Yuxarı

Elçibəyin portretini kabinetindən çıxaran müxalifət: kimdir onlar?

Elçibəyin portretini kabinetindən çıxaran müxalifət: kimdir onlar?

uctI7Jt

Mənəvi deqradasiya, yoxsa siyasi dönüklük

Bu yaxınlarda Elçibəyçi, məşhur siyasətçilərdən birinin iş otağında diqqətimizi bir nüans çəkdi. Əvvəllər onun otağında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin, mərhum prezident, Azərbaycanda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin, Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün, siyasətçi Milliyətçi Hərəkət Partiyasının qurucusu və sədri Alparslan Türkeşin şəkilləri var idi. Otağının dizaynını dəyişdikdən sonra tarixi şəxsiyyətlərin heç birinin şəkili daha orada yox idi...

Bu, mənəvi aşınmadırmı, insanların milli ideyalardan uzaqlaşmasıdırmı, yoxsa liderə dönüklükdürmü?

“Cümhuriyət” qəzeti AXCP və Elçibəy şinelindən çıxmış partiyalar və təşkilatlar arasında sorğu keçirib. Partiya və təşkilatlarda milli öndərlərdən hansının şəkilləri var?

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də Əbülfəz Elçibəyin və Məhəmməd Əmin Rəsulzadənin portretləri var.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli:

- Partiyada kabinetlərdə Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” imzası ilə olan gənclik şəkli asılıb. Əksər otaqlarda da Əbülfəz Elçibəyin portreti var.

Şübhəsiz ki, söhbət mənfi fikirdən, liderinə xəyanətkar münasibətdən gedir. Bu, birinci növbədə həmin adamın keçdiyi yola hörmətsizlikdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bu gün əksər siyasətçiləri Milli Azadlıq Hərəkatından keçərək gəlib. Bu gün başımız üzərində dalğalanan üçrəngli milli bayraq da cümhuriyyət qurucularının vaxtında yaradılıb. Tarixə sayğı ilə yanaşmaq hər kəsin borcudur. Necə ki, Azərbaycan dövləti Azərbaycan tarixinin bütün dönəmlərinə sayğı ilə yanaşır. Bu baxımdan bu cür şəxsləri məhdud təfəkkürlü insanlar kimi qiymətləndirirəm. Ona görə də belələri heç vaxt siyasətdə uğura nail olmur. Çünki tarixə sayğı ilə yanaşmaqla yanaşı, həm də hesablaşmalısan. Əgər bir insan özünün keçdiyi yola sayğı ilə yanaşmağı bacarmırsa, o, ətrafındakı insanlara və bütövlükdə Azərbaycan cəmiyyətinə necə sayğı ilə yanaşa bilər?!

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa:

- Partiyada nə mənim otağımda, nə də digər otaqlarda heç kəsin şəkili yoxdur. Qərargahda ancaq təbiət rəsmləri asılıb. İdeologiyalı partiya olduğumuza görə heç bir şəkili daşımırıq. Partiyanın ümumi sənədlərində də bu, əks olunmayıb. Adlar yoxdur və hesab edirəm ki, adların olması da doğru deyil. Partiyalar şəxsiyyətlərə, adlara görə müəyyən olunmur.

Partiyalarda şəkil asanlara da normal yanaşıram. Hər kəsin öz seçimidir. Ümumiyyətlə fikirləşirəm ki, tarixi şəxsiyyətlərə şəkillə yox, ideyalarına və qalıcı dəyərlərinə görə qiymət verilməlidir.

Aydınlar Partiyasının (AP) sədri Qulamhüseyn Əlibəyli:

- Partiyanın ofisi olmadığına görə, heç kimin şəkli də yoxdur. Amma ofisimiz olarsa, onda orada iki şəkil nəzərdə tutulub. Rəsulzadə və Elçibəyin portretləri.

Şəkil asmaq hörmətin bir əlamətidir. Şəxs sonradan mövqeyini dəyişirsə, bu da onun hüququ kimi qiymətləndirilməlidir. Şəxs əgər bu gün bir siyasi mövqeydən çıxış edirsə, sabah bir başqa siyasi mövqedən çıxış edirsə, onu çox ciddi tənqid obyektinə çevirmək lazım deyil. İnsan hər şeydə olduğu kimi, siyasi münasibətlər çərçivəsində də azad olmalıdır.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə:

- Bizim partiyanın qərargahında bir çox şəkil var. Keçirilən görüşlər və onların arasında həm Azərbaycanda, həm də dünyada tanınmış şəxslərin də şəkli var. Bununla yanaşı, partiyada Azərbaycanın görkəmli rəssamlarının əsərləri yer alır. Biz istəyirik ki, partiyamız Azərbaycan mədəniyyətinə, tanınmış incəsənət xadimlərinin fəaliyyətinə daha çox diqqət olunsun. Çünki biz əminik ki, Azərbaycan xalqının ən böyük dəyəri onun özüdür.

Heç kəsə hansısa hərəkətinə görə qiymət vermək istəmirəm. Hər bir şəxsin öz məsuliyyəti var.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri,deputat Fərəc Quliyev:

- Biz Əbülfəz Elçibəy məktəbinin yetirmələriyik. Bizim partiyada Elçibəyin, Rəsulzadənin və bir çox adamların şəkilləri var. Biz kimisə məxsusi olaraq qabartmırıq. Dövlətə bağlı olan hər kəsin şəkilləri müəyyən otaqlarda var.

Şəkil asmaq hər kəsin şəxsi işidir. Mən şəxsən oturduğum otaqda heç kimin şəkilini asmamışam və asmaram. Bilmirəm başqaları bunu nə səbəbdən edir. Mənim kiminsə şəxsi işinə qarışmağım doğru olar?!

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu:

- Partiyanın qərargahında ən böyük şəkillər Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin portretləridir. Həmçinin Atatürkün, Cənubi Azərbaycan milli-azadlıq hərəkatının rəhbəri Səttərxanın, İran Azərbaycanında milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin portreti də var.

Hesab edirəm ki, bu fotolar ideologiyaya və həmin yola bir sayğıdır. Bu yolda illər boyu türk dünyası, demokratiya və Azərbaycan üçün yorulmadan mübarizə aparan şəxslər olub. Bu şəxslərin fotolarını asılması təbiidir və simvolikdir. Başqa məna axtarmaq düzgün deyil. Amma kimsə otağın təmirindən sonra hesab edirsə, bu fotolar orda olmasın, bu, onun şəxsi işidir. Ola bilsin ki, zamanında qəbul edib, otağın təmirindən sonra dəyişilib.

Partiyada iş otağımda Məhəmməd Əmin Rəsulzadənin heç bir siyasətçidə olmayan fotosunun divardan asmışam. Amma bunun təmirə nə aidiyyəti var? Əgər əvvəllər asılan fotolar götürülürsə, yəqin ki, düşüncələrində fərqlilik və deqradasiya olub. Bu gün fotodan, sabah başqa nədənsə imtina edər. Bu, şəxsin fərdi xüsusiyyətinə və baxışına aid olan məsələlərdir.

Müsavat Partiyasının təşkilat şöbəsinin sədri Zöhrab Məhərrəmli:

- Partiyanın qərargahında Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin və Atatürkün şəkilləri var. İstənilən tədbirlərdə əyani şəkildə bunu görmək olar.

Bir adama görə böyük nəticələr çıxarmaq düzgün deyil. Ola bilsin ki, zamanın tələbi ilə ayaqlaşmaq istəyir.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Vurğun Əyyub:

- Təmsil olunduğum təşkilatın ofisi yoxdur. Ümumiyyətlə, şəkil vurmağı çox sevmirik. Amma ofisimiz olsa, təbii ki, Məhəmməd Əmin Rəsulzadənin şəklini vurardıq.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı:

- Təşkilatda ictimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd Ağaoğlunun şəkli var.

Şəkillərə münasibətim mənfidir. Bəzi adamlar şəkilləri asmaqla özlərinə xal qazanmağa çalışırlar. Çox vaxt da onların mövqeyi səmimi olmur. Avropada da, Qərbdə də bunu qəbul etmirlər. Bu, sevgi əlaməti deyil. İstər hakimiyyətdə olanlar, istərsə də müxalifətdə olanlar olsun, bu, onların konyektura maraqlarından irəli gəlir. Bütövlükdə şəkil siyasətinə münasibətim mənfidir.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli:

- İş otağımda Əbülfəz Elçibəyin və Məhəmməd Əmin Rəsulzadənin şəkli var. Amma “Borçalı” Cəmiyyətində Mustafa Kamal Atatürkün, Əbülfəz Elçibəyin və Məhəmməd Əmin Rəsulzadənin şəkilləri var.

Hər kəsin öz düşüncəsi, öz yanaşması var. Rəhbərlik etdiyim təşkilatda müxtəlif ideoloji orentasiya və liderlərə simpatiyası olan insanlar cəmləşir. Onların azadlıqlarını və fikirlərini ifadə etməsinə hər hansı zor etmək imkanlarım yoxdur və bu cür yanaşmanı da yanlış hesab edirəm. Hər bir insanın və ideoloji partiyanın öz seçimi var. Kimin şəklini asmaq və yaxud götürmək, bu, onların öz işidir. Burda başqa mahiyyət axtarmaq istəmirəm.

Fikrimcə, siyasi düşüncələrimizi formalaşdıran, müstəqillik ideyalarını ortaya gətirən Məhəmməd Əmin Rəsulzadə, varisi olaraq əsrin sonunda milli hökuməti quran Əbülfəz Elçibəy, o cümlədən bütövlük məsələsini gündəmə gətirən Atatürk türk cümhuriyyətini bataqlıqdan çıxarıb cümhuriyyət edən bir şəxsiyyətdir. Bu insanlara ehtiramım təbiidir və özünü dərk edən hər bir insanın özündə bu sevgi, bu düşüncə hər zaman olmalıdır. Amma fərqli düşəncələrin olması da çox təbiidir.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları