Yuxarı

Rusiya inqilaba sürüklənir

Rusiya inqilaba sürüklənir

rusiya ordusuÖlkə Yuqoslaviyanın taleyini yaşaya bilər

1917-ci ildə Rusiyada baş verənlər təkrarlanır. Bu tarixin ironiyası yox, Putin oliqarxiyasının simasında Çar II Nikolayın imperiya ambisiyasının təzahürüdür. Rusiya bolşevik inqilabının 100 illiyi ərəfəsində yenidən inqilab erasına qədəm qoyub. Təkrarlanan hadisələr, həmin mənzərə, eyni rejim - Putin avtokratiyası Rusiyanı yenidən inqilab məngənəsində sıxa bilər. 1917-ci ilə qədər Romanovların xalqlar üzərindəki despot təzyiqləri Çar Rusiyasını “xalqlar həbsxanası”na çevirdi. Çarizm Rus-Yapon müharibəsində hərbi cəhətdən böyük zərbə aldı, ağır itkilərə məruz qaldı.

1905-ci ildə baş verən inqilabdan sonra davam edən ictimai-siyasi xaosdan çıxa bilmədi. Böhranın gətirdiyi sosial ağırlıq çarın “Qış sarayı”nın üzərinə çökdü. Lakin həssas iqtisadiyyatı olan çar rejimi I Dünya Müharibəsinə girdi və uzun müddət davam edən savaşın təsirləri imperiyanın hərbi sənayesini iflic etməklə yanaşı, xalq üzərində dağıdıcı təsirlər yaratdı. Xalqla rejim arasında iqtisadi-sosial zəmin qırıldı. Nəhəng çöküş 1917-ci ilin fevralından başlayan inqilaba yol açdı. Leninin başçılığıyla “Rədd olsun despotizm, çörək və ədalət istəyirik” şüarları ilə Peterburq fəhlələri ilk olaraq ayağa qalxdılar. Xalq 350 illik çar rejimini, 300 illik despotizm nəhəngini - Romanovları devirdi.

Fəhlələr, kəndlilər, hərbçilər, liberallar, Qərb yanlıları, millətçilər nə baş verdiyini anlamadan Çarizmə qarşı yeni Bolşevik rejiminin yanında yer almışdılar. Rusiyanın bütün siyasi klanlarını içinə alan mübarizə bir məqsəddə birləşdirmişdi - Romanovlar despotizminə qarşı mübarizədə. Xalq inqilabi hökumətdən istədiyini aldı.

Kənd təsərrüfatı islahatları keçirildi, gündəlik iş saatı azaldıldı. Bolşevik rəhbərlik bütün bankları və xarici ticarət əlaqələrini dövlətləşdirdi. İstehsal və torpaqlar üzərindəki xüsusi mülkiyyəti ləğv etdi, yerinə dövlət mülkiyyətini gətirdi. Xarici borclardan imtina olundu, ödənilmədi. Torpaqsız kəndlilərə torpaq paylanıldı.

“Xalqlar həbsxanası”nı xatırladan Rusiyada fəhlə-kəndli hökuməti quruldu. Nəzəri olaraq, Kremldəki yeni rejim Rusiyadan böyük imperiya qurmaq ambisiyasından geri çəkilərək, lazımsız xərclərdən də imtina etdi. SSRİ zatən Böyük Rus İmperiyası demək idi. Bu nəhəng rus şovinizminin də maraqlarına uyğun idi və bu, Rusiya daxilində yeni siyasi ideologiyaya (kommunizmə) qarşı olan mənfi baxışları azaltdı.

Çünki II Nikolaydan fərqli olaraq, bolşeviklər xalqları sosial-iqtisadi zəmində basqılar altında saxlamırdı, onlara birgə yaşamaq şansını tanıyırdı. Rusiya xalqı 350 ildən sonra qarın dolusu yemək yeyirdi.

Rusiyanı inqilaba aparan faktorlar

1917-ci ildən Rusiyada başlamış iqtisadi-sosial rifah Putin dönəmində bitdi. O, çöküşünü XXI əsrin ən böyük faciəsi adlandırdığı SSRİ-ni dirçəldən “Qlobal kommunizmin lideri” adlandırılsa da, o xunta rejiminin - keçmiş KQB-nin general maqnatının rəhbəridir. O, Rusiyanı bonapartist qaydalarla idarə edir. Bonapartizmin son nəticəsi avtoritarizmdir. Belə rejimlərin hakim olduğu dövlətlərdə idarəetmə kommunist qaydalara söykənsə də iqtisadi əsasları kapitalizm üzərindədir. Vaxtilə Trotski də SSRİ-də bonapartist rejim yaratmaq üçün mübarizə aparıb. Trotski bürokratiya qarşısında Sovet İttifaqında kapitalizmin yenidən bərpa edilməsi təklifini irəli sürdü. O, təkliflərini demokratik burjua rejiminin nümayəndəsi kimi yox, bonapartist burjua rejiminin lideri kimi irəli sürmüşdü. Lakin Trotskinin təklifləri özünü doğrultmadı. Qorbaçovun 80-ci illərdə Trotski təcrübəsini sınaqdan keçirmək cəhdləri uğursuz oldu, SSRİ dağıldı və Rusiyada xaotik dövr başladı. 92-ci ildə başlayan özəlləşdirmə dalğası Sovetdən qalma iqtisadi strukturların köhnə bürokratiyanın mənimsənilməsilə müşahidə olundu. Kapitalizmi inkişaf etdirmək istəyən Kreml qorxulu özəlləşdirmə planını həyata keçirdi. Nəticədə Rusiyada korrupsiya iqtisadiyyatı yarandı. İqtisadiyyatın bütün sektorları Putin bürokratiyasının əlində cəmləşdi. O, sürətlə özəl sektorları dövlətləşdirir və Rusiyanı çökdürürdü. Putinin dövründə də dövlət mülkiyyəti suveren bürokratiyanın yüksəldiyi zəmini meydana gətirir. O, təkcə iqtisadi sektorları yox, iqtisadiyyata yön verən sərmayə qruplarını da təsiri altına salıb. Berezovski və Qusinski kimi tanınmış oliqraxlarla sui-istifadə istintaqlarına start verən Putin Yeltsinin talançı oliqarxlarının siyasi səltənətinə əhəmiyyətli zərbə vurdu. Bir çox özəl sektorlar dövlət tabeliyinə verildi. Media nəzarətə götürüldü, söz azadlığı yoxa çıxdı. Müxalifət ortalıqdan təmizləndi. Çeçenistan başda olmaqla federasiya daxilindəki bütün problemli bölgələrə nəzarət gücləndirildi. Muxtar respublikalara keçmiş “KQB” agentləri təyin edildilər. Putin siyasi ambisiyasına güc verdikcə, Rusiya iqtisadiyyatı tərsinə çevrildi. İqtisadi temp zəiflədi, işsizlik artdı, kənardan sektorlara sərmayə yatırımı dayandı. Böhran dərinləşdikcə, ziddiyyətlər yaranır. İnsanların səbəbsiz yerə işdən çıxarılmaları, işçilərin maaşlarının gecikdirilməsi tüğyan edir. Vətəndaşların sosial hüquqları qəsb edilir.

1917-ci il Rusiyada təkrarlanır və bu, səbəbsiz deyil

Putin II Nikolayın çöküşdə olan Rusiyadan imperiya yaratmaq ambisiyasını təqib edir. Ukrayna və Suriyada başladığı müharibə 2014-cü ildən bu yana Rusiyaya 1 trilyon dollara başa gəlib. Təkcə Rusiyanın Krımın ilhaqından itirdiyi məbləğ 500 milyard dollardan çoxdur. Rubl tarixinin ən böyük dəyər itkisini yaşayır. Baş verənlər inqilabın başlamasıyla Rusiyanın parçalanmasına qədər inkişaf edə bilər. Putin də iddia edir ki, Rusiyanı Yuqoslaviya kimi parçalamaq istəyirlər, Qərb və ABŞ-dan olan sanksiyaların əsas səbəbi də budur. Kreml başçısı hesab edir ki, sanksiyalar Rusiyada hakimiyyətlə cəmiyyət arasında iqtisadi-sosial zəmini qırmaq üçün ortaya atılıb və son nəticədə bu, Rusiyada qarışıqlıq yaratmağa xidmət edir. Beləliklə, Rusiyanı parçalamaq Qərbdə müzakirə mövzusudur və bu, Moskvanı nəzəri olaraq narahat etmədiyi görüntüsünü yaradır. Uzun müddətdir səthi islahatların səmərəsindən (qubernator seçkilərinin ləğvindən) danışan Putin, rahat tərzdə Rusiyanı parçalamaq istəyən güclərin olduğunu dilə gətirir. Buna bənzər şərhlər Kremlin digər yüksək ranqlı məmurları tərəfindən də verilir. Rusiya Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Rostislav Turovski isə əksini düşünür. Turovksi Rusiya daxilindəki müsəlman muxtar respublikaların Kremlin baş ağrısına çevriləcəyini bildirir. Digər siyasi analitik Stanislav Belkovski də Rusiyanın parçalanmaq ehtimalının daha yüksək olduğunu və federasiyanın dünya dövlətləri arasında parçalanmaya daha çox meylli ölkə olduğunu qeyd edir. Prinsip etibarilə də, Putinin “mərkəziyyətçi siyasəti” ölkənin bütövlüyünü təmin etməyə, bölgələr arasında əlaqələrin möhkəmlənməsinə yox, köhnə siyasi texnologiya ilə SSRİ formatında yeni Rusiya (Avrasiya) İmperiyası qurmağa fokuslanıb.

Krımdan başlayan qorxulu tendensiya

Krımın ilhaqından sonra daxildə narazılıqlar artdı və “Rusiyaya “Ərəb Baharı” gəlir”, “Ruslar küçələrə çıxmağa hazırlaşır” başlıqlar manşetlərə daşındı. Müxalifət lideri Boris Nemtsovun qətli əsəbləri bir az da tarıma çəkdi. Bu məntiqin nəticəsi olaraq, Rusiyanın ayrı-ayrı bölgələrində pərakəndə şəkildə müxalifətə edilən təzyiqlərə, Krımın ilhaqı və Suriyadakı hərbi bazanın saxlanılmasına edilən xərclərə etiraz aksiyalarına start verildi. Xüsusilə türkdilli millətlər arasında Krımın işğalına yaranmış etiraz dalğası Rusiyada millətçilik hərəkatının güclənməsinə təkan verdi. Həmçinin Suriyada İŞİD əməliyyatları Rusiyadakı minlərlə “İslam Dövləti” tərəfdarını ayağa qaldırdı. Moskva Sosial Araşdırmalar Mərkəzinin son hesabatına görə, Putin rejiminə etiraz edərək küçələrə çıxmaq istəyənlərin sayı ilbəil artır. Mərkəz son 1 ildə hakimiyyətdən narazı olanların sayında 20% artımın olduğunu açıqlayıb. Rusiya cəmiyyətinin 49%-i ölkədə hakimiyyət dəyişikliyini dəstəkləyir. Soğularda iştirak edənlərin əksəriyyəti “Böhran qurtardı, lakin vətəndaşların vəziyyətində müsbət dəyişikliklər yoxdur” fikrini ortaya qoyur. İqtisadiyyatda həndəsi silsilə üzrə artan inflyasiya, ərzaq bazarlarında bahalaşan qiymətlər, artan işsizlik tendensiyası, terror xaosu, hakimiyyətin gərəksiz xərcləri, Çin və Türkiyə ilə planlaşdırılan iri enerji layihələrinin ləğv edilməsi Rusiyanı inqilaba sürükləyir.

Kreml hazır deyil

Analitik Andrey Soldatov Kremlin gizlin şəkildə başlayan Xalq Hərəkatına qarşı hazırlıqlı olmadığını bildirib. Soldatov Suriya, Liviya, Tunis və Liviyada baş verən narıncı inqilabların Rusiyanın ictimai rəyində güclü təsirlər yaratdığını iddia edir: “Rusiya sosial şəbəkələr - “Fecobook” və “Tvitter” üzərindən başlayacaq yeni siyasi proseslərin astanasındadır”. Rusiyada liberalların və Qərb yanlılarının demokratikləşmə cəhdləri iflasa uğrayıb. Qərb isə Rusiya da daxil olmaqla, avtoritar rejimlərin hakim olduğu ölkələrə demokratiya ixrac etmək üçün siyasi texnologiyanı inkişaf etdirməyə başlayıb. Qərb kəşfiyyatı bu kimi dövlətlərdə insanların inqilabi proseslərə yol açacaq məlumatları əldə etmələri üçün bütün mümkün yollardan istifadə edir. Qırğızıstan, Liviya, Ukrayna, Tunis və Gürcüstanda sosial şəbəkələr üzərindən baş verən rəngli inqilabları xatırlamaq kifayətdir. Zatən, Rusiya Qərbin MDB məkanının 3 dövlətində (Qırğızıstan, Gürcüstan və Ukrayna) inqilabi proseslərə rəhbərlik etməsindən sonra növbəti hədəfin onun üzərində fokuslanacağından şübhəsi vardı. Hər keçən gün iqtisadiyyatın düşdüyü bataqlıqda daha da dərinə batmasına paralel olaraq, başlayan etirazlar bu şübhəni qorxuya çevirir.

Medvedyev və Putin məsələyə dair son açıqlamalarında bunu eyni dillə, “Rusiya üçün “Ərəb baharı”na oxşar ssenarilər hazırlayırlar və planlarını reallaşdırmaq üçün gücləndirilmiş rejimə keçəcəklər” - şəklində etiraf etdilər. Digər tərəfdən Rusiya 41 milyon aktiv internet istifadəçisinin olduğunu nəzərə alsaq, Kremlin qayğıları bir qədər də artmalıdır. Bu o deməkdir ki, proseslər nəzarətdən çıxsa, rejim bunun qarşısında dayana bilməyəcək.

Mənsur





Həftənin ən çox oxunanları