Yuxarı

Suriyada yarımçıq atəşkəs

Suriyada yarımçıq atəşkəs

[caption id="attachment_385" align="alignleft" width="302"]Elxan Şahinoğlu Elxan Şahinoğlu: “Böyük dövlətlərin heç biri İŞİD-lə mübarizə aparmır”[/caption]

Rusiya, BMT Təhlükəsizlik Şurası və ABŞ-ın vasitəçiliyi ilə Suriya müxalifəti və Bəşər Əsəd rejimi arasında müvəqqəti atəşkəs elan olundu. Razılaşma ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında əldə edildi. Bundan əvvəl isə İstanbulda gizli görüş keçirən rejim və müxalifət nümayəndələri atəşkəsə dair razılaşma əldə etmişdilər.

Lakin sülh sazişinin imzalanmasına baxmayaraq, Suriyada savaş bitmək bilmir. Bu dəfə poliqonda müxalifət və rejim ordusu yox, İŞİD müharibə aparan əsas gücdür. ABŞ və Rusiya atəşkəsin elan olunmasında əsas tərəf kimi rejim və müxalifəti təqdim etsələr də, bu sənəddə İŞİD nəzərə alınmayıb. Görünən odur ki, elan olunmuş sülh İŞİD-in əlini gücləndirir.

“Onlar İŞİD-dən istifadə edirlər”

Suriya rejiminin başçısı Bəşər Əsəd də bundan əvvəl verdiyi açıqlamada elan olunacaq atəşkəsin İŞİD-i gücləndirəcəyi xəbərdarlığını etmişdi: “Bir sıra ölkələr İŞİD-in Suriya və İraqda güclənməsini istəmirlər. Lakin eyni zamanda İŞİD-i yox etmək niyyətində də deyillər. Bu terror təşkilatından digər ölkələri təhdid və şantaj etmək üçün istifadə etməyə çalışırlar”.

“Əvvəlcə terrorçular dayandırılmalıdır”

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov son açıqlamasında terror təhdidi başa çatmadan Suriyada sülhün olmayacağına diqqət çəkdi. Qatilov qeyd edib ki, BMT TŞ-ın Suriyada atəşkəsin elan olunmasına dair qəbul etdiyi sənəd Suriyada sabitliyin yaranması üçün əsas elementlərdən biridir: “Bu sənədi heç bir şərt olmadan tətbiq etmək lazımdır. Lakin Suriyada uzunmüddətli sülhə nail olmağın yolu, buradan terror təhdidini aradan götürməkdən keçir. Bunun üçün əvvəlcə həmin terror təşkilatlarının maliyyə qaynaqlarının bağlamaq lazımdır”.

Kreml və Ağ Evə görə, İŞİD

Rusiyadan fərqli olaraq, ABŞ Suriyada terror təhdidinin (İŞİD) aradan götürülməsi yolunun Əsədin hakimiyyətdən getməsindən keçdiyini bildirib. ABŞ prezidenti Barak Obamaya görə, Bəşər Əsəd hakimiyyətdən getmədikcə, İŞİD-i dayandırmaq mümkün olmayacaq. Rusiyanın qənaətinə görə isə, İŞİD-in sıradan çıxarılması Əsədin hakimiyyətdən getməsini tezləşdirəcək. Kremlin bu mövqeyi “İslam Dövləti”nin əlinə oynayır. ABŞ isə ilk növbədə, Əsədin hakimiyyətdən getməsini tələb edir. İŞİD Ağ Evin mövqeyinə görə, Əsədin sonunu yaxınlaşdıran və bu rejimə qarşı olan dövlətlərin Suriyada müharibəsində iştirakını təmin edən faktordur. Bu da İŞİD-i gücləndirir. Nəticə olaraq da, tərəflər arasında yaranmış fikir ayrılığı İŞİD-ə dair ortaq mübarizə sisteminin yaradılmasına əngəl olur. Yəni Suriyada sülh yolu ABŞ və Rusiya kimi qlobal güclərin öz maraqlarını kənara qoyaraq, “İslam Dövləti”nə qarşı ortaq mübarizəsindən keçir. Hazırkı vəziyyətdə belə bir anlaşma mümkünsüz görünür. İŞİD də tərəflərin maraqlarından, müxalifət və rejim arasında əldə olunmuş atəşkəsdən istifadə edərək, savaşı davam etdirir.

İŞİD-lə ortaq mübarizə mümkündür?

Politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə açıqlamasında İŞİD-in terrorçu qruplaşma olduğunu deyib və bildirib ki, özünə hörmət edən heç bir ölkə onunla atəşkəs sazişi imzalamaz və razılaşmaya getməz. E.Şahinoğlunun sözlərinə görə, əsas razılaşma müxalifət və rejim arasında əldə olunan anlaşmadır: “Nəticədə də İŞİD kimi terror təşkilatları bu razılaşmaların kənarında qalır. Böyük dövlətlərin razılaşması bundan ibarət oldu ki, Əsəd və müxalifət atəşkəsə riayət etsə, hamı diqqəti İŞİD-ə qarşı mübarizəyə yönəldə bilər. İŞİD əslində, bu gün təxribatla məşğuldur. Bilir ki, Suriyada atəşkəs var, bu rejimi pozmaq üçün də görünür ki, hər iki tərəfi hədəf alıb atəşkəsin başqaları tərəfindən pozulması görüntüsünü yaradır”.

Politoloq qeyd edib ki, Rusiya sözdə İŞİD-ə qarşı mübarizə apardığını deyir, ABŞ-da eyni iddia ilə çıxış edir: “Lakin Rusiya son zamanlarda İŞİD-dən çox, suriyalı müxaliflərin mövqelərini hədəfə alıb ki, Əsəd özünü gücləndirsin.

ABŞ da hava əməliyyatları ilə İŞİD-ə ağır itkilər verə bilmir. Faktiki olaraq, böyük dövlətlərin heç biri İŞİD-lə mübarizə aparmır. Əsas mübarizə Əsəd və müxalifət ətrafında cəmləşib. Düşünürəm ki, atəşkəs rejiminə uzun müddət böyük dövlətlər riayət etsələr, həmin ölkələr İŞİD-ə qarşı ortaq beynəlxalq koalisiya yaratmaq məcburiyyətində qalacaqlar”.

Mənsur





Həftənin ən çox oxunanları