Yuxarı

Suriya düyünü açılır?

Suriya düyünü açılır?

suriyaMünaqişənin həlli üçün şans yaranıb

ABŞ xarici işlər naziri Con Kerri Almaniyada keçirilən Suriya konfransında çıxışı zamanı Bəşər Əsəd hakimiyyətinin bir həftə ərzində müxalifətlə atəşkəs əldə olunması ilə bağlı razılığa gəldiyini bəyan edib. C.Kerri bildirib ki, atəşkəslə bağlı razılığın ilk işi Suriyada müxalifətə humanitar yardımları artırmaq və bu yardımların onlara çatmasını təmin etməkdir:

“Daha sonra isə ölkədə vətəndaş müharibəsinin bitməsini təmin etməkdir. Biz bu istiqamətdə artıq razılıq əldə etmişik. Kiməsə bu iddialı görünə bilər. Ancaq hər kəs Suriyada sabitliyin bərqərar olmasında maraqlı olmalıdır. Suriyada artıq 5 ildir ki, vətəndaş müharibəsi gedir. İndi isə bu müharibənin dayandırılması üçün fürsət yaranıb. Qarşıdakı bir neçə gün ərzində bu istiqamətdə səmərəli addımlar atılmalıdır”.

Rejim geri addım atmır

Atəşkəsin elan olunmasına baxmayaraq, müxalifət rejim qarşısında geri çəkilmək fikrində deyil. Suriya Azadlıq Ordusunun yetkililəri Bəşər Əsədə olan təklifləri üzərində dayandıqlarını bildiriblər. Tələblərdən ən əsası budur ki, onların Suriya hökumətindən hava zərbələri və blokadaya son qoyulmasına dair tələbləri qüvvədədir. Mümkün atəşkəs məhbusların azadlığa buraxılması, çox zərər çəkmiş rayonlara yardım çatdırılması və İŞİD təhlükəsinin aradan qaldırılması ilə baş tuta bilər. Ali Müzakirələr Komitəsinin sözçüsü Səlim Müslət bildirib ki, onlar qadın və uşaqların həbsdən azad edilməsini, hava hücumlarına son qoyulmasını və çox zərər çəkmiş rayonlara yardım çatdırılmasını istəyirlər. Lakin Əsəd ordusu şərtlərin yerinə yetirilməsi üçün müxaliflərə heç bir imkan yaratmır: “Biz həmişə nikbinik, amma problem ondadır ki, biz Suriyada diktatura ilə üz-üzəyik. Həqiqətən də, əgər o, bu problemləri həll etməyə hazırdırsa, biz Suriyada o qətliamları, o cinayətləri görməməliydik, - deyə S.Müslət qeyd edib.

Kreml: “Hələ tezdir”

Rejim və müxalifət arasında əldə olunmuş atəşkəsə Rusiyanın da münasibəti birmənalı deyil. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Suriyada atəşkəsin əldə olunmasının hələ tez olduğunu bildirib. Peskov qeyd edib ki, Suriyada atəşkəs rejimi elan olunmazdan əvvəl terrorçu və müxalifət qruplaşmalarının dəqiq suyahısı tərtib edilməlidir: “Atəşkəs barədə çoxdan danışılır, lakin buna qədər bütün siyahılar tərtib olunmalıdır - kimin terrorçu, kimin müxalifətçi olması bilinməlidir”.

Peskovun açıqlamasının pərdəarxası

Peskovun açıqlaması birbaşa Rusiya rəhbərliyinin Suriyaya dair mövqeyidir. Bu, Suriya böhranın niyə həll edilmədiyinin və 5 illik müharibə fonunda niyə müxalitət və rejimin anlaşa bilməməsinin əsas səbəbidir. Rusiyanın Suriyada mövqelərini möhkəmlətmək cəhdləri və ABŞ-ın buna cavab olaraq, Əsəd rejiminə qarşı döyüşən qruplaşmaları dəstəkləməsi müharibəni uzadır. Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto qoymaq hüququna malik olması da proseslərə mənfi təsir edir. 2012-ci ildən bu günədən BMT TŞ-ın Suriyaya dair çıxarılmış bütün məsələlər Moskva tərəfindən bir qayda olaraq ləğv edilib. Rusiya bu baxımdan Suriya probleminin həll olunmasına mane olan yeganə güc mövqeyindədir. Rusiya israrlı formada Qərb və Türkiyənin Suriyada sülh planlarına müqavimət göstərir, bu siyasəti təsirsiz hala gətirir. Rusiyanın Suriyadan geri çəkilmək istəməməsinin və bununla sülhün yaradılmasının baltalamasının strateji mənaları var. Rusiyanın Suriyada (Tərtus) hərbi bazaya sahib olması bu ölkənin Aralıq və Qırmızı dəniz, Süveyş kanalı kimi beynəlxalq dəniz yolları və bölgələr üzərindəki təsirləri baxımdan geniş imkanlar təqdim edir. Əsəd rejimin devrilməsi Rusiyanın bölgədə yeganə for-postunu itirməsi demək olacaq. Kreml Bəşər Əsədi hakimiyyətdə saxlamaqla Yaxın Şərqdəki valığını qoruyur. Digər tərəfdən, Suriyadakı rejim Rusiya silahlarının əsas müştərisidir. Tərəflər arasında 10 milyon dollarlıq silah ticarəti müqaviləsi var. Bu Rusiyanın silah satışında 7%-lik pay deməkdir.

Şimali Qafqaz təhlükədə

Rusiyanı maraqlandıran digər məsələ post-Əsəd dövründə hakimiyyətə hansı gücün gələcəyidir. Əsəddən sonra hakimiyyətə gələcək radikal islamçılar Rusiya üçün böyük təhdid olacaq. Rejimdən sonra hakimiyyətə iddialı olan əsas qüvvələr də radikal İslam təşkilatlarıdır. Bu qruplar vaxtilə Tunis, Liviya, Misirdə hakimiyyətə gəliblər. Suriya milli koalisiyasının formalaşmasında əsas iddiaçılar yenə də “Müsəlman Qardaşları”, “Hizbut ət-Təhrir”, “əl-Qaidə”yə yaxın sələfi qruplar (“əl-Nüsra, İŞİD və s.) və digər dini təşkilatlardır. Suriyada hakimiyyətin dindarların ələ keçməsi vəziyyətində Moskva bunun bumeranq effektiykə Şimali Qafqaza təsir edəcəyini düşünür. Çünki Şimali Qafqaz özünü Suriyada hakimiyyətə gəlməyə iddialı olan sələfi güclərin əmirliyi elan edib.

Avropanın enerji bazarı uğrunda

Rusiyanın Suriya planların arxasında dayanan başqa bir məsələ Bəsrə körfəzindən Avropaya çəkilməsi planlaşdırılan qaz boru xəttidir. Yaxın Şərqin qaz ixracatçısı olan ölkələrinin (BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və s.) məqsədi Əsədin hakimiyyətdən getməsindən sonra Suriya üzərindən birbaşa Avropanın enerji bazarına çıxmaqdır. Qətər artıq bu məqsədlə Qərb dövlətlərindən iri həcmdə kreditlər alıb. Əgər plan baş tutsa, bu Rusiyanın Avropada oynadığı rolu azaldacaq və zaman içərisində əlindən alacaq. Buna görə, Rusiya Suriyada onun maraqlarını təmin edən hökumətin qurulmasında maraqlıdır. Rusiya digər yandan Suriyada dirəniş göstərməklə əzəli rəqibi ABŞ qarşısında güclü geosiyasi oyunçu olduğunu göstərməyə çalışır. Suriyadakı hərbi əməliyyatlar bu günədək Rusiyanın keçmiş Sovet məkanı xaricində geosiyasi oyunçu kimi ilk oyunudur. Kreml dirəniş göstərməklə ABŞ-la müqayisədə Yaxın Şərqdə güc tarazlığı yaradacağını düşünür. Bu nöqteyi-nəzərdən əzəli rəqiblərin (ABŞ və Rusiya) biri-birlərinə qarşı olan güzəştsizlikləri Suriyada uzunmüddətli atəşkəs rejimini baltalayır.

Mənsur





Həftənin ən çox oxunanları