Yuxarı

Sosial etirazlar: davamı gəlsin-gəlməsin?

Sosial etirazlar: davamı gəlsin-gəlməsin?

zahid oruc“Bu, hökumətin öz vədlərini yerinə yetirib-yetirməyəcəyindən asılıdır”"

2015-ci ilin son günlərində Mərkəzi Bankın verdiyi ikinci kəskin devalvasiya qərarı ölkəni ağır sosial-iqtisadi böhran yükünün altında qoydu. Azərbaycan 2016-cı ilə fundamental iqtisadi problemlərlə girdi. Yeni il bayramını arxada qoyan xalq kütlələrindən total iqtisadi-sosial böhrana elə ilin ilk günlərində reaksiya gəldi.

Siyəzəndən başlayan nümayişlər “domino effekti”ylə digər rayonların (Quba, Füzuli, Lənkəran, Beyləqan, Ağcabədi) üzərinə yıxıldı. Cəmisi 2 həftə davam etməyən aksiyalara hökumətdən təpki verildi. Rəhbərlik media vasitəsilə sosial-iqtisadi həyatın normaya düşəcəyinə dair vədlər verdi. Nümayişlər yat(ırıl)dı. Həbs olunanlar oldu, olmayanlar da sakit həyatlarına qayıtdı. Aksiyaların dayanmasından keçən bir ay ərzində prosesin gözlənilmədən səngiməsi də bu yöndə cavabsız suallar yaratdı. İddia olundu ki, bu, hakimiyyət strukturlarının ölkədə gözlənilən inqilabi proseslərin qarşısını almaq üçün süni manevrləri idi, ona görə də davamlı olmadı. Bu, aksiyalara “idarəolunan xaos” libasının biçilməsinin arxasında dayanan iddialardan biriydi. Digər iddia isə, Azərbaycan ətrafında çəmbərin daraldılması məntiqinin davamı olaraq, bunun sükanının Qərbdəki siyasi dairələrin əllərində olduğu ilə bağlıydı. Təsadüf deyildi ki, proseslər ABŞ, Avropa İttifaqı və digər Qərb dairələrindən Azərbaycanı sanksiyalarla qorxutmağa cəhdin edilməsilə eyni vaxtda təzahür edirdi. Nümayişlərin pik nöqtəsində bunu Azərbaycan müxalifəti, hətta qonşu İranla əlaqələndirənlər də oldu. Beləliklə, iddialar haçalandıqca, “Aksiyalar niyə başladı, niyə dayandı” sualına cavab vermək də müşkülata çevrildi.

“Aksiyaları hakimiyyət təşkil etmişdi”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında bildirib ki, bölgələrdə baş tutmuş etiraz aksiyaları ölkədə davam edən total sosial-iqtisadi böhrana verilən süni reaksiya idi, böhranın mahiyyətinə uyğun gələn reaksiyalar deyildi. S.Cəlaloğlu iddia edir ki, bunlar bəzi hakimiyyət gücləri tərəfindən əvvəldən planlaşdırılmış hadisələr idi: “Bir çox yerlərdə icra hakimiyyətlərinə yaxın olan adamlar bu prosesləri vaxtından əvvəl qızışdırmışdılar. Adətən, belə vəziyyətlərdə inqilabın, hərəkətlənmənin qarşısını almaq üçün bu cür metodlarından istifadə edilir. Bu da ona oxşar hadisələr idi. Bu böyük kütlənin proseslərdə iştirakına inamsızlığın yaradılmasına xidmət edirdi. Bunu Azərbaycanda da bir təcrübə kimi həyata keçirdilər. Etirazlar böhrandan 3-4 ay sonra başlamalıdır. Amma bizdə bu, böhrandan 1-2 həftə sonra başladı. Bu da onu göstərdi ki, etirazların böhranla heç bir əlaqəsi yoxdur. Çünki böhran birinci mərhələdə xalqın geri çəkilməsinə, susmasına və gözləmə mövqeyinə keçməsinə səbəb olan reaksiya böhrana edilən etiraz ola bilməz. Bu hadisələrdə guya kimlərsə tutuldu. Lakin ortalıqda heç nə olmadı. Aksiyaların keçirilməsi, təşkil olunması barədə də heç nə deyilmədi. Yalnız hadisələrin baş verməsi barədə məlumatlar yayıldı. Adətən, hökumət bu tip aksiyaları idarə edə bilməyən icra hakimiyyətlərinə qarşı tədbirlər görür, onlar haqqında müəyyən addımlar atır. Lakin aksiyaların keçirildiyi rayonların rəhbərlikləri barədə heç bir tədbir görülmədi. Bu da onu göstərir ki, həmin aksiyalar onların özləri tərəfindən təşkil edilib”.

“Üst-üstə yığılan problemlər yaraları oyatdı”

Millət vəkili Zahid Oruc “Cümhuriyət”ə aksiyaların çoxmilyonlu şəklində olmadığını və bunun Azərbaycanın sosial problemlərin yükünün daha çox olduğu bölgələrində baş verdiyini diqqətə çatdırıb. Aksiyaların ilk başladığı Siyəzənin Azərbaycanda ən az torpaq sahəsinə malik olan rayon olduğunu deyən Z.Oruc qeyd edib ki, bu çatışmazlıq avtomatik olaraq əhalinin məşğulluğu, məhsul istehsalı və rayonun gəlirlərində öz əksini tapıb: “Rayonlar arasında ərazilərin sərhədini cızmaq mümkün deyil. Bunun özü də ayrı problemlərə səbəb olur. Ağcabədi isə köçkünlərin daha çox yaşadığı rayondur. Orada da qəsəbələrə nə qədər köçürülmə baş versə də, bunun arxasında nə qədər kritik kütlə qalır. Lənkəranda da xeyli problemlər var. İnsanlar bəlkə də sosial və iqtisadi çətinliyi qarşılamağa hazır olsalar da, çörək və un məhsulları ilə bağlı problemlər həssas məsələdir. Bunlar çox istifadə olunan məhsullardır. Unun birdən-birə 18 manatdan 34 manata qaldırılması  və bunun üçün də heç bir əsasın olmaması fonunda adamlar öz reaksiyalarını göstərdilər. İqtisadiyyatda mühüm şərtlər mövcuddur. Məsələn, proseslər müsbət dinamikada gedəndə mənfi nöqtələr də özünü ona uyğunlaşdırmağa başlayır. Bunun əksi baş verəndə isə üst-üstə yığılan problemlər yaraları sanki oyadır. Nəticədə buna hətta maraqlı siyasi dairələr də, şəxsi qisas hisslərilə yaşayanlar da qoşula bilir. Bu olmasın deyə, prosesə dövlət çox sürətli reaksiyalarını ortaya qoyur. İki mühüm sahədə atılan addımlar Azərbaycanda sosial sabitləşməyə əsas vəsilə oldu. Birinci növbədə taxılın ixracı, un istehsalı və çörək hazırlanmasından Əlavə Dəyər Vergisi (ƏDV) götürüldü. İkincisi, bank sektorunda ajiotaj aradan qaldırıldı”.

Zahid Orucun sözlərinə görə, ölkəyə xarici investorları cəlb etmək üçün zəruri infrastruktur quruculuğu başa çatmalıdır. Millət vəkili hesab edir ki, Azərbaycanın nefti yox, torpağı böyük sərvətdir: “Bu qədər ərazilərimizin ÜDM-də payı çox kiçikdir. Kənd təsərrüfatından ödəmələr ümumilikdə 9%-i keçmir. Xəzər dənizi, ölkənin ümumi sərvətləri dövlət büdcəsini formalaşdırıb bütün əhali üzrə dolanışığı təmin edə bilməz. Bakıdan əlavə torpaq sahəsini daha böyük olan bölgələrimizin inkişafına diqqət göstərilməlidir. Hesab edirəm ki, artıq kəndlərə köç başlayıb. Hökumət yetkililəri vətəndaşla görüşə gedirlər. İcra hakimiyyəti orqanlarından tələb olunur ki, sahibkara meydan versinlər. Cənab prezident son müşavirəsində də bu məsələyə diqqət yetirdi. İş şəraiti yaradılmalıdır, heç kəs gəlib millət vəkilindən, hökumət nümayəndələrindən iş yeri istəməməlidir. Belə olarsa, bölgələrdə özəl sektor inkişaf edərsə, Azərbaycan da London və Nyu-York birjalarından asılılıqdan xilas olacaq. Hesab edirəm ki, bu etirazlar dövlət əleyhinə və siyasi səpkili deyildi. Konkret olaraq bəlli sosial səbəblərə bağlıydı”.

“Hər şey hökumətin vədlərindən asılıdır”

Ümid Partiyasının sədri İqbal Ağazadə “Cümhuriyət”ə bildirib ki, hər şey başlanğıcda verilən reaksiya ilə ölçülür. İ.Ağazadə qeyd edib ki, bu reaksiyaların eniş və yüksəliş dövrləri var: “Çünki gözləntilər özünü doğrultmur. Hökumət vədlər verdi. Baş verənlərlə bağlı hökumət nümayəndələri xalqın qarşısına vədlərlə çıxdı. Nəticədə proses bir qədər səngidi. Amma davamlı olaraq bu proses səngiyəcəkmi, davamlı olaraq bu proses belə olacaqmı?! Bu hökumətin verdiyi vədləri yerinə yetirməsindən asılı olacaq”.

İqbal Ağazadə etiraz aksiyalarının yenidən başlaması ehtimallarına da toxunub. Partiya sədri hesab edir ki, bu hökumətin verdiyi vədlərə əməl edib-etməyəcəyindən asılıdır: “Hökumət bu böhranı idarə edə biləcək, yoxsa idarə edə bilməyəcək? Proseslər bundan asılıdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları