Yuxarı

İqtisadi islahat olmasa, böhran dərinləşəcək

İqtisadi islahat olmasa, böhran dərinləşəcək

resad hesenov"Ölkənin neqativ reputasiyadan çıxması üçün uzun yol keçilməlidir"

2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev icra hakimiyyəti orqanlarına iqtisadiyyata sərmayələrin cəlb edilməsi üçün mühüm işlər tapşırmışdı. Burda da məqsəd yerlərdə sahibkarlığın inkişafı, xarici kapitalın  ölkəyə cəlb edilməsi və yeni iş yerlərinin açılmasından ibarət idi.

Danılmaz faktdır ki, Azərbaycana investisiya qoyulma misli çox aşağıdır. Beynəlxalq şirkətlər investisiya qurumlarına iqtisadiyyatın pis vəziyyətdə olduğunu əsas gətirərək çağırış etmişdi ki, Azərbaycana investisiya qoyulmasın. Bir sıra beynəlxalq agentliklər də iqtisadiyyatda Azərbaycana “zibil” səviyyəsi kateoqriyasını vermişdi. Ölkədə vəziyyət belə qiymətləndirildiyi bir vaxtda respublikaya nə qədər investisiya qoyula bilər? Prezidentin tapşırığından 2 ay vaxt keçir. İnvestisiyanın yatırılması baxımından ölkədə hansısa addımlar atılıbmı?

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu proses qısamüddətli deyil. O qeyd edib ki, hazırkı situasiyanın yaranması qısa zaman almayıb: “Uzun müddət ərzində Azərbaycanda icra strukturlarının davranışları, biznesə müdaxiləsi nəticəsində demək olar ki, iqtisadiyyata xarici investisiya axınının, hətta daxili investisiyanın potensialının imkanlarından istifadəni mümkünsüz vəziyyətə gətirib çıxarıb. Burda söhbət kənar müdaxilədən, inhisardan, mülkiyyət hüququnun toxunulmazlığından, azad məhkəmə sisteminin olmamasından gedir. Eyni zamanda da qanunvericilikdə də çatışmazlıqlar var idi ki, bu, bir çox hallarda dövlət strukturlarının biznesə real sektora müdaxiləsinə şərait yaradırdı. Bu baxımdan, hazırda Azərbaycana qeyri-neft sektoruna investisiya yatırmaq çox ciddi problemli məsələlərdən birinə çevrilib. Baxmayaraq ki, bu günə qədər bu istiqamətdə ciddi ehtiyac yox idi və istənilən maliyyə cəlbi istiqamətində hökumətin ortaya qoyduğu arqumentlərdən biri o idi ki, bizim pulumuz var. Artıq bu dövr başa çatır. Hesab edirəm ki, bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac yaranıb. Bu günə qədər Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici investisiyaların böyük bir qismi neft sektoruna yönəldilirdi. Çünki neft sektorunda qaydalar fərqli idi və burda hansısa formada müdaxilələr, mülkiyyət hüququnun pozulması çox çətin idi. Amma qeyri-neft sektorunda vəziyyət çox fərqli olduğu üçün bu sahəyə yönələn investisiyaların həcmi kifayət qədər aşağı idi. Əgər biz yerli və xarici investoru iqtisadiyyata vəsait yatırmasına cəlb etmək istəyiriksə, çox ciddi islahatlara ehtiyac var. O cümlədən ilk növbədə, hökumətin imicini dəyişmək lazımdır. Apardığımız müşahidələr və müzakirələr onu göstərir ki, əksər hallarda hazırkı icra strukturları və aidiyyəti qurumlar investorları inandırmaqda çətinlik çəkirlər ki, biz artıq dəyişmişik, əvvəlki yanaşmalardan uzaqlaşmışıq. Bu baxımdan hələlik bu, çox çətin olacaq. Bu proses ona görə uzunmüddətlidir ki, bu günə qədər bu istiqamətdə yaranmış mənfi imicin formalaşmasına 15-20 il lazım olmuşdusa, bunun aradan qaldırılmasına da 3-5 il bəzi hallarda 10 il inamlı və qurucu bir xətt nümayiş etdirilməlidir. Vətəndaş inandırılmalıdır ki, onun mülkiyyəti, vəsaiti toxunulmazdır və qanun çərçivəsində biznesin üçün heç bir risk və təhlükə yoxdur. Bu baş verməyəcəksə, çox çətin məsələdir. Xüsusilə də regionlarda icra nümayəndələrinin davranışları bu günə qədər digər dövlət qurumlarını birbaşa təsir imkanları bir çox hallarda bölgəni idarəedici adamlar və qurumlar tərəfindən inhisara alınması və ya burda subyektiv yanaşmaların nümayiş etdirilməsi kimi hallar çox ciddi yer almışdı. Bu gün bunun aradan qaldırılması ilə bağlı şübhələr qalmaqdadır. Qısa müddətə bu problemləri həll edib investisiya axınını təmin etmək istəyiriksə, çox ciddi struktur dəyişikliklərinə və islahatlarına ehtiyac var. Qısa müddətə məhkəmələrin müstəqilliyi təmin edilməlidir, icra strukturlarının səlahiyyətləri azaldılmalıdır, imkanlar daxilində bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Seçkili qurumların biznesdə münasibətləri genişləndirilməlidir, seçki prosesində şəffaflıq təmin edilməlidir. Bu kimi islahatlar həyata keçirilmədikcə, investisiya cəlbində problemlərlə üzləşəcəyik”.

“Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Bu ölkə iqtisadiyyatına sərmayələrin cəlb olunmasına mane olacaqmı” sualına Rəşad Həsənov belə cavab verir ki, bu, gözlənilən bir məsələ idi. Azərbaycanın kredit reytinq dərəcələri yüksək olduğu dövrdə reputasiyası mənfi oldu: “Bu gün reputasiyanı düzəltməyə çalışırıq, amma burda beynəlxalq kredit dərəcələndirmə qurumları tərəfindən ölkənin reytinqləri aşağı salınır. Bu, investisiya baxımından Azərbaycana problem yaradacaq. Xüsusilə, maliyyə-bank sektorunda hiss olunacaq. Çünki xarici kapital Azərbaycana əsasən neft sektoruna, müəyyən bir qisim də bank sektoruna gəldi. Məsələn, 2014-cü ildə ölkəyə 11.6 milyarda qədər xarici investisiya yatırılmışdı ki, bunun 6.7 milyardı neft sənayesinə, 1.9 milyardı isə maliyyə sektoruna yönəlmişdi.

Etibarlılıq baxımından müəyyən bir qismi də birgə müəssisələrin səviyyəsində cəlb olunmuş vəsaitlərdir ki, burda xarici investorlar birbaşa iştirakçı şəklində proseslərə nəzarət etmək istəyirdilər. Görünən odur ki, hazırda Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri məhz reputasiyanın düzəldilməsidir. Reputasiya həll edilərsə, Azərbaycanın istifadə edilməmiş iqtisadi imkanları bütün sektorları əhatə edir. Bu, o sahələrdir ki, orada investisiya potensialı, istehsal imkanları mümkündür. Əgər Azərbaycan qeyd edilən nöqsanları aradan qaldırarsa, beynəlxalq kredit dərəcələndirmə qurumlarının ölkəmiz barədə iddia etdiyi neqativ reputasiya yaxşıya doğru dəyişməyə başlayacaq”.

Y.Oqtayqızı





Həftənin ən çox oxunanları