Yuxarı

Türkiyə ordusu Suriyaya girir

Türkiyə ordusu Suriyaya girir

[caption id="attachment_416" align="alignleft" width="280"]Qabil Qabil Hüseynli: “Terrorçu Salih Niccara böyük bir dövlət lojistik dəstək verib”[/caption]

Fevralın 16-da Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yaxınlığında törədilmiş terror aktının arxasında hansı qüvvələrin dayanması ətrafında ciddi təhlillər aparılır. Regionda baş verən hərbi-siyasi qarşıdurmalar fonunda analitiklərin diqqəti Suriya cəbhəsinə yönəlib. Daha doğrusu, həm  Türkiyənin rəsmi hökumət dairələri, həm də müstəqil ekspertlər və media ilk növbədə, partlayışın kürd terrorçuları tərəfindən təşkil edilməsi ehtimalı üzərində dayanırlar.

İlk növbədə isə, bu qanlı cinayətdə Suriyadakı kürd terror təşkilatı olan PYD-nin silahlı qanadı YPG-nin adı çəkilir. Eyni zamanda, bu məsələdə hazırda Türkiyə ilə müharibə vəziyyətində olan Rusiyanın birbaşa olmasa da, dolayısı ilə əlinin olması ehtimalları müzakirə edilir. Türkiyə hökuməti isə konkret olaraq terror faktına görə, YPG-ni ittiham edib. Lakin PYD lideri Saleh Muslim bu iddaları təkzib edərək kürdlərin baş vermiş hadisə ilə əlaqəsinin olmadığını bildirib. Türkiyənin baş naziri Əhməd Davudoğlu isə Baş Qərərgahda verdiyi açıqlmada terrorun təşkilatçısının müəyyən edildiyini deyib. Həmin şəxsin 1992-ci ildə Suriyanın şimalındakı Amuda şəhərində anadan olmuş və milliyyətcə kürd olan Salih Niccar olduğu açıqlanıb. O, terror aktı törətmək məqsədilə qaçqınlarla birlikdə Suriya ərazisindən Türkiyəyə keçib. Terrorun təşkilində digər şübhəlilər də saxlanıb. İstanbul, Adana, Tekirdağ, İzmir,  Ankara və Diyarbəkrdə keçirilən əməliyyatlar zamanı 14 nəfər tutulub. Türkiyə hərbi hava qüvvələrinə məxsus F-16 qırıcıları Şimali İraqdakı  PKK  mövqelərinə aviazərbələr endirib.

Xatırladaq ki, terror nəticəsində ən azı 28 nəfər həlak olub, 61 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin və əlavə olaraq Almaniya və Hollandiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfirləri terror faktı ilə bağlı məlumatlandırılmaq üçün Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıblar. Xarici işlər nazirinin müavini Firudin Sınırlıoğlu səfirlərlə ayrılıqda təkbətək görüş keçirib.  Türkiyənin bu görüşləri keçirməkdə əsas məqsədinin Suriyaya özünü müdafiə məqsədilə hərbi müdaxilə etməyə hazırlaşdığı güman olunur. Siyasi təhlilçilərin fikrincə, prezident  Ərdoğan və baş nazir Davudoğlunun açıqlamalarında məşru, yəni qanuni özünümüdafiə hüququ mövzusunu gündəmə gətirməsi də bu plana xidmət edir. Bu hüquq BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapıb. Həmin maddədə hücuma məruz qalan dövlətin fərdi və kollektiv özünümüdafiə hüququ təsbit edilib. Özünümüdafiə hüququndan istifadə ölkə hüdudlarından kənarda da mümkün sayılır. PYD-yə qarşı hərbi müdaxilə böyük ehtimalla 51-ci maddə çərçivəsində əsaslandırılacaq.

Siyasi ekspertlərin fikrincə, partlayışın Türkiyə Silahlı Qüvvələri Baş Qəragahının qarşısında törədilməsi təsadüf deyil.  Bu hadisə Türkiyənin Suriya sərhədində apardığı hərbi əməliyyatlara görə,  edilmiş xəbərdarlıq mesajıdır. Məqsəd Türkiyəni tutduğu mövqedən çəkindirməkdir. Hazırda Türkiyənin Suriya istiqamətində döyüşdüyü qüvvələr PYD və Rusiya hərbçiləri olduğuna görə, əsas şübhələr də təhlükənin məhz bu  istiqamətdən gəlməsini deməyə əsas verir.

Politoloq Qabil Hüseynlinin fikrincə, baş vermiş terror hadisəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisində verilmiş birgə bəyanata HDP-nin qoşulmaması şübhələri bir daha kürd ekstremizmi amilinin üzərinə yönəldir: “Son dövrlər PYD ilə Rusiya arasında sıx əlaqələr qurulub, PYD-nin Moskvada təmsilçiliyi açılıb. Üstəlik, Rusiya PYD-ni silahlandırır, hava hücumları vasitəsilə hərbi dəstək verir. Bu onu göstərir ki, PYD həm Rusiya, həm də ABŞ-la yaxşı əlaqələr qurmağı bacarıb.  Ankarada baş vermiş terror aktının Baş Qərargahın yaxınlığında törədilməsi isə güclü, kollektiv bir təşkilatçılığın məhsulu olmalıdır. Salih Niccar sadəcə, icraçıdır, onun arxasında böyük bir dövlət dayanmalıdır ki, o bunu edə bilsin. Hesab edirəm ki, Salih Niccara hansısa dövlt lojistik dəstək verib və nəticədə bu terror baş tutub”.

Politoloq onu da bildirdi ki, PYD üzərində Rusiyanın təsiri daha güclü olduğu üçün təşkilatçının da Rusiya olması barədə rəylər inandırıcı görünür.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları