Yuxarı

İşsiz qalan bank mütəxəssisləri

İşsiz qalan bank mütəxəssisləri

[caption id="attachment_854" align="alignleft" width="325"]Natig Ceferli Natiq Cəfərli: “İxtisarlar getdikcə sürətlənəcək”[/caption]

Son devalvasiyadan sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsi ilə bağlı məlumatlar yayıldı.  Mərkəzi Bankın (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddət başa çatandan sonra bəzi banklar bağlandı. Belə ki, 2015-ci ilin yanvarın 1-dək  nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırılmayan bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcək. İndiyədək 6 bankın bağlanması və bir neçə iri bankın isə konsolidasiya olunması barədə məlumatlar yayılsa da, amma bu xəbəri təsdiq edən rəsmi məlumatlar demək olar ki, azdır.

Mərkəzi Bankının İdarə Heyəti 2016-cı il fevralın 1-də məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə, “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edildiyi rəsmiləşdi. Məlumat üçün bildirək ki, “Unibank”, “Amrahbank”, “AGBank, “DemirBank”, “Gəncəbank” və “MuganBank” bağlanması gözlənilən banklar sırasında idi.

Müşahidə olunan digər məqam ondan ibarət idi ki, bəzi banklar bağlanmasa da,  öz filiallarını bağladı. Bu zaman da bank sektorunda işsizlər ordusu yarandı. Məlumatlara görə, işdən çıxarılan bank işçilərinə əmək haqları ödənilməyib.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank bir həftə ərzində bir neçə bankın lisenziyasının alınması məlumatını yayarkən bunun psixoloji təsirlərini hesablamamışdı: “Bu məlumat insanlar arasında ciddi psixoloji gərginlik yaratdı. İnsanlar depozitlərini hətta adı bağlanma ehtimalı olan bankların siyahısında olmayan banklardan sürətlə geri çəkməyə başladılar. Bu ehtimalla ki, gələcəkdə bir çox bankların bağlanması gündəmə gələ bilər. Hətta bir çox banklar depozitləri verə bilmirdi. İnsanlar öz pullarını hissə-hissə hər gün banka getməklə müəyyən dərəcədə geri almağa nail olurdular. Bəzən də bu müddət uzadılırdı. Mərkəzi Bank anladı ki, bu cür yanaşma ilə ağır durumda olan bank sektoru daha da çökəcək. Daha pozitiv mesajlar verməyə başladı, hətta hər gün ard-arda informasiyalar gedirdi ki, əmanətlərin sığortalanmış hissəsi normal şəkildə qaytarılır, heç bir problem yoxdur. Buna görə də həm Mərkəzi Bank, həm də hökumət prosesi bir az ləngitməli oldu. Neqativ informasiyanın qarşısını almağa çalışdı. Amma problemi inkar etməklə, informasiyanı saxlamaqla yaranan böhranı həll etmək mümkün deyil. Problemli banklar yerində qalır və vəziyyətləri çox gərgindir. Çünki son 1 ildə geri qayıtmayan kreditlərin həcmi iki dəfə artıb. Banklar məcburən kreditləşməni sərtləşdirib. Bütün bankların gəlirləri xeyli dərəcədə aşağı düşüb”.

Natiq Cəfərlinin qənaətinə görə, bank sektorunda birləşdirmə və bağlanma bir müddət sonra yenidən gündəmə gələcək: “Ölkədə bir çox bankların bağlanması və yaxud da konsolidasiyası qacınılmaz olacaq. Hətta ölkədə 15-20 civarında bankın qalması gözlənilir. Son bağlanmalardan sonra bankların sayı 40-dan 38-ə düşüb. Əslində, bu, çox normal prosesdir. Açıq və şəffaf ölkələrdə bankların konsolidasiyası iqtisadiyyatda canlanmaya səbəb olur. Sadəcə, Azərbaycanda milli valyutaya və bank sisteminə güvən çox azdır. Buna görə də bu tip xəbərlər ajiotaja səbəb olur və insanlar arasında çaşqınlıqlar yaradır. Mərkəzi Bankın neqativ informasiyanın yayılmasının qarşısını almağa çalışması normal hal deyil. Məlumatlar nə qədər dəqiq, şəffaf və aydınlaşdırıcı xəbərlər olsa, bir o qədər normal müzakirə ortamı olar. Hökumət qıt tutumlu məlumatı yaydıqca, ajiotajın və şayiələr artmasına səbəb olur. Mərkəzi Bank bu cür yanaşmadan əl çəkməlidir. Televiziyalarda çox şəffaf şəkildə diskussiyalar olmalıdır. Vətəndaşların depozitlərini geri çəkməsi ağır durumda olan bank sisteminin çökməsinə səbəb olur”.

Bank sektorunda işsizlərə gəlincə, iqtisadçı bildirib ki, rəsmi rəqəmlərə görə, bu sektorda təqribən 12 minə yaxın insan çalışır: “Proses “Beynəlxalq Bank”la başladı. Belə ki, təqribən 25-30 faiz ixtisarlar getdi. Bir çox banklar da xərclərini azaltmaq üçün əsasən regionlarda filiallarını bağlamağa üstünlük verdilər. Bu da bütün bank sektorunda ciddi işsizliyin yaranmasına səbəb oldu. Təəssüf ki, bu proses getdikcə sürətlənəcək. Banklar öz xərclərini optimallaşdırdıqca asan yollardan biri filialların bağlanması, binalara çəkilən xərclərin azaldılması, işçilərin ixtisar olunmasıdır. İlkin hesablamalar və gözləntilər onu göstərir ki, bu sahədə 35-40 faiz ixtisarların olması qaçınılmazdır. Gələcəkdə bankların birləşməsi sürətlənərsə, bu sektorda işsizliyin artması 50 faizdən də yuxarı ola bilər. Problemin həlli yollarından biri xarici bankların ölkəyə girişinin sərbəst buraxılmasıdır. Rəqabətli mühit üçün bu, çox vacibdir. Xarici bankaları ölkəyə cəlb etmək artıq problemə çevrilib. Çünki ölkənin reytinqi sürətlə aşağı düşür. Üç beynəlxalq nüfuzlu reytinq agentliyi Azərbaycanın reytinqini hər dəfə aşağı salır. Bu da xarici kapitalın ölkəyə cəlb olunmasını zəiflədir. Amma hər halda təşviq proqramları ilə xarici bankları ölkəyə cəlb etmək mümkün olacaqsa, təbii ki, onlar özlərinə bank sektorunda çalışmış təcrübəli işçiləri axtaracaqlar. Bu da bank sektorunda yaranmış işsizlik ordusunun təcrübəli və bilikli işçilərin bir hissəsini işlə təmin olunmasına səbəb ola bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları