Yuxarı

Azərbaycana qarşı gizli plan

Azərbaycana qarşı gizli plan

Etnik separatizmi kimlər qızışdırır?

[caption id="attachment_2025" align="alignleft" width="250"]azerhesret Azər Həsrət: “Onlar əhali arasında çaxnaşma yaratmaq istəyir”[/caption]

zelimxan memmedli

Zəlimxan Məmmədli: “Dövlətimiz üçün ciddi təhdidlər var”

Sosial şəbəkələrdə və İranın bir sıra internet portallarında Azərbaycanda etnik separatizm məsələsi yenidən gündəmə gəlib. İranın informasiya mənbələrinin ölkəmizdə separatizmi qızışdırmağa yönəlik proqramlar hazırladığı bəllidir. Son günlərdə isə “Facebook” və “Youtube” kimi sosial şəbəkə saytlarında yayımlanan video-görüntülərdə “Azərbaycanda talışların hüquqlarının pozulması” məsələsi yenidən qızışıb. Bu, məsələnin yenidən gündəmə daşınmasının ideya-müəllifinin İran olması da müzakirə mövzusudur.

“Səhər”in təxribatı

İranın dövlət televiziyası “Səhər”in rəsmi internet saytının bu ilin yanvarın 31-də işğal altında Şuşada fəaliyyət göstərən “Talışıstanın səsi” radiosuna istinadla verdiyi məlumatda bununla bağlı informasiya yer alır: “Səhər” telekanalı Azərbaycanda etnik separatizmin qızışdırılmasında müstəsna rolu var. 2016-cı ilin 31 dekabrında kanalın rəsmi saytında “Rusiyada Talışların Diasporasının rəhbəri naməlum şəxslərin Lənkəranda atasının mənzilinə hücum olunduğunu bildirib” başlıqlı xəbərdə deyilir:

“Səhərin talışdilli radioya (“Talışıstanın səsi”) istinadla verdiyi məlumata görə, İsmayıl Şabanov deyib ki, naməlum şəxslər şənbə gecə düşmənçilik xarakterli hərəkətdə Lənkəranın Havzəvoy kəndində atasının mənzilinə hücum edib və onu ağır yaralayıblar. Rusiya Federasiyası Prezident Adminstrasiyası Milli Şurasının üzvü rəsmi Bakını sərt tənqid edərək və insan haqları qurumlarında məsələnin izlənilməsini vurğulayaraq deyib ki, bu hadisə Azərbaycan Respublikası talışlarının hüquqlarını himayə üzrə fəaliyyətlərinə cavab idi. Lakin addım atdığı yolda geri çəkilməyəcək. Bu ilk dəfə deyil ki, Azərbaycan Respublikası hökuməti bu ölkə talışlarına qarşı düşmənçilik siyasəti, eləcə də talış ziyalıları və insan haqları fəallarına təzyiq istiqamətində onların yaxınlarını qorxutmaq vasitəsindən istifadə edir”.

Açıq formada rejimə bağlı olan kanal Azərbaycanda “talışların hüquqlarının pozulduğu və hətta onlara muxtariyyətin verilməsinin labüdlüyü” barədə cəfəng iddialar irəli sürür. “Səhər”lə yanaşı, İranın “TV İran Aryaee” adlı telekanalı da zaman-zaman “Talışlar Bakının şovinist rejiminin təsiri altındadırlar” adlı proqramlar yayımlayır. Mənbələr həyasızca, talışların Azərbaycanda “soyqırım”a məruz qaldıqlarını deyirlər.

Azərbaycan Respublikasının Talış Mədəniyyət Mərkəzinin Lənkəran bölməsinin AŞPA-ya “Azərbaycanda talışların hüquqlarının pozulması” ilə bağlı müraciətini də ilk olaraq İranın “Səhər” telekanalı yayımlamışdı. Bununla bağlı hazırlanan proqramda mənbə “talışların hüquqlarının pozulduğunu” deyirdi.

Pol Qobl: “Rusiya və İran Azərbaycanda etnik separatizmi qızışdıracaq”

2014-cü ildə ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl Rusiya və İranın Azərbaycanda etnik separatizmi qızışdıracaqlarını bildirmişdi. Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərindən danışan Pol Qobl dedi ki, Rusiya Minsk Qrupu formatını zəiflətməyə çalışır: “Rusiyanın münaqişə təcrübəsi var. Münaqişəni yaradır və özü də həll edir. Lazım gələrsə, müharibə törədir. Ümid edirəm ki, Azərbaycan və Ermənistan buna getməyəcək. Hərbi gücün tətbiqi gələcəkdə digər təhlükələrə də yol aça bilər. Proseslər bu istiqamətdə inkişaf edərsə, münaqişəyə Rusiya ilə yanaşı, İran da cəlb ediləcək. Yəni müharibə olarsa, Rusiya və İran Azərbaycanda etnik separatizmi qızışdıracaq. Fikrimcə, tərəflər bunları nəzərə alaraq müharibəyə getməyəcək”.

İran ermənilərdən necə “talış düzəltdi?

İran Azərbaycanda etnik separatizmin güclənməsində maraqlıdır. Molla rejimi bunu Güney Azərbaycanda davam edən Milli Azadlıq Hərəkatına Azərbaycandan dəstək verilməməsi üçün istəyir. Rejim hesab edir ki, Güneydə başlayan Milli Oyanış Azərbaycanın birləşməsi ilə nəticələnə bilər. Yəni İran hakimiyyəti gözlənilən təhlükələrdən yayınmaq üçün Azərbaycana qarşı etnik separatizm dalğasını qızışdırmaqda maraqlıdır. Bu nöqteyi-nəzərdən İranda fəaliyyət göstərən “Səhər” TV və “Mehr” İnfomasiya Agentliyi kimi informasiya mənbələri zaman-zaman “Azərbaycanda etnik problem” məsələsini gündəmə gətirirlər. Molla rejimindən bu kimi mənbələrə maliyyə və ideoloji dəstək var. Hələ iki il əvvəl deyilirdi ki, rejim Azərbaycanın coğrafi və etnik mənzərəsini diqqətdə saxlayaraq “Ləzgistan”, “Talışıstan”, “Avarıstan” və “Artsax” (Dağlıq Qarabağ) hərəkatının konsolidasiya olunması istiqamətində fəaliyyət göstərən bütün ictimai qurumlara maliyyə dəstəyi göstərir. Molla rejiminə xidmət edən bu mənbələrin son zamanlarda diqqət çəkdikləri əsas məsələ “Talışıstan”la bağlıdır.

Dirildilməyə çalışılan ideya

2013-cü ildə işğal altında olan Şuşa şəhərində ermənilərin açdıqları “Talışıstanın səsi” radiosunun İran tərəfindən maliyyələşdirilməsi yönündə olan iddialar da çoxmənalıdır. Hələ radio yenicə fəaliyyətə başlayanda bildirilirdi ki, mənbə talış dilində xəbərlər və digər ictimai-siyasi yüklü məlumatları yayımlayır: “Radionun aparıcılarının diksiyasından aydın olur ki, efirdə yayımlanan xəbərlərin oxunması üçün İranda yaşayan talışlardan istfadə olunub”. O gün də, bu gün də “İran ermənilərdən necə talış düzəltdi” ibarəsilə müzakirə olunur. Yəni İran rejimi açıq formada ermənilərdən və farslardan düzəltdiyi “talışlar vasitəsilə” Azərbaycanda “talışlara yönəlik irqçi təzyiqləri” gündəmə gətirir. Bu Azərbaycanın talışlar yaşayan bölgəsində separatizmi qızışdırmaq və bu yolla “Talışıstan” ideyasını yenidən diriltmək cəhdidir. Təbii ki, indiki məqamda bölgənin məhz İranın təsir dairəsində “müstəqilliyindən” söhbət gedir.

Radio fəaliyyətə başladıqdan və talış məsələsi gündəmdə qızışdıqdan sonra “Facebook” kimi sosial şəbəkələrdə ölkədə etnik separatizmi qızışdırmağa yönəlik təxribatçı səhifələr, qruplar (“Toliş Xalqı Rəhbəron”, “Bədələan/Masallı/Talışıstan”, “Talışıstanın səsi”, “Tolışi sədo” və s.) fəaliyyətə başladılar.

Təsadüf deyildi ki, “talış radiosu” ilk müsahibəni də separatçı lider Əlikram Hümbətovdan götürdü. O, müsahibədə “talışları düşündükləri” üçün ermənilərə təşəkkür etdi. Radio istinadən bu müsahibə İranın dövlət radiosu da yayımladı. Yəni bütövlükdə bu cəhdlər Azərbaycanda etnik separatizmi qızışdırmağa, bu yolla Azərbaycanı parçalamağa xidmət edir.

“Rusiya və İran Azərbaycanda çaxnaşma yaratmaq istəyir”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) başqanı, türkoloq Azər Həsrət “Cümhuriyət”ə bildirib ki, Rusiya və İran bu məsələdə həmahəngdir. A.Həsrət hesab edir ki, xüsusilə etnik məsələdə talışların adlarının vurğulanması İrandan qaynaqlanır: “Ümumilikdə bu, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən idarəolunan hərəkatdır. Moskvada və Rusiyanın ayrı-ayrı şəhərlərində özünü talış etnosunun “təmsilçisi” kimi təqdim edən bəzi şəxslər var. Həmin şəxslər birbaşa Rusiyanın xüsusi xidmət orqanlarına bağlıdırlar. Bu adamlar zaman-zaman Azərbaycanla bağlı separatçı açıqlamalarla çıxış edirlər. Həmin açıqlamalar da İranda dərhal dəstək görür.

İranın özündə də həmin o bölücüləri dəstəkləyən qruplar və dairələr var. Bunlar da birmənalı olaraq, bu aksiyalarda iştirak edirlər. Bunlar Azərbaycanda sabitliyi pozmaq, bütövlükdə Azərbaycan dövlətinin başını lazım olmayan məsələlərlə qatmaq, ölkə içində əhali arasında çaxnaşma yaratmaq, xüsusilə etnik zəmində insanları qarşıdurmaya sövq etmək və Azərbaycanın multikulturalizm, tolerantlıq siyasətini gözdən salmaq məqsədi güdür. Azərbaycan xalqı və bu xalqın tərkib hissəsi olan talışlar bu təxribatlara getməyib, getməyəcək”.

“SADVAL” məsələsi aktivləşə bilər”

“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”ə bildirib ki, İran həmişə Azərbaycan dövləti və türk birliyini parçalamağa çalışır, bu yolda əlindən gələni edir. Z.Məmmədliyə görə, Rusiya və İranın bölgədə strateji maraqları uzlaşan planları var: “Azərbaycanda yaranmış sosial gərginlik, idarəetmədə buraxılan ciddi xətalar və ölkəiçi ictimai-siyasi mühitin normal olmaması Rusiya və İranın bölgəyə dair planlarını reallaşdırmaq üçün münbit şərait yaradır. Bunlar az enerji ilə daha çox mənfəət əldə etmək istəyirlər. Etnik separatizmi qızışdırmaq Rusiya və İranın birgə hazırladığı gizli plandır. Çünki Azərbaycan dövlət olaraq, strateji seçimini etməyib. Amma Gürcüstan və Ukrayna modeli sübut etdi ki, ortaya iddia qoyan, strateji seçimini düzgün edən dövlət ağır şərtlər altında olsa da, demokratiyaya inteqrasiya edə bilir. Rusiya və İranın Azərbaycanda maraqlarının təmin olunması üçün kifayət qədər münbit şərait var.

Bunların hər ikisinin dövlətimizə qarşı olan silahı məzhəb və etnik ayrı-seçkiliyidir. Rusiya etnik separatizmin banilərindən biridir. Gürcüstan, Azərbaycan, Moldova və Ukraynada bu müstəvidə baş verənlərin hamısı Rusiyadan qaynaqlanırdı. İndiki məqamda da talış məsələsini qabarda bilərlər. Təbii ki, bunun Azərbacanda yaşayan talış xalqına aidiyyatı yoxdur. Bu Kremldə hazırlanan siyasi oyundur. Bundan sonra “SADVAL” məsələsinin aktivləşməsi ehtimalı da var. Dövlətimiz üçün ciddi təhdid var. Azərbaycan Rusiya və İranın təsir dairəsinə düşməməsi üçün seçimini etməlidir.

Əks halda bu Azərbaycanın milli dövlətçiliyinin tənəzzülü ola bilər. Azərbaycan demokratiyaya inteqrasiya xəttini açıq formada bəyan etməlidir. Bundan sonra biz belə məsələlər olsa belə, güclü dünyanın dəstəyini qazana bilərik”.

Mənsur





Həftənin ən çox oxunanları