Yuxarı

SSRİ-dəki alman əsirlərinin acı taleyi

SSRİ-dəki alman əsirlərinin acı taleyi

LVZCg7hMoskvadan əmr gəldi: “Güllələyin!”

SSRİ-nin dağılması ilə bir çox sirlər də üzə çıxdı. İmperiyanın “sir qapısı” adlandıranların söylədiklərinin bir çox təsdiqini tapdı. Sovetlər Birliyi dönəmində qapalı mövzulardan biri də müharibədən sonra bu ölkədəki alman əsirlərin yaşayışı idi. Alman əsirləri müharibə nəticəsində dağılmış şəhərlərin bərpasında işlədilir, düşərgələrdə yaşayır və hətta öz işlərinə görə əməkhaqqı da alırdılar. Müharibə başa çatdıqdan 10 il sonra alman əsirlər kütləvi şəkildə tikinti-bərpa işlərinə cəlb edilirdilər.

Cebhe.info “fishki”yə istinadən xəbər verir ki, SSRİ-dəki alman əsirləri barədə uzun illər danışmaq qadağan edilmişdi. Hamı bilirdi ki, onlar var, onlar əksəriyyəti gözünün qarşısında tikintilərdə işləyirdilər, hətta Moskva Dövlət Universitetinin binasını da alman əsirlər tikirdilər. Ancaq onlar barədə ucadan danışmaq qadağan edilmişdi, onlar varkən yox kimi idilər.

Alman əsirləri barədə danışmaq üçün ilk növbədə, hansısa statistika olmalıdır. Əsirlərin sayı barədə məlumatlar müxtəlifdir. Başqa sözlə desək, sovet və alman mənbələri əsirlərlə bağlı fərqli statistika verirlər. Sovet mənbələrində alman əsirlərin sayı  2 389 560, alman mənbələrində isə daha artıq - 3 486 000 nəfər göstərilir.

Çoxu alman olduğunu gizlədirdi

1 milyonluq bu fərq əsirlərin qeydiyyata alınmasındakı diqqətsizliklə əlaqələndirilir. Bunun bir səbəbi də alman əsirlərin bir çoxunun qəzəbdən qurtulmaq üçün öz milliyyətini danması, yəni alman olduqlarını gizlətməsi ilə ortaya çıxırdı. Bu proses 1955-ci ilə qədər davam etmisdi. Həmin vaxta qədər azı 200 min əsirlə bağlı sənədlərdə qüsurlar vardı.

Əsirlərin müharibə illərində və müharibədən sonrakı həyatında kəskin fərqlər vardı. Müharibə illərində alman əsirlərin saxlandığı düşərgədə çox ciddi rejim hökm sürürdü. Müharibə qanunları burda da işləyirdi və daha da sərt formada. Təbiidir, müharibə edən ölkə öz düşməninin əsirinə qarşı mehriban davrana bilməzdi. Amma hər halda nasistlərin əsir düşərgələrindəki yaratdığı dəhşət mühiti sovetlərin düşərgələrində təkrarlanmırdı. Burda əsirlərlə nisbətən daha yaxşı davranırdılar.

Bununla belə müharibə edən ölkədəki ümumi vəziyyət bu düşərgələrə hər yerdən daha tez təsir göstərirdi. İnsanlar acından ölür, hannibalizm halları qeydə alınırdı. Bu vəziyyətdən yaxa qurtara bilmək üçün əsirlər ciddi-cəhdlə özlərini “nasist millətinə” aid olmadığını sübut etməyə çalışırdı.

Almanlardan fərqli olaraq italyanlar, xorvatlar və rumınlar daha yaxşı münasibətlə qarşılaşırdılar. Onlara hətta mətbəxdə işləməyə də icazə verilirdi. Bu isə əsirlikdəki digər əsirlərlə, yəni almanlarla münaqişələrə səbəb olurdu. Almanlar əsasən yemək paylayanlara hücum edir və onları döyür, hətta öldürürdülər. Sovet əsirliyindəki almanların vəziyyəti nə qədər ağır olsa da, onu heç bir halda Almaniyanın əsir düşərgələrindəki vəziyyətlə müqayisə etmək olmazdı. Faşist əsirliyində əsirlərin 58 faizi öldüyü halda, SSRİ əsirliyindəki alman əsirlərin ölüm faizi cəmi 14,9 faiz idi.

Arxiv materialları göstərir ki, alman əsirlərinin gündəlik menyusunda hər şey o qədər də pis hesablanmamışdı. Bir alman əsirinə gündəlik 400 qram çörək verilirdi. 1943-cü ildən etibarən bu rəqəm 600-700 qrama çatdırıldı. Gündəlik menyuda 100 qram balıq, 500 qram kartof və tərəvəz, 20 qram qənd, 30 qram duz vardı. Generallar üçün ərzaq miqdarı bir qədər artıq olurdu. Yaralı və xəstə əsirlər üçün də bir qədər fərqli menyu nəzərdə tutulurdu. Əlbəttə ki, bunlar ancaq rəqəmlərdir. Faktlar isə başqa idi. Nadir hallarda menyu tam verilirdi.

Çatışmayan ərzaqları sadəcə, çörək əvəzləyirdi. Amma bu, əsirlərin bilərəkdən ac saxlanılması deyildi, ərzaq sadəcə olaraq, çatışmırdı. Sovet əsir düşərgələrində əsirlərə yemək çatdırılmırdısa, bu, sadəcə, yeməyin olmaması ilə bağlı idi. Hər hansı “aclıqla imtahana çəkmək” kimi işgəncə metodunun istifadəsi deyildi.

“Stalinqrad tikilib qurtarana qədərə...”

Düşərgələrdəki əksər əsirlər işləyirdilər. Molotov çıxışlarından birində belə bir ifadə işlətmişdi: “Stalinqrad tikilib başa çatmayınca bir alman əsiri belə ölkəsinə qaytarılmayacaq”.

25 avqust  1942-ci ildə imzalanan əmrlə əsirlərə işləri müqabilində maaş verilməsi qərara alındı. Sıravilərə 7 rubl, zabitlərə 10 rubl, polkovniklərə 15 rubl, generallara isə 30 rubl ödənilirdi. Yaxşı əməyə görə ayda 50 manat da ödəyə bilərdilər. Nə qədər qəribə olsa da, əsirlərə imkan verirdilər ki, onlar evlərindən pul və bağlama alsınlar, onların bu hüquqları tanınırdı və bir çox əsirlər bu hüquqdan istifadə edirdilər. Təbii ki, bu hal əsirlər arasında kütləvi yayılmamışdı. Bir çoxlarının ailələri onları sadəcə, tapa bilməyərək daha sonra unutmuşdular.

Alman əsirləri müharibədən sonra SSRİ-nin tikilməsində yaxından iştirak etdi. SSRİ-də yaşaya-yaşaya onlar yerli dili öyrənir, hətta işlə bağlı əksər xırdalıqlara yiyələnirdilər. Ancaq onlar üçün yad olan bir söz vardı- “xaltura”. Alman əsirlər bunun nə olduğunu anlaya bilmirdilər. Almanlar üçün iş nizamı dəyişməz idi. Məhz bu nizam-intizam hətta SSRİ dağıldıqdan sonra da alman izlərinin bu respublikalardan silinməməsinə səbəb oldu. Hələ indi də alman əsirlərinin tikdiyi bəzi binalara baxanda təəccüblənirsən. “Əlbəttə, axı bunu almanlar tikib”- bu söz həmin binalarla bağlı hər kəsin işlətdiyi ümumi fikirdir.

Maraqlıdır ki, 40-50-ci illərdə tikilən bir neçə mərtəbəlik bütün binalarda “alman izi”nin olduğu güman edilir. Amma bu belə deyil.  Başqa bir mif isə ondan ibarətdir ki, almanların tikdiyi binalar məhz alman arxitektorlarının layihəsi əsasında inşa olunub.  Halbuki şəhərlərin bərpası ilə bağlı baş plan, yaxud hansısa tikililərin layihəsi sovet arxitektorları tərəfindən hazırlanırdı. Bu sırada xüsusilə Şusev, Simbirsev, İofan və başqalarının adı çəkilirdi. Alman əsirlər isə hazır layihələr əsasında tikinti aparırdılar. Zaman-zaman qiyam qaldırır, etiraz edir, işləməkdən imtina edirdilər. Bu zaman da özlərinə qarşı mülayim münasibətə ümid edə bilməzdilər.

Minskda əsir qiyamı

Statistikaya görə, 1943- 1948-ci illərdə düşərgələrdən 11 403 hərbçi qaçmışdı. Onlardan 10 445 nəfəri saxlanaraq geri qaytarılmışdı. Qaçanların ancaq 3 fazini saxlamaq mümkün olmamışdı. Onlarn öz vətənlərinə, yaxud başqa ölkəyə getdiyini də dəqiqləşdirmək mümkün deyildi.

Əsir düşərgələrindəki ən böyük qiyam 1945-ci ilin yanvarında oldu. Minsk ətrafındakı düşərgədə saxlanan alman əsirlər yeməklərin keyfiyyətindən narazılıqlarını bildirdilər. Ancaq onlara heç kəs diqqət yetirmirdi. Belə olan halda almanlar qiyam qaldırdılar. Barakların qarşısında barrikada qurdular, mühafizəçiləri girov götürdülər.

Danışıqlar heç bir nəticə vermədi. Belə olan halda Moskvadan əmr gəldi: güllələyin! Baraka ağır artilleriyadan atəş açdılar. 100-dən çox insan öldü, qalanları təslim oldular.





Həftənin ən çox oxunanları