (Güney Azərbaycan), o cümlədən 35 milyondan çox əsarətdə saxlanılan vətəndaşı var. Güney Azərbaycan məsələsi ABŞ, Avropa İttifaqı kimi nəhəng güclərin geosiyasi planlarına daxil edilib. Yaxın Şərqin yenidən bölüşdürülməsi, fiziki və siyasi xəritəsinin dəyişdirilməsi planına uyğun olaraq, ABŞ Güney Azərbaycanın gələcək müqəddəratının təyin etməsi haqqını tanıyır. Hətta 2012-ci ildə Güneylə bağlı Ağ Evin petisiya qəbul edəcəyi gözlənilirdi, bununla əlaqədar internet üzərindən səsvermə keçirildi. Milyonlarla insan Güney Azərbaycanın İrandan ayrılmasını dəstəklədi. Sonradan qeyri-müəyyən səbəblərdən məsələ gündəmdən çıxarıldı. Lakin bu plan olaraq, Ağ Evin gündəliyində qalır. ABŞ hakimiyyətinin xarici siyasətinin nəşri hesab olunan “Nyu-York Tayms” qəzetində də Yaxın Şərqin yenilənmiş xəritəsi dərc olundu. Mənbə iddia edir ki, Güney Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi ABŞ xarici siyasətinin prioritetlərindən biridir.

Amerikalı konqresmen Dana Roxarbaxerin Nümayəndələr Palatasına Güney Azərbaycanın müstəqilliyinə dair təqdim etdiyi qətnamədə hər şey dəqiq formada göstərilir. Bu gün də Ağ Evin gündəliyində qalan qətnamədə bildirilir ki, Azərbaycan və İran arasında bölünmüş vəziyyətdə olan türklərin müqəddəratını həll etmək və öz suveren ölkəsinə malik olmaq hüququ var: “İranda yaşayan Azərbaycan türklərinin əvvəlcədən öz siyasi quruluşunu və ölkəsini seçmək haqqı var. Məsələ Vaşinqtondakı bürokratların, yaxud İrandakı molla diktaturasının öhtəsinə buraxılmamalıdır. Azərbaycandakı türklərin suverenliyi və müstəqilliyi var”. Roxarbaxer keçmiş Dövlət katibi Hillari Klintona yazdığı məktubda Azərbaycan torpaqlarının 1828-ci ildə yerli millətin razılığı olmadan Rusiya və İran imperiyaları arasında bölüşdürüldüyünü bildirib.

“İranda Milli Azadlıq Hərəkatının elementləri görünür”

“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”ə açıqlamasında vurğulayıb ki, İran İslam adı altında öz varlığını davam etdirməklə məşğuldur. İran bununla İslamı istismar etdiyini deyən Z.Məmmədlinin sözlərinə görə, bunun nəticəsidir ki, soydaşlarımız orada müxtəlif təzyiqlərlə üzləşirlər: “Hər halda regionda yaranmış situasiyaya uyğun olaraq, İran təcrid oluna və müəyyən dövlətlərin hədəfinə tuş gələ bilər, bu həmçinin Güney Azərbaycanın mübarizəsinə müsbət təsir edə bilər. Güney insanları kifayət qədər məktəb keçib, milli hədəfləri müəyyən edib və onların təşkilatlanma modelləri var. İstər Avropada, istərsə də ölkə içində zaman-zaman milli hədəflər önə çıxarılıb. İranda Milli Azadlıq Hərəkatının elementləri görünür, bu zaman-zaman da qabarıb. Bu münbit şəraiti yaradacaq. Yaxın gələcəkdə İran daxilində Güney Azərbaycan türkləri yeni bir prosesin əsasını qoya biləcəklər”.

İran və Səudiyyə Ərəbistanı arasında başlayan yeni gərginliklə Güney Azərbaycan məsələsi Qərbdə yenidən gündəmə gəlib. Avropa və Amerikadan olan analitiklər iddia edirlər ki, Səudiyyə Ərəbistanla başlayan yeni gərginlik İranın parçalanmasınadək inkişaf edəcək. Siyasətçilər bu fonda Səudiyyə Ərəbistanının təkidi ilə Roxarbaxerin qətnaməsinin yenidən gündəmə gətirilməsinin mümkünlüyünə diqqət çəkirlər. Qeyd olunur ki, müsəlman ölkələrinin qurduğu beynəlxalq anti-İŞİD koalisiyasına qoşulmayan İran özünü İslam dünyasından təcrid edib. Hazırda Yaxın Şərqdə tüğyan edən müharibələr də daha çox Səudiyyə Ərəbistanı ilə İran arasında regionda daha çox təsir imkanlarına malik olmaq uğrunda gedən mübarizənin təzahürü kimi dəyərləndirilir. İran Suriyada Bəşər Əsədin şiə rejimini  fəal müdafiə edir, Yəməndə sünni hakimiyyətinin devrilməsinə dəstək verib və Livanda “Hizbullah”ı gücləndirməklə daha geniş coğrafiyada öz mövqelərini möhkəmləndirməyə çalışır. Siyasət adamları bütün bu faktorları nəzərə alaraq, İran daxilində etnik və məzhəb müstəvisində yeni savaşın başlayacağını proqnozlaşdırırlar.

“Güney Azərbaycan Azərbaycan Respublikasına birləşəcək”

“Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı, türkoloq Azər Həsrət “Cümhuriyət”ə bildirib ki, İslam coğrafiyası və Yaxın Şərqin xəritəsinin yenidən təşkil edilməsi ilə bağlı böyük planlar var. A.Həsrət qeyd edib ki, bu planlar 2001-ci ildən sonra açıqlanıb: “Həmin planlarda İranın parçalanması və Güney Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi nəzərdə tutulur. Faktiki olaraq, qlobal mərkəzlərin hazırladığı belə bir plan var. Yaxın Şərqdə, ərəb coğrafiyasında baş verən proseslər, ardınca İranla Səudiyyə Ərəbistanı arasında ortaya çıxmış münaqişə onu deməyə əsas verir ki, yaxın illərdə İranda parçalanmaların şahidi olacağıq. Həmin parçalanmaların nəticəsində də, Güney Azərbaycanın bütöv olmasa da, bir hissəsinin müstəqillik qazanması və ardınca da, Azərbaycan Respublikası ilə birləşməsi prosesinin başlanmasını izləyəcəyik. Bu günə qədər bu məsələyə dair olan açıqlamaların üzərində müşahidələr aparmışam və bu qənaətə gəlmişəm ki, elan edilmiş xəritə dəyişiklikləri, ölkələrarası sərhədlərin dəyişdirilməsi və bu sərhədlərin dəyişdirilməsinə uyğun olaraq, proseslərin ardıcıl davam etməsi bu ehtimalları mümkün edir. Yəni İranın parçalanması yaxın illərdə müşahidə edilə biləcək bir prosesdir”.

Mənsur





Həftənin ən çox oxunanları