Yuxarı

"B" planı xalqa məxsusdur

bulvar"Ölkədə yaranan böhranı bəzən millət küçədə həll edir"

Azərbaycan hakimiyyəti müxalifət partiyalarının ölkədə yaranmış total iqtisadi-sosial böhrandan çıxmağa dair təkliflərinə yaxın durmadı. İqtidar-müxalifət dialoquna da hakimiyyətdən rədd cavabı gəldi. Paralel olaraq, Xalq Qurultayı, Etimad Hökumətinin qurulması təklifləri irəli sürüldü. Lakin siyasi partiyalar iqtidara öz təkliflərini qəbul etdirə bilmədi. Müxalifətin devalvasiya ilə nəzəri mübarizə fonunda hakimiyyət bölgələrdən başlayan etirazların qarşısını zorakılıqla aldı. Müxalifət isə öz ampluasında qalaraq, təkliflərində israr edir.

Şübhəsiz, hakimiyyətin bu təklifləri nəzərdən keçirməyəcəyi dəqiq məlum idi. Cəmiyyətin istənilən siyasi təbəqəsindən iqtisadçı-texnoloqların və digər mütəxəssislərin ölkədə yaranmış böhranlı vəziyyəti qaydasına salmaq cəhdlərinə hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri yalnız jurnalistlər bu barədə suallar verəndə münasibət bildirdilər. Halbuki YAP-dan olan millət vəkili Aydın Mirzəzadə müxalifətdən ağıllı təkliflər gözlədiklərini bəyan etdi, Mərkəzi Bank isə ziyalılardan qollarını çırmalamalarını istədi. Hakimiyyət tərəfindən olan bu təşəbbüslər ümid yaratdı. Lakin təkliflərdən uzaqlaşdıqca, müxalifət bu dəfə parlamentin buraxılıb növbədənkənar seçkilərin keçirilməsi, geniş spektrda siyasi-iqtisadi islahatlara başlanılmasına iddialı oldu. Hətta siyasi partiya liderləri müxalifəti bir araya gətirəcək toplantı da keçirdilər. Lakin bu tədbirlər hətta demokratik düşərgəni təmsil edən bəzi partiyalar tərəfindən də isti qarşılanmadı... Belə olan halda meydana “Müxalifətin ağır sosial-iqtisadi böhrana münasibəti adekvatdırmı”, “Müxalifətin B planı varmı” suallarını meydana çıxardı.

“Hakimiyyət çıxarmasa, xalq ölkəni böhrandan çıxaracaq”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında böhrandan xalqın özünün çıxmalı olduğunu bildirib. S.Cəlaloğlu vurğulayıb ki, dünyanın heç bir yerində müxalifət ölkəni böhrandan çıxarmaq vasitəsi kimi çıxış etmir: “Bu, adi siyasi hadisə deyil. Böhran sözünün mənası çevriliş deməkdir. Bu o deməkdir ki, faktiki olaraq mövcud ictimai-siyasi rejim çevrilib. Biz sadəcə, formal olaraq buna uyğun şəkildə təmsilçilərin getməsi, yeni təmsilçilərin gəlməsini tələb edirik. Hökumət islahatlar yolu ilə ölkəni düşdüyü vəziyyətdən çıxarmasa, başqa ölkələrin təcrübəsində olduğu kimi xalq bunu küçədən həyata keçirəcək. Bu yol daha uzun, daha təhlükəli olacağına, daha böyük itkilər verəcəyinə görə, biz iqtidardan böhranın tələb etdiyi islahatları keçirməyi tələb etdik. Bizim hökumətin apardığı islahatlara baxın, iclas çağırırlar, bu iclaslarda məmurlardan təkəbbürlü olmamağı, oğurladıqlarını necə yeməyi saf-çürük edirlər. Hakimiyyət nümayəndələri elə təkliflər irəli sürürlər ki, bunlar böhranı daha da dərinləşdirməyə gətirib çıxaran addımlardır. Ölkədə radikal siyasi islahatlar aparılmadan heç bir böhran tədbiri nailiyyət qazana bilməz. Hesab edirəm ki, vaxt itirilir. Azərbaycanda proseslər ikinci ssenari üzrə-müxalifətin iradəsindən asılı olmayan inkişaflar üzərində cərəyan edir. Müxalifətin bir planı var: İqtidarla əməkdaşlıq edib bu böhrandan çıxmaq. "B" planı isə xalqın planıdır, bunun müxalifətə aidiyyatı yoxdur”.

“Azərbaycanın siyasi landşaftı dəyişir”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət”ə müxalifət məlum səbəblərdən dağınıq və zəif durumda olduğunu deyib. Müxalifətin yaranmış vəziyyətdə toparlanmağa cəhd edəcəyini diqqətə çatdıran S.Əkbərin sözlərinə görə, bu cəhdlərdən birini gördük, yəqin ki, bunlar davamlı olacaq: “Mənim baş verənlərə münasibətim fərqlidir. Düşünürəm ki, ölkədə yeni siyasi-iqtisadi mühit yaranıb. Bunu siyasi-iqtisadi landşaftın dəyişməsi kimi qiymətləndirirəm. Bu landşaft dəyişməsi istər-istəməz Azərbaycan müxalifətini də dəyişəcək. Fikrimcə, səhnəyə yeni qüvvələr - Azərbaycan burjuaziyası və orta sinif çıxmalıdır. Bu indiki halda hələlik potensial vəziyyətdədir, bunlar ortaya çıxmalıdırlar. Azərbaycan müxalifəti də yeni şəraitə uyğun formalaşacaq. Əlbəttə, müxalifət də mövcud şəraitə uyğunlaşır, siyasi səhnədə qalacaq və öz yerini alacaq. Amma hazırkı situasiyada aparıcı rolu milli burjuaziya və orta sinif oynamalıdır. Əks halda proseslər Azərbaycanda demokratik dəyişiklik istiqamətində getməyəcək. Hazırkı mərhələdə nə Azərbaycan müxalifətinin, nə hakimiyyətin, nə də xalqının davranışı mövcud vəziyyətə adekvat, müvafiq deyil. Qeyri-adekvatlıq nəticəsində də ölkədə vəziyyət ağırlaşmaqda davam edir”.

“Müxalifət gözləmə mövqeyindədir”

Ümid Partiyasının sədri İqbal Ağazadənin “Cümhuriyət”ə bildirdiyinə görə, böhrandan çıxış üçün, xalqın hakimiyyət  qarşısında qoyduğu tələblərə cavab verməkdən ötrü planı olmalıdır. İ.Ağazadə hesab edir ki, yaranmış vəziyyətlə bağlı əsas sualların cavabını da hakimiyyət bilir: “Müxalifət toparlanmağa çalışır, vətəndaşlarla işləyir, proqramları ortalığa qoyur. Nə baş verəcəyini də gələcək göstərəcək. Amma bu mərhələdə vəziyyət hələlik bu səpkidədir. Reaksiyanın adekvat olmamasının mərhələləri var. Məsələn, seçkilərdə müxalifətin xalqa müraciəti adekvat cavab almır.

Xalq proseslərdən kənarda qalır. İndiki mərhələdə müxalifət daha çox gözləmə mövqeyi tutur ki, bu mərhələdə xalqın böhrana adekvat münasibəti olacaqsa, o zaman proseslərin içərisində yer alsın. Olmayacaqsa, o zaman proseslər adekvat hal alana qədər gözləsin. Buna görə də hesab edirəm ki, proseslər indiki halda qanunauyğunluqla cərəyan edir”.

“Dinc yollarla hakimiyyət dəyişməlidir”

Azadlıq Partiyasının sədri Əhməd Oruc “Cümhuriyət”ə açıqlamasında baş verənlərə münasibətdə müxalifətin vahid orqanizm şəklində davanmadığını bildirib. Ə.Orucun sözlərinə görə, müxalifətdə təmsil olunan siyasi partiyaların baş verənlərə münasibəti fərqlidir. Həmin partiyaların ideoloji baxışlarında da fərqliliklər var. Böhrandan çıxmaq üçün müxalifət tərəfindən təkliflər irəli sürüldü, hakimiyyətlə məsuliyyəti bölüşmək təklif olundu.

Heç kəs prosesdən kənarda qalmadı, hərə öz mövqeyinə uyğun münasibətini ortaya qoydu, təklifini verdi. Böhran bu hakimiyyətin Azərbaycanın problemlərini həll etməyə uyğun olmadığını ortaya qoydu. İrəli sürülən təkliflərin, qabardılan problemlərin hamısı hakimiyyətdə oturanların hər birinə bəllidir. Sadəcə olaraq, iqtidar islahatlar aparmaq fikrindən uzaqdır. On minlərlə məmur ordusu var ki, onlar təbii sərvətləri talamaqdan başqa heç nə bilmir. Onlar islah oluna bilməzlər. Buna görə də, Azərbaycanın maraqlarına cavab verə biləcək yeni hakimiyyət formalaşmalıdır. Bu dəyişiklik dinc şəraitdə, koordinasiya olunmuş şəkildə baş verməlidir”.

Mənsur





Həftənin ən çox oxunanları