Yuxarı

Kremldə daxili çəkişmələr

Kremldə daxili çəkişmələr

kremlÖlkə mətbuatı Rusiyada yeni siyasi elitaya ehtiyacdan yazıb

Rusiyanın hökumətyönlü mediasında Kremlin daxili və xarici siyasətini alt-üst edən yazı dərc edilib. Belə ki, Rusiyanın hökumətyönlü mövqeyi ilə tanınan “Reqnum” agentliyi rəsmi Moskvanın yürütdüyü siyasətin “fiaskoya” uğradığına, “Putin erasının” başa çatmaq üzrə olduğuna işarə vuran tənqidi yazı dərc edib.

Putinin Yaxın Şərqdəki siyasəti iflasa uğrayır. Avropa Gürcüstanın arxasından, Türkiyə Suriyadakı öz mövqeyindən çəkilmir. Türkiyənin əsas müttəfiqi İran Amerika ilə saziş bağlayır, həmçinin İranın üzərinə qoyulan sanksiyalar götürülür. İran neftinin bazara çıxması Rusiyaya zərbədir. Rusiyanın geriyə bir yolu qalır, Ukrayna və Suriyadan çəkilməsi. Bu yol da Putinin fiaskosu deməkdir.

Mövcud durumda Kremldə saraydaxili çevriliş ola bilərmi?

Konstitusiya Araşdırmaları Fondunun sədri, politoloq Əliməmməd Nuriyev “Cümhuriyət”ə bildirib ki, Rusiyada sistemdən kənar müxalifət var: “Sistemdaxili müxalifətin özü çox kəsərsizdir və hər hansı ciddi bir qüvvəyə malik deyil. Sadəcə, ayrılmış paylara uyğun olaraq parlamentdə təmsil olunur. Əgər ciddi müxalifət yoxdursa, onda hakimiyyətdə dəyişikliyin baş verməsi başqa bir müstəviyə transfer olunur. Bu da hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi, müxtəlif iqtisadi qrupların bir-birləri ilə mübarizənin daha da dərinləşməsinə gətirib çıxarır. Heç şübhəsiz ki, nəticədə həm siyasi, həm iqtisadi, həm də hərbi elitanın bir-biri ilə qarşıdurması da baş verə bilər. Hazırda Rusiyada oliqarxların öz daxilində münasibətlərin aydınlaşdırılması prosesinə keçid müşahidə olunur. Rusiyanın iqtisadi vəziyyəti gərginləşdikcə, bu münasibətlərin kəskinləşməsi daha da dərinləşəcək. Belə hallarda daha çox saraydaxili intriqalar məsələlərin həll edilməsində ən ciddi instrumentə çevrilə bilər”.

Politoloqun fikirlərinə görə, yaxın zamanlar üçün hər hansı proqnoz vermək doğru olmaz: “Rusiya iqtisadiyyatı çökməkdə davam etdiyi təqdirdə burda həm mərkəzdənqaçma meyilləri güclənəcək, həm də ölkəni hazırda idarəedənlərin yanında olması ilə bağlı ciddi problemlər yaranacaq. Hazırkı xarici şərait bunun göstəricisidir. Çünki ölkəni idarə edənlərin sərvətlərinin böyük bir hissəsi xaricdə yerləşir. Xaricdə onların əmlakına təhlükələr getdikcə artır. Saraydaxili intriqalardan mübarizənin kəskinləşməsi fonunda hüquqların yerdəyişməsi də qaçılmaz ola bilər. O da müşahidə olunur ki, liberal iqtisadçıların demək olar ki, Rusiyada hazırkı hakimiyyətdə təmsilçiliyi sona çatmaqdadır. Bu da Rusiyanın xarici siyasətinə ciddi təsir göstərən amillərdən biridir. Bütövlükdə elita bu gün aparılan siyasətlə heç də razı deyil. Çünki Rusiya faktiki olaraq bu gün həm Ukrayna, həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə apardığı siyasətdə dünya gücləri ilə üz-üzə gəlib. Bu da Rusiya iqtidarının dərin böhrana düşməsinə zəmin yarada bilər.

Bu da onunla şərtlənə bilər ki, müəyyən daxili yerdəyişmələr mümkün olsun. Əgər bunu etmək iqtidarında olsa, bu, Rusiyanın mövcud hakimiyyətin daxilində olan qüvvələr çərçivəsində baş verəcək. Kənardan hansısa müxalifətin müdaxiləsi sayəsində dəyişikliyin olması mümkün deyil. Rusiyada nə baş verəcəksə, hazırkı elita çərçivəsində olacaq. Bu təbəqədə dəyişikliklərin baş verməsi ola bilər, bu da ki, onların maraqlarının daha yaxşı təmin edilməsinə imkan yarada biləcək fiqurun tapılması ilə bağlı ola bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları